Bir neçə gün öncə ABŞ və Ermənistan hərbçilərinin birgə “Eagle Partner 2023” təlimlərinə start verilib. Hərbi təlimlərin keçirilməsi İranın narahatlığına səbəb olub. Xüsusilə, Vətən Müharibəsindən sonra Azərbaycanla münasibətləri gərginləşən İran son günlərdə yenidən gərginliyi aradan qaldırmaq üçün addımlar atmağa başlayıb. Heç bir şübhəsiz ki, bu addımların atılmasının arxa fonunda Ermənistanın ABŞ-a meyil etməsi məsələsi dayanır.
Həmçinin, başlayan hərbi təlimlərdən sonra İranın Ermənistana qarşı hansı mövqedə dayanacağı, hansı xətlə irəliləyəcəyi də maraq doğuran suallar içindədir.
Politoloq İlyas Hüseynov Hit.az-a açıqlamasında bildirib ki, İran Ermənistan-ABŞ yaxınlaşmasını milli maraqlarına qarşı olan demarş kimi qiymətləndirir:
"Qeyd etmək lazımdır ki, Vətən Müharibəsindən sonra Azərbaycan və İran arasındakı münasibətlər gərginləşdi. Gərginlik bu gün də özünü göstərir. Ermənistanın davranışları isə İranı düşünməyə vadar elədi. Bu gün Ermənistan ABŞ-la əməkdaşlıq edir, onlarla öz təhlükəsizlik sistemini görür. Xüsusilə, regiondakı ənənəvi maraqları təmsil olunan dövlətlərə də bu təsir etmiş olur. Onlardan biri də İrandır. İranın Qafqazda müəyyən maraqları var. Ermənistan İran tərəfdaşlığı, sıx münasibətlər görüntüsü İrəvan tərəfindən tapdalanır. İrəvan ABŞ-ı rahatlıqla İrəvan regiona dəvət edir, onlarla təlimlər keçirir, məsləhətləşmələr aparır. Xüsusilə, ABŞ-ın hərbçilərinin regiona gəlişi İran və Rusiya tərəfindən narahatlıqla qarşılanır. Bu, həm də onların milli maraqlarına qarşı olan demarş kimi qiymətləndirilir".
Politoloqun fikirlərinə görə, bu soyuqluğun fonunda İran da Azərbaycanla münasibətləri düzəltməyə can atır:
"Bunun fonunda İran Azərbaycan münasibətlərində müəyyən hərəkətlilik müşahidə edirik. Bütün bunlar arada olan problemləri çözmək istiqamətindədir. Buna təsir edən Ermənistan-İran münasibətlərində Ermənistanın qeyri-adekvat davranışıdır. Əlbəttə, İran üçün Cənubi Qafqazda Azərbaycanın mövqeyi önəmlidir. Arada olan buzları əritmək üçün fürsət pəncərəsi ortaya çıxıb. İran tərəfi çox yaxşı bilməlidir ki, Ermənistan çox rahatlıqla geopolitik vektorları dəyişə bilir. Buna görə də gələcəkdə İran-Ermənistan münasibətləri Tehran tərəfindən nəzərə alınmalıdır".
Aynur Əli