ABŞ-da prezident seçkiləri: Tramp, yoxsa Bayden favoritdir? - RƏY

SİYASƏT
14:17 / 26.09.2023
568

ABŞ-da gələn il keçiriləcək prezident seçkiləri ilə bağlı əhalinin rəyi öyrənilməyə davam edir.

Ən çox diqqətçəkən məqam odur ki, keçirilən bütün sorğularda Donald Tramp əsas rəqibi Co Baydeni ən azı 10% fərqlə qabaqlayır. Hətta Baydenin heç bir sorğuda Trampı keçə bilmədiyi görünür.

Ümumiyyətlə, hazırkı vəziyyətdə gələn il keçiriləcək seçkidə hansı şəxs Ağ Ev rəhbəri olmağa daha real namizəddir?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən politoloq Kənan Novruzov bildirib ki, gələn il ABŞ-da keçiriləcək prezident seçkilərinin nəticəsi ayrı-ayrı regionlarda, habelə Cənubi Qafqazda və Şərqi Avropada baş verən proseslərin gedişatından və nəticəsindən asılıdır:

334476

"Ukraynadakı müharibənin ABŞ-da seçkilərə birbaşa təsiri var. Əgər həmin vaxta qədər Rusiya üstünlüyü ələ alar və ya müharibə onun qələbəsi ilə bitərsə, çox böyük ehtimalla Co Bayden seçkilərdə qalib gələ bilməyəcək. Amma əksinə, proseslər Rusiyanın parçalanmağına doğru aparsa, Baydenin şanslarını artıra bilər. Şübhəsiz ki, Kremlin ABŞ-dakı seçkilərə müəyyən mənada təsir imkanları var. Hətta ABŞ-ın sabiq prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinə müraciət edərək, "seçkilərimizə müdaxilə etməyin" demişdi. 

Ümumiyyətlə, Putin Baydenin qalib gəlməsini istəmir. Onun üçün Tramp daha yaxşı tərəf müqabilidir. Doğrudur, ABŞ və Rusiya dövlət olaraq onsuz da rəqibdirlər. Lakin Trampın Putinə münasibətləri daha yaxşıdır. Çünki Tramp daha loyal siyasətçi idi, Bayden isə radikaldır".

Ekspert hesab edir ki, Türkiyənin də proseslərdə müəyyən rolu var:

"Hesab edirəm ki, rəsmi Ankara da Baydenin qalib gəlməsində maraqlı deyil. Hər iki dövlət NATO üzvü olsa da, Baydenin dövründə tərəflər arasında dərin ziddiyyətlər müşahidə olunur. Görünür, Bayden bəzi məsələlərdə güzəştə getmək istəmir. Bu isə Türkiyəni narahat edir".

Politoloq vurğulayıb ki, seçkilərdə favorit Donald Trampdır:

"Trampın Ukraynadakı müharibəni 24 saata bitirəcəyini vəd etməsi də onun seçki kampaniyasında əlini gücləndirir. Ümumiyyətlə, mən Co Baydenin gələn il keçiriləcək seçkilərdə qalib gələcəyinə inanmıram. Baydenin yaşı, yaddaşının zəifləməsi və digər faktorlar onun şanslarını azaldır. Hətta düşünürəm ki, seçkilərə qədər üçüncü bir namizəd ortaya çıxsa, o, Trampın əsas rəqibi ola bilər. Lakin bu, olmayacağı təqdirdə Trampın şansları daha yüksək qiymətləndirilə bilər".

Pərviz

0