Sabiq təhsil naziri, Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanov Qaynarinfo-ya müsahibə verib
- Misir müəllim, Prezident İlham Əliyev "Euronews” telekanalı vasitəsilə Qarabağ ermənilərinə müraciət etdi və onların təhlükəsizliyinə zəmanət verdi. Müraciəti necə şərh edirsiniz?
- Cənab Prezident bu fikiri ilk dəfə deyil ki, səsləndirir. O, hər zaman Qarabağda yaşayan ermənilərə müraciət edərək, onları sülhə, bərabərliyə, Azərbaycanın tərkib hissəsində xoş və firavan yaşamağa dəvət edib. Mən də bir Azərbaycan vətəndaşı olaraq, deyirəm ki, əgər orada yaşayan ermənilər özlərini Azərbaycan vətəndaşı kimi aparsalar, ölkəmizin Konstitusiyasına əməl etsələr, vətənimizdə onalrın yaşaması üçün hər cür şərait yaradılacaq. Əlbəttə, bizim vətəndaşlarımızın qohum-əqrabalarının qanı tökülüb. Ermənilər tərəfindən vətəndaşlarımız soyqırıma məruz qalıb, milyonlarla insanımız məcburi köçkün düşüb. İnsanlarımızın ermənilərlə birgə yaşamağı qəbul etməsi asan olmayacaq. Amma başqa yolumuz da yoxdur. Gələcəkdə insanlarımız daha xoşbəxt və firavan yaşamaları üçün müharibələrə, münaqişələrə son verilməlidir. Buna görə Cənab Prezidentin müəyyən etdiyi yol ən düzgün və ağıllı yoldur.
Ermənilərin ağılları olsa, cənab Prezidentin son çağırışına da müsbət reaksiya verərlər. Qarabağ erməniləri millətçiliyi təbliğ edənlərin girovluğundan qurtulub, Azərbaycan vətəndaşı kimi yaşaya bilərlər. Onlara belə bir şans verilib. Sülh illərində ermənilər Qarabağda firavan yaşayırdılar. İndi də belə yaşamaq istəsələr, yaşaya bilərlər, amma qanunlarımızı tanımalıdırlar. Şübhəsiz ki, bu ağrılı prosesdir. Ermənilər tərəfindən qətlə yetirilən azərbaycanlılar üçün o qədər asan olmayacaq. Ermənilər tərəfindən minlərlə soydaşımızın qanı tökülüb. Başa düşürəm, çox çətin olacaq. Amma biz gələcəyə baxmalıyıq. Mənim nənəm, babam danışırdı ki, ermənilər tərəfindən bir neçə dəfə vətəndaşlarımıza qarşı təxribat və soyqırım törədilib. Sonradan barışıq əldə olunub və bu millətlər yanaşı yaşayıblar.
- Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan və bir neçə gün əvvəl Laçın sərhəd-keçid məntəqəsində saxlanılan Vaqif Xaçatryan saxlanıldı. Bu məsələyə münasibətiniz necədir?
- Bu, Azərbaycan xalqının növbəti tarixi qələbəsidir. Çünki əli Azərbaycan xalqının qanına bulaşmış bir terrorçunun 30 ilə yaxın bir dövrdə cəzasız qalması insanlarımızı incidirdi. Vaqif Xaçatryan kimi onlarla belə qatil var. Onlar da tez-gec öz cəzalarını alacaqlar. Bu, qaçılmazdır. Bu, tarixi ədalətdir. Biz heç zaman ermənilərin tayı olmamışıq və olmaq da fikrində deyilik. Biz onlardan fərqli olaraq həmin şərəfsizlərin hər birini ədalət məhkəməsinə çağırmalı, bu yola dəvət etməliyik. Necə ki, illərdir ki, bunu edirdik. Məhkəmənin çıxardığı qərara əməl edilməlidir. Biz ermənilərdən fərqli olaraq nə kiminsə gözünü çıxartmırıq, nə başını kəsirik. Prezident İlham Əliyev də bunu dəfələrlə deyib ki, biz heç bir halda qanunsuz addımlar atmayacayıq. Ədalət məhkəməsi hansı qərarı verəcəksə, biz həmin qərarı qəbul edib, ona əməl etməliyik.
-Yeri gəlmişkən, Qərbi Azərbaycanlıların Göyçə-Zəngəzur mahalına qayıtmaq imkanları nə qədər realdır?
-1946-cı il oktyabrın 3-də Göyçə-Zəngəzurun mahalının Göyərçin kəndində ziyalı ailəsində anadan olmuşam. Babalarımın qəbri oradadır. Mən 2000-ci ildə öz ata-baba yurduma getmişəm. Bu yaşımda yenə də Göyərçin kəndi üçün burnumun ucu göynəyir. İnşallah, cənab Prezidentin dediyi kimi, biz israrla tələb edirik və tələbimizə nail olacağıq ki, oradan zorla köçürülmüş vətəndaşlarımız yenidən öz doğma torpaqlarına qayıtsınlar. İnanırıq ki, Ermənistan höküməti buna nə vaxtsa şərait yaratmağa vadar olacaq. Beynəlxalq hüquq normalarına uyğun olaraq, zorla köçürülmüş vətəndaşlarımız öz yurdlarına qayıda biləcək. İşğaldan azad olunan Qarabağa vətəndaşlarımız qayıdır, buna xalqımız çox sevinir, biz də öz torpaqlarımıza qayıdacağımız günü gözləyirik. Bu gün gələcək. Ola bilər ki, həmin günü görmək mənə qismən olmasın, amma inanıram ki, bu, mütləq baş verəcək. Mən və ailəm məmuniyyətlə gedənlərə qoşulub öz doğma Zəngəzur diyarının Göyərçin kəndinə getməyə və orada yaşamağa hazırıq.
-Yəni siz gedib Göyərçin kəndində yaşamağa israrlısız?
- Əlbəttə, niyə də yox? Mən və doğmalarımızın orada ev-eşikləri var. Qismət olarsa, hər şey qaydasına düşsün, gedib orda yaşayacayam. Qohum-əqrabamdan bir adam da orada qalmayıb. Bizim o kəndimizdə sırf türklər yaşayırdı. Ermənilərlə heç bir qohumluq əlaqəsi yox idi. Hazırda mənim nənəm, babamın məzarı da oradadır. Mən orada böyüyüb, təhsil almışam. Ona görə də burnumun ucu göynəyir ki, yurduma qayıdım.