Ermənipərəst senator korrupsiya girdabında: Arvadı 400 min dollarlıq qızıl külçə satıb - ŞOK FAKTLAR

SİYASƏT
13:36 / 27.08.2023
945
"The New York Post” nəşrindən senator Bob Menendesin həyat yoldaşının mümkün qanunsuz hərəkətləri barədə ifşa materialı paylaşılıb.

"Senator Bob Menendesin arvadı ofisi federal araşdırma təhlükəsi ilə üz-üzə olduğunu etiraf etməzdən aylar öncə 400 min dollar qızıl külçə satıb” -başlıqlı yazıda senatorun korrupsiya içində olduğu qeyd olunur və bu, təkzib olunmayan faktlarla göstərilib.

Məqaləyə keçməzdən öncə onu da bildirək ki, Menendes qatı ermənipərəstdir və erməni lobbisi tərəfindən satın alınıb.



Məsələn, 2021-ci ildə ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin rəhbəri, senator Bob Menendes, Bayden administrasiyasının Azərbaycana yardımı nəzərdə tutan 907-ci düzəlişi məhdudlaşdırmaqdan imtina etməsindən narahatlığını bildirib. Menendes öz sərsəm və ikiüzlü fikirlərini belə ifadə edib: "Ermənistanın ərazilərini işğal etdilər. Mənə elə gəlir ki, bunun qəbuledilməzliyinə dair açıq bir çağırış olunana qədər təcavüzü davam etdirəcəklər”.

Zaman-zaman elə Amerika mətbuatı tərəfindən çap olunan məqalələrdə onun əsl üzü ortaya qoyulub və ermənilərin əsrinə necə çevrildiyi göstərilib.

Təsadüfü deyil ki, onun arvadı ermənidir və aşağıdakı məqalədə bu barədə detalları görəcəksiniz.

Məqalədə qeyd olunur ki, Senator Bob Menendezin yeni arvadı cəmi üç il əvvəl girovla üzləşməsinə baxmayaraq, 400.000 dollar dəyərində qızıl külçələri nağdlaşdırıb.

Satış keçən yaz onun ofisinin Nyu Cersi Demokratının yeni federal araşdırma ilə üzləşdiyini açıq şəkildə etiraf etməsindən aylar əvvəl olub.

56 yaşlı Nadine Arslanyan külçəni 7 aprel 2022-ci il və 16 iyun 2022-ci il tarixləri arasında satıb. Bu, 13 funt xalis qızıla bərabərdir.

Satış 2020-ci ildə Menendeslə evlənməmişdən əvvəl maliyyə cəhətdən çətinlik çəkən, hətta evini belə girov qoyan  Arslanyan üçün əlamətdar maliyyə dönüşü olub.

Ancaq cütlük indi-münasibətlərinin başlamasından bir neçə ay sonra başladılan FTB araşdırmasının tam mərkəzindədir.  Hadisə onların bir növ ifşasıdır. Ancaq bu, Menderesin ilk təhqiqat qarşısında qalması hadisəsi deyil. Bundan öncə də onun qanunsuz əməlləri ortaya çıxarılıb, istintaq başladılıb, lakin bunların bir neçəsi yarımçıq dayandırılıb...

Məlumatlara görə, Manhetten federal prokurorları araşdırma apararaq senator və ya onun həyat yoldaşının siyasi lütflər müqabilində daha hansı "hədiyyələr” aldığını öyrənməyə çalışırlar.

Senatorla bağlı korrupsiya iddialarına görə federal orqanlar tərəfindən də təhqiqat aparılır.

İddialar arasında senatorun qadın dostlarına, Braziliyadan, Ukraynadan və Dominican Respublikasından viza almaq üçün də qanunsuz əməllərə əl atdığı yer alıb.



