"Azərbaycan öz suverenliyini bərpa etdi".
Bu sözləri Prezident İlham Əliyev xalqa müraciətində deyib.
Dövlət başçısı vurğulayıb ki, qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılmasına başlanılıb:
"Onlar silahlarını təhvil verməyə başlayıblar".
Prezident kriminal ünsürlərin layiqli cəzalarını aldığını diqqətə çatdırıb:
"Biz Xocalı soyqırımında, şəhərlərimizin, kəndlərimizin, dağıdılmasında, qəbirlərin qazılmasında erməni xalqını günahlandırmamışıq. Biz kriminal rejimin ünsürlərini, başda duranları ittiham etmişik. Biz onları məsuliyyətə cəlb edirik və edəcəyik. Bəziləri artıq öz layiqli cəzasını alıb, bəziləri də alacaqlar".
Qeyd edək ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu erməniləri sadəcə 24 saata diz çökdürdü. Onların ərazilərimizə qanunsuz olaraq daşıdıqları həbri texnikaları və silahları məhv edildi. Bütün bu addımlarla əli vətəndaşlarımızın qanına batmış quldurların da cəzalandırılması davam edir. Rəsmi Bakı bir daha göstərdi ki, tələbləri yerinə yetirilməsə, bunu özü icra etmək gücünə də, potensialına da sahibdir. Üstəlik, cəmi 24 saat ərzində öz hədəflərimizə nail olmağı bacardıq. Ermənilər başa düşməlidirlər ki, bir daha təxribat törətməyə cəsarət etsələr, daha ağır fəlakətlə üzləşəcəklər.
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli HİT.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyev bir daha qətiyyətini və prinsipiallığını göstərdi:
"Dövlət başçısı xalqa müraciətində dünyanın bütün mərkəzlərinə öz ismarışlarını verdi. Həmçinin, Azərbaycanın öz prosesini özünün apardığını da elan etdi. 21-ci əsr dünyasında, bir az kollektiv iradənin olduğu dönəmdə bir Prezidentin bu dərəcədə fərqlənməsi, liderlik keyfiyyətlərinin ortaya çıxması, habelə beynəlxalq reallıqlara uyğun dəyərləndirmə verməsi və suverenliyə böyük bir keyfiyyət xidməti göstərməsi çox mühümdür. Bu, 21-ci əsr dünyasında separatizmə və terrorizmə zərbə vurulması prizmasından olduqca önəmli bir məsələ idi".
Ekspert deyib ki, Azərbaycan Ordusu 24 saat ərzində öz gücünü bütün dünyaya göstərdi:
"Bu, müzəffər Ali Baş Komandan İlham Əliyevin qurduğu ordunun gücünü ortaya qoydu. Hesab edirəm ki, bunu həm də Azərbaycan Ordusunun gələcəyə yönəlik planlarının mühüm məşqi hesab etmək olar".
Pərviz