Xəbər verdiyimiz kimi, Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edəcək.
Bu barədə parlamentin spikeri Alen Simonyan açıqlama verib:
“Bütün ehtimallara görə, Roma Statutu ratifikasiya olunacaq. Sənəd müzakirə mərhələsindədir”.
Ümumiyyətlə, Ermənistan indiki vəziyyətdə Roma Statutunu təsdiqləyə bilər?
Mövzu ilə bağlı HİT.az-a açıqlama verən politoloq Rusif Məmmədsoy bildirib ki, bəlkə də hazırda Ermənistan-Rusiya münasibətiləri tarixin ən gərgin mərhələsinə qədəm qoyub:
"Bu münasibətlər fonunda rəsmi İrəvanın atdığı addımların sadəcə Ermənistanın öz təşəbbüsü olduğunu düşünmürəm. Xüsusilə Nikol Paşinyan başda olmaqla, Ermənistanın hakimiyyət nümayəndələri tərəfindən Rusiyaya yönəlik sərt açıqlamalar verilir. Buraya Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq istəməsi və bu ölkənin parlamentinin spikeri Alen Simonyanın Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanı təhqir etməsi kimi nümunələri misal göstərmək olar. Hesab edirəm ki, bütün bunlar Qərb tərəfindən gələn sifariş əsasında həyata keçirilib".
Politoloq qeyd edib ki, Ermənistanda Roma Statutunun ratifikasiya olunması ehtimalı və hətta bunun gündəmə gətirilməsi belə çox ciddi bir hadisə kimi qiymətləndirilməlidir:
"Əlbəttə ki, bütün bunlar Rusiyanın çox çətin durumda olduğunu və zəiflədiyini göstərir. Hətta vəziyyət elə bir vəziyyətə gəlib çatıb ki, Kremlin vassalı olan Ermənistan belə Rusiyanı təhqir etməkdən və alçaltmaqdan çəkinmir".
Pərviz