Məqalədə qeyd olunur ki, 69 yaşlı Menendes 2015-ci ildə Ədliyyə Departamentinin İctimai Dürüstlük Şöbəsinin prokurorları tərəfindən "Palm Beach” oftalmoloqu və siyasi xeyriyyəçi doktor Salomon Melqendən külli miqdarda rüşvət almaqda ittiham olunub.

Məqalədə o da qeyd olunur ki, senator hazırkı arvadı  ilə birlikdə  ötən illərdə dörd qitəni ziyarət ediblər. Elə evlilik təklifi də həmin səfərlər əsnasında gəlib.

Qəzetin yazdığına görə,  Arslanyan 2014-cü ildə indi Menendes ilə bölüşdüyü Bergen qraflığındakı evində aylıq 1,897 dollar ipotekanı ödəməkdə çətinlik çəkdikdən sonra xərclərini idarə etmək üçün federal proqrama daxil olub.

Lakin 2019-cu ilin ortalarına qədər o, ödənişləri edə bilməyib və ipoteka şirkəti onun evinə girov qoymağa başlayıb.

Qəribəsi odur ki, bu ərəfədə Arslanyan öz konsaltinq biznesini - Strategic International Business Consultants MMC-ni qurub.

Şirkətin onlayn izi yoxdur və müştərilərinin kim olduğu bəlli deyil. Şirkət uzun müddət Menendesin dostu Donald Scarinci tərəfindən idarə edilib.



Cütlük 2020-ci ilin oktyabrında Kuins ştatının Baysayd şəhərindəki erməni kilsəsində kiçik bir mərasimlə evlənib. Arslanyan Livan əsilli və erməni əsillidir.

O etiraf edib ki, Menendesi senatda "erməni soyqırımı”nın tanınması üçün səy göstərməyə təşviq edib...

Senator olaraq Menendes özünün və ya arvadının 1000 dollardan çox dəyərində olan əmlakını bəyan etməlidir. Onların mənşəyini bəyan etməli deyil.

Evliliklərinin ilk ilində o, maksimum dəyəri 117.000 dollar olan yoxlama və əmanət hesablarının olduğunu bildirib.

Qızılı nağdlaşdırmadan bir ay əvvəl - 16 mart 2022-ci ildə Menendes 2020-ci il açıqlamasına düzəliş edərək Arslanyanın 250.000 dollara qədər qızıl külçəsi olduğunu göstərib.  Ancaq bu ilin iyununda məlum olub ki, ümumi dəyəri 400 min dollara çatan qızıl satışa çıxarıblar.

Menendesin sözçüsü mətbuata açıqlamasında bildirib ki, senatorun maliyyə açıqlaması formaları bütün qanuni tələblərə uyğun olaraq təqdim edilib. O, federal araşdırma ilə bağlı şərh verməkdən imtina edib.

Arslanyanın vəkili David Schertler durumu şərh etməkdən imtina edib. Qəzet yazır ki, onun  Vaşinqtondakı  hüquq firması  fevral ayında Menendesdən "hüquqi xidmətlər" üçün ödəniş olaraq 48,000 dollar alıb.

Keçən ay Senatın Xarici Əlaqələr Komitəsinin sədri olan Menendes, vəkil qruplarının xərclərini ödəməyə kömək etmək üçün "Menendes Hüquq Müdafiə Fondu” da yaradıb.



Federal Seçki Komissiyasının sənədlərinə görə, bu ilin yanvar və aprel ayları arasında Senat üçün Menendes Çikaqo və Vaşinqtondakı firmalara "hüquqi xidmətlər" üçün təxminən 187,000 dollar xərcləyib.

Menendesin son federal maliyyə açıqlamaları Arslanyanın keçən il şirkətdən gəlir əldə etdiyini göstərir.

Senatorun açıqlama formaları onun Nyu-Cersi tibbi sınaq şirkəti olan "Fusion Diagnostics Laboratories”də işlədiyini də göstərir.

Bütün bunlar isə onu düşdüyü durumdan xilas etmir və qeyd edilən məsələ üzrə istintaq davam edir.

Mənbə: Musavat.com

0