Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib ki, BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmalıdır.
O xatırladıb ki, BMT Təhlükəsizlik Şurasında sonuncu dəfə 60 il əvvəl islahat aparılıb:
"O vaxtdan bəri nəinki vahid Almaniya yarandı, Afrikada, Latın Amerikasında, Asiyada 60-a yaxın dövlət müstəqillik yolunu tutdu. Bu dövlətlər haqlı olaraq qərarların qəbulunda səs və danışıqlar masasında yer tələb edirlər”.
Ümumiyyətlə, yaxın gələcəkdə BMT Təhlükəsizlik Şurasında islahatlar aparıla bilərmi?
Mövzu ilə bağlı HİT.az-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, BMT Təhlükəsizlik Şurası faktiki olaraq işləmir:
"Orada 5 daimi üzvün veto hüququ olduğu üçün qərarlar qəbul edilmir. Məsələn, Rusiya və Çin demək olar ki digər üzvlərin təkliflərini veto edir. Yəni BMT Təhlükəsizlik Şurasının qərar vermə mexanizmi daimi üzvlərin veto hüququndan yerli-yersiz bir-birləri ilə rəqəbət əsaslı istifadə edildiyi üçün tıxanıb. Bu isə düşünüldüyündən də ciddi problemdir. Dünyanın ən böyük təşkilatı faktiki olaraq 5 ölkəyə görə fəaliyyətsizdir. Bunun nəticəsidir ki, dünyada münaqişələr həll edilmir, dondurlmuş münaqişələr isə yenidən alovlanır, eləcə də yeni münaqişlər yaranır".
Politoloq hesab edir ki, mütləq şəkildə BMT Təhlükəsizlik Şurası reform edilməli və islahatlara başlanılmalıdır:
"Xüsusi ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da məşhur "Dünya beşdən böyükdür" sözü ciddiyə alınmaldır. Yəni bütün ölkələr eyni hüquqa malik olmalıdır. Daimi və ya qeyri-daimi üzvlər anlayışı dəyişməlidir. Hesab edirəm ki, qərar vermə mexanizmində mütləq islahata ehtiyac var.
Çünki dövrün şərtləri dəyişib. Dünyada reallıqlar artıq 20-ci əsrdə olduğu kimi deyil. Artıq döyüş meydanlarında yeni silahlardan istifadə edilir. Müharibələr daha fərqli formatlarda tüğyan edir. 21-ci əsr reallıqlarına BMT və onun bütün qrumları da ayaq uydurmalıdır. Bunun yolu isə mütləq islahatlardan gedir. Əks təqdirdə, BMT də sələfi Millətlər Cəmiyyətinin taleyi ilə üzləşəcək".
Pərviz