Səfirliklərə edilən hücumlarda erməni lobbisi və İran izi: "Xof yaratmaq istəyirlər"

SİYASƏT
12:10 / 31.08.2023
719

Bildiyiniz kimi, bu gün Azərbaycanın Livandakı səfirliyinə hücum edilib. Belə ki, səfirlik qarşısında aksiya keçirən 50-yə yaxın erməniəsilli şəxs səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıb.

Bu, ölkəmizin xaricdəki səfirliklərinə edilən ilk hücum halı deyil. Ümumiyyətlə, son 2 il ərzində Azərbaycanın diplomatik missiyalarına 5 hücum halı yaşanıb.

Maraqlıdır, səfirliklərə edilən hücumun pərdə arxasında nələr dayanır? Səbəblər nədir?

Hit.az-a danışan Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi ekspert Samir Hümbətov bildirib ki, bunun arxasında təkcə erməni lobbisi deyil, həm də İran dayanır: 

"Hesab edirəm ki, bunun arxasında bəzi güclər dayanır. Amma burada təkcə erməni lobbisi ilə kifayətlənməmək lazımdır. Çünki Azərbaycana qarşı bu cür təhdidlər təkcə erməni lobbisindən gəlmir. İrandan da bu cür addımların gəlməsi ehtimalı çoxdur. Tehrandakı səfirliyimizə edilən hücumlarda da bunun izlərini gördük. Bu çirkin niyyətlərin qarşısını Azərbaycan maksimum şəkildə çalışır ki, alsın. İndi Livanda bu cür hadisənin yaşanması göstərir ki, Azərbaycanla Livan arasındakı əlaqələri pozmaq cəhdləri var, eyni zamanda xof yaratmaq istəyirlər. Amma bu cür hərəkətlərin heç bir hüquqi əsası yoxdur və bu cür addımlar Azərbaycanı qorxura bilməz".

Aynur Əli

0