\"Paşinyanın anti-Rusiya siyasətinin əsas səbəbi...\" - MÜSAHİBƏ 

11:56 / 25.09.2023
3618

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya əleyhinə açıqlamalar verməyə davam edir.

O, növbəti dəfə Kremli hədəf alaraq, Roma Statutunu qəbul etməyin Ermənistanın suveren hüquqları olduğunu deyib:

"Roma Statutununun ratifikasiyası Ermənistana ölkənin xarici təhlükəsizliyini təmin etmək üçün beynəlxalq cinayət məhkəməsinin imkanlarından istifadə etməyə imkan verəcək. Roma Statutunun ratifikasiyası Ermənistanın maraqlarına uyğundur. Bu, Rusiya və KTMT-yə qarşı yönəlməyib”.

Paşinyanın sözlərinə görə, KTMT və digər strukturlar Ermənistanın təhlükəsizliyinə təminat verə bilmir.

Nikol Paşinyanın anti-Rusiya siyasəti ilə bağlı atdığı bütün addımlarını Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov HİT.az-a müsahibəsində şərh edib.

Müsahibəni təqdim edirik:

- Xəyal bəy, Ermənistanda anti-Rusiya meyillərinin formalaşması nə ilə bağlıdır?
- Əslində Ermənistanda anti-Rusiya ritorikası Nikol Paşinyan hakimiyyətə gələndən sonra başlayıb. O, 2018-ci ilin aprel ayında hakimiyyətə gəldikdən dərhal sonra Rusiyaya qarşı səfərbər oldu. Paşinyanın anti-Rusiya addımlarından ilki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrlik edən şəxsin vəzifəsindən kənarlaşdırılması və həbs edilməsi oldu. Daha sonra İkinci Qarabağ müharibəsi və baş verən bir sıra proseslər fonunda Ermənistandakı anti-Rusiya meyillərini zaman-zaman müşahidə etdik.

Xüsusilə, İkinci Qarabağ müharibəsində Ermənistanın məğlub olmasından sonra hazırkı hakimiyyət və onların təsiri ilə erməni cəmiyyəti anti-Rusiya meyillərini açıq şəkildə biruzə verir. Zaman-zaman Rusiyaya qarşı mitinqlərin və etiraz aksiyalarının da şahidi oluruq. Həmin mitinqlər zamanı Rusiya əleyhinə şüarlar səsləndirilir və hətta Prezident Vladimir Putin təhqir edilir.

Ümumiyyətlə, Ermənistan Azərbaycana qarşı həm döyüş meydanında, həm təxribatlarından və hiyləgər planlarından sonra, həm də siyasi və diplomatik müstəvidə məğlubiyyətə düçar olmasının ardından həmişə Rusiyanı hədəfə gətirir. Onlar, bu məsələdə Kremli günahlandırırlar. 

- Bəs Nikol Paşinyanın Ermənistanı Roma Statutuna qoşmaq cəhdlərini və onun bu barədəki açıqlamasını necə qiymətləndirirsiniz?
- Ermənistanda Roma Statutununun qəbul edilməsi ilə bağlı fikirlər səsləndirilir. Həmçinin, Roma Statutununun parlamentə təsdiq olunması üçün göndərilməsinin zamanı təsadüfi deyil. Nəzərə almaq lazımdır ki, Ermənistan tərəfi məhz mart ayında Rusiya Prezidenti Vladimir Putinin həbsinə dair qərar verilməsindən sonra Roma Statutununa qoşulmaqla bağlı təşəbbüs göstərdi. 

Hesab edirəm ki, Nikol Paşinyanın bununla bağlı gətirdiyi arqumentlər absurd və əsassızdır. Onun dediyi fikirlərin Roma Statutuna heç bir aidiyyatı yoxdur. Burada konkret mövqe Rusiya və KTMT-yə qarşı qoyulub. Hətta bu, konkret olaraq Putin və onun hakimiyyətinə qarşı atılan addımdır. Kreml də bunu çox gözəl anlayır.


