“EU Reporter” ermənilərin “Qarabağda soyqırım” yalanlarını darmadağın etdi

SİYASƏT
23:08 / 26.09.2023
524

"EU Reporter” saytında Ceyms Uilsonun Qarabağda "soyqırım”la bağlı erməni təbliğat yalanlarını ifşa edən məqaləsi dərc olunub. 

Qaynarinfo həmin yazıdan maraqlı hissələri təqdim edir.

Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda həyata keçirdiyi antiterror tədbirləri separatçıların humanitar nəqliyyat dəhlizlərindən dərman və ərzaq daşınması üçün deyil, silah-sursat tədarükü üçün istifadə etmələri ilə bağlı şübhələri təsdiqləyib. İsrailin Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin qeyd etdiyi kimi, Azərbaycanın PUA-larının vurduğu hədəflərdən biri ən azı 20 milyon dollara başa gələn SA-15 Gauntlet sistemi olub. Beləliklə, məlum olur ki, Bakının separatçıların Ermənistandan gələn humanitar dəhlizdən silah çatdırmaq üçün istifadə etməsi ilə bağlı iddialarının doğru olduğu üzə çıxıb. Separatçı liderlər müharibəyə hazırlaşıb və açıq-aşkar erməni sakinləri ilə maraqlanmayıblar. 

Azərbaycan ordusunun çıxış yolu yox idi - heç bir ölkə öz suveren ərazisində mülki avtomobilləri minalarla partladan 5 min silahlı separatçıya dözməzdi.

"Soyqırım” olmayıb, "etnik təmizləmə” olmayıb. Tanınmamış qurumun rəhbərləri tərəfindən "kirayələnmiş” BCM-nin keçmiş prokuroru Luis Moreno Okampo isə "Qarabağdakı soyqırımla bağlı” şübhəli hesabatında sadəcə olaraq uydurma ittihamlarla çıxış edib. Ukraynalı hibrid müharibə mütəxəssisi Yevgeni Maqdanın "El Mundo” qəzetindəki məqaləsində qeyd etdiyi kimi, Okamponun qiymətləndirməsi "dünya mediasında geniş işıqlandırıldı və BMT Təhlükəsizlik Şurasının avqustun 16-da keçiriləcək iclasından əvvəl müvafiq informasiya fonu yaratdı. İclas Ermənistanın xahişi ilə Qarabağdakı vəziyyəti müzakirə etmək üçün keçirilib. Diqqətli müşahidəçiyə aydındır ki, hazırda BMT Təhlükəsizlik Şurası heç bir məcburi qərar qəbul edə bilməz. Bununla belə, Nyu Yorkda məsələnin gündəmə gətirilməsi bütün dünyanın diqqətini məsələyə cəlb edir”.

Okamponun məruzəsinin əsl ekspert - Rodni Dikson tərəfindən darmadağın edilməsinə baxmayaraq, ABŞ senatoru Bob Menendes Azərbaycanı tənqid etmək üçün ondan istifadə edib. 

Amma bu artıq keçmişdə qalıb. Yaraqlıların məğlub edilməsindən sonra Qarabağda "soyqırım” olacaqmı? "Getto mütəxəssisi” olan Ermənistanın baş nazirinin sözlərinə görə, "hazırda bizim qiymətləndirməmizə görə, Qarabağın mülki əhalisi üçün birbaşa təhlükə yoxdur”. O əlavə edib ki, Qarabağda "vəhşiliklər” və "ermənilər üçün konsentrasiya düşərgələri” haqqında çoxsaylı anonim məlumatlara baxmayaraq, atəşkəs qüvvədə qalır. Paşinyan azərbaycanlıların "çıxışın qarşısını almaq cəhdləri” ilə bağlı saxta xəbərləri də təkzib edib.

Digər xarici qüvvələr də var ki, Qarabağ erməniləri arasında hər cür təşviş yaratmağa çalışırlar. Məsələn, Fransa mediası "mübarizəni sona qədər davam etdirmək” üçün gedən döyüşçülərin hekayələri ilə oxucuları amansızcasına bombardman edir. Maraqlıdır ki, bu "qəhrəmanları” ətrafdakı qadınların, uşaqların, qocaların taleyi qətiyyən maraqlandırmır və onların ərazidən təhlükəsiz çıxarılması cəhdlərini dilə gətirmirlər. Güman etmək olar ki, mülki əhalinin ölümü yaraqlıların danışılmamış məqsədlərindən biri ola bilər, çünki meyitləri əllərində olan "qəhrəmanlar” nəhayət, tez-tez sui-istifadə etdikləri "soyqırım” sözünü dilə gətirə biləcəklər, - James Vilson yazıb.

0