Ermənistan hökuməti dünən 400 ton “humanitar yardım”ın Qarabağa çatdırılması qərarını qəbul edib, bu gün yüklənmiş TIR-lar yola çıxıb, Laçın postuna doğru hərəkət edirlər.
Bu, Azərbaycanla razılaşdırılmayıb, rəsmi Bakının Qarabağdakı erməni əhalisinin təminatının Ağdam yolundan həyata keçirilməsi təklifi dəyişməz olaraq qalır.
Laçın postundan keçə bilməyəcəklərini Ermənistan da bilir, buna baxmayaraq, yük maşınlarını Laçın postuna göndərmələri “Azərbaycan humanitar yardımların keçidinə imkan vermir” rəyini yaratmağa hesablanıb.
Dövlət Sərhəd Xidməti bu təxribatın hazırlandığına dair dünən məlumat yaymışdı. Bu TIR-ları günlərlə sərhəddə saxlayacaq və bunun ətrafında kampaniya aparacaqlar. İstisna deyil ki, Qarabağdakı separatçılar da “mülki ermənilərin” Laçın postuna doğru yürüşünü təşkil edəcək.
Azərbaycan bu “humanitar yardım” şousuna ərzaq və digər ləvazimatların yükləndiyi TIR-ları Ağdam yoluna toplamaqla cavab verə bilər. Həmçinin, Ağdam yolunda humanitar yardım mərkəzləri qurula, erməni əhalisinə “istədiyinizi buradan əldə edə bilərsiniz” çağırışları edilə bilər.
Asif Nərimanlı