- Əslində Paşinyan Roma Statutu məsələsindən öncə də, sonra da Kremli qəzəbləndirəcək addımlar atdı. Rusiyadan bu qədər asılı olan bir ölkə həmin addımlarla nəyə nail olmağa çalışır?
- Bəli, son zamanlarda İrəvan hakimiyyətinin Rusiyaya qarşı atdığı addımlar təkcə Roma Statutu ilə məhdudlaşmır. Mitinqlərdə və aksiyalarda anti-Rusiya şüarlarının səsləndirilməsi və Prezident Vladimir Putinin tənqid olunmasının da şahidi oluruq. Nikol Paşinyan da bütün çıxışlarında Rusiyanı Cənubi Qafqazda baş verən proseslərlə bağlı ittiham edir. Onun regiondakı mövqeyinin zəifləməsindən danışır, hətta Rusiyanın Cənubi Qafqazdan çıxarılması ilə bağlı fikirlər səsləndirilir.

Ermənistanın Baş naziri hələ ötən ilin 6 oktyabr tarixində "Avropa siyasi birliyinin" ilk Zirvə toplantısında Avropa İttifaqının mülki missiyası adı altında Rusiya ilə açıq şəkildə mübarizədə olan bir sıra Qərb dövlətlərinin hərbçilərini öz ərazinə yerləşdirilməsinə qərar verdi və Moskvaya xəyanət etdi. Hətta rəsmi şəxlər belə bu fikri səsləndirirlər. 

Məncə, Paşinyan bu yolla Rusiyanın Cənubi Qafqazdan çıxarılması məsələsini gündəmə gətirməyə çalışdı. Həmçinin, bu addım Kremlin Cənubi Qafqazdakı mövqeyinin zəifləməsinə hesablanmışdı.    

Bununla yanaşı, Ermənistanın ABŞ-la birgə hərbi təlimlər keçirməsi, habelə Nikol Paşinyanın həyat yoldaşı Anna Hakobyanın Ukraynaya səfər etməsi və humanitar yardım aparmasının da şahidi olduq. 

- Ümumiyyətlə, Paşinyanın əsas məqsədi nədir?
- Nikol Paşinyan atdığı addımlarla sanki Rusiyadan qisas almağa çalışır. O, bu yolla cəmiyyətdəki anti-Rusiya mövqeyindən istifadə edərək, öz mövqeyini gücləndirməyə və hakimiyyətinin ömrünü uzatmağı hədəfləyir. Gələcəkdə ona rəqib ola biləcək rusiyayönümlü cinayətkar ünsürlər olan Serj Sarkisyan, Robert Koçaryan, Seyran Ohanyan və Ruben Vardanyan kimi şəxsləri tam şəkildə zərərsizləşdirməyə cəhd edir. Bu, Paşinyanın planının pərdəarxası məqamlarıdır. Hər bir halda Rusiya da bunu görür. Düşünürəm ki, Kreml Ermənistandakı nüfuzunun heç bir zaman zəifləməsinə imkan verməyəcək. 

- Proseslər hansı istiqamətdə inkişaf edə bilər?
- Təbii ki, Rusiya Ermənistanın son addımlarını bağışlamayacaq. Hədəf isə Nikol Paşinyan hakimiyyəti olacaq. Düşünürəm ki, Qərb ölkələri Paşinyana anti-Rusiya meyillərini reallaşdırmaq üçün təsir göstərir, amma Kreml də buna qarşı özünün konturlarını qoyacaq. 

Biz gələcəkdə Ermənistanda Rusiya və Qərb arasında qarşıdurmanın da şahidi ola bilərik. Əlbəttə ki, hadisələrin gedişatı Ermənistan üçün müsbət heç nə vəd etmir.

Pərviz

0