Rus sülhməramlıları vaxtından öncə Qarabağı tərk edəcək? - ŞƏRH

SİYASƏT
15:54 / 18.07.2023
734

"Əlbəttə ki, Rusiyanın "sülhməramlı kontingenti" 2025-ci ilin sonunda bölgəni tərk etməlidir. Bunun alternativi yoxdur".

Bu sözləri HİT.az-a açıqlama verən politoloq Rusif Məmmədsoy deyib.

Ekspert bildirib ki, onların adı sülhməramlı olsa da, sülhə dair heç bir addım atmayıblar:

"Biz bunu açıq şəkildə görə bilirik. Əlbəttə ki, həm Azərbaycan, həm də Türkiyə rəhbərliyi bunu çox yaxşı bilir. Ona görə də, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən rus sülhməramlılarının 2025-ci ildə Qarabağı tərk edəcəyi ilə bağlı mesajlar verməsi təsadüfi hal hesab olunmamalıdır. Xüsusilə də Türkiyə və Rusiya arasındakı əməkdaşlığın müəyyən mənada zədələnməsi və "Taxıl sazişi"nin bitdiyini nəzərə almaq lazımdır. Bütün bu hadisələr Türkiyə ilə Rusiyanın münasibətilərində müəyyən çatlar yarandığını göstərir. Hansı ki, bunlar da gözlənilən idi. Hər bir halda bu iki ölkənin əməkdaşlığı strateji xarakter daşıyırdı. Çünki biri NATO-nun ikinci ən güclü ölkəsi, digəri isə bu gün NATO-ya qarşı vuruşan bir ölkədir".

330176

Politoloq vurğulayıb ki, hətta Ukrayna müharibəsinin nəticəsindən asılı olaraq Rusiya sülhməramlılarını 2025-ci ildən də erkən Qarabağdan çıxarmaq olar:

"Rusiya tərəfi bildirir ki, Ermənistanın Qarabağı Azərbaycan torpağı kimi tanıması 10 noyabr Bəyanatını yenidən şəkilləndirməyə imkan verir. Əslində Azərbaycan tərəfi də bundan yola çıxaraq, bu tezisi bir qədər də irəlilətməli və inkişaf etdirməlidir. Orada olan maddələr var ki, artıq onları da birmənalı şəkildə konkretləşdirməliyik. Məsələn, 10 noyabr Bəyanatında göstərilib ki, müddətin bitməsinə 6 ay qalmış iki tərəfdən biri sülhməramlılarının çıxmasını tələb edə bilər. Azərbaycan ev sahibi olaraq bunu daha da konkretləşdirə və buna yekun nöqtəni qoya bilər. Azərbaycan etiraz edəcəyi təqdirdə, sülhməramlılarının bölgəni tərk etməsini şərt kimi irəli sürə bilər. Ümumiyyətlə, sülhməramlıların bölgədən çıxarılması labüd və vacibdir".

Pərviz

0