Fazil Mustafanın da partiyası qeydiyyata alınmadı

SİYASƏT
10:59 / 06.08.2023
677

Ədliyyə Nazirliyi təkrar qeydiyyatdan keçmək üçün müraciət edən deputat Fazil Mustafanın sədri olduğu Böyük Quruluş Partiyasının təqdim etdiyi üzv siyahılarını yoxlayıb.

HİT.az xəbər verir ki, bu barədə partiyanın sədri məlumat verib.

Deputat bildirib ki, partiya 8408 nəfərlik siyahı təqdim edib, yoxlama zamanı 4000 nəfərin mübahisəli olduğu aşkar edilib. Nazirlik partiyaya 3012 nəfərin məlumatlarında dəqiqləşməyə ehtiyac olduğunu bildirib.

Problemlərin aradan qaldırılması üçün 1 ay vaxt verilib.

Xatırladaq ki, Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını Ədliyyə Nazirliyinə təqdim edib. Bildirilib ki, “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb.

Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib.

Qeydiyyata alınmayanlar sırasında REAL, Müsavat, AXCP, ADP, Ağ partiya, AMİP, Azadlıq, Ümid partiyaları, Ədalət, AXP, MCP, BAXCP də var. Ölkədə indiyədək qeydiyyatdan keçən yeganə partiya YAP-dır.   

0