"Ulu Öndər Heydər Əliyev hər bir Azərbaycan vətəndaşının Azərbaycanın gələcəyi olan uşaqlarımızı, gənclərimizi qorumağa borclu olduğunu vurğulayırdı".
Bu sözləri Milli Məclisin deputatı, professor Kamilə Əliyeva HİT.az-a açıqlamasında deyib.
O vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev gənclərimizi ölkəmizin, xalqımızın milli sərvəti adlandırırdı: "Ümummilli Lider Heydər Əliyev Azərbaycan gənclərinin intelektli, vətənpərvər olmalarını, eləcə də dünyada ölkəmizi layiqli şəkildə təmsil etməli olduqlarını, hər bir Azərbaycan gəncinin öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi gəbul etmələrini vurğulayırdı. Ulu Öndər Heydər Əliyev gənclərimizin əsas vəzifəsinin özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, dövlətimizin yaşamasına və əbədi olmasına xidmət etməkdən ibarət olmasını qeyd edirdi. Bütün çıxışlarında ulu öndər Heydər Əliyev Azərbaycan gəncinə inandığını, ölkəmizin gələcək inkişafında onların üzərinə böyük məsuliyyət düşdüyünü və dövlətin gənclərlə bağlı siyasətində onları hər cür qayğı və dəstək göstərilməsinin vacibliyini qeyd edirdi. Bu qayğı və diqqət gələn nəsillərin vətənpərvər ruhda böyüməsinə, dövlət və xalq uğrunda canından keçməyə hazır olan gənclərin yetişməsinə səbəb oldu".
Millət vəkili qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin gənclərlə bağlı dövlət siyasətini davam etdirən Prezident cənab İlham Əliyevin gənclərimizə xüsusi diqqəti və qayğısı yüksək səviyyəyə çatdırıldı:
"Prezident seçildiyi ilk vaxtlardan cənab İlham Əliyev Azərbaycan gənclərinin vətənpərvər olmasını xalqımızın adət ənənələrinə sadiq olmalarını tövsiyə edirdi və gənclərin bu ruhda böyüməsinə xüsusi diqqət yetirirdi. Prezident cənab İlham Əliyevin Prezidentliyi dövründə yetişən gənclərimiz vətən müharibəsində böyük qəhrəmanlıq, şücayət nümayiş etdirərək torpaqlarımızı erməni faşizminin işğalından azad etdi. Müharibədə qorxmadan, çəkinmədən düşmən üzərinə gedən igid oğullarımız şəhid, qazi oldular, lakin bu müqəddəs amal uğrunda bir addım belə geri çəkilmədilər. İlham Əliyev kimi müdrik, qətiyyətli lideri və qəhrəman və intelektli gəncliyi olan Azərbaycan hər zaman qalib, güclü dövlət olacaq".