İki əsrə sığan 44 gün: Azərbaycan tarixinin axını necə dəyişdi?

SİYASƏT
09:16 / 27.09.2023
591

27 sentyabr 2020-ci il tarixi Azərbaycanın son 250 illik tarixində məğlubiyyət sindromunun qırıldığı, 30 il sonra torpaqlarımızdakı işğala son qoyulduğu müqəddəs gündür.

Bu tarixi günü yetişdirmək uğrunda münaqişənin mövcud olduğu 30 ilə yaxın müddət zaman aralığı həm hərbi, həm siyasi müstəvidə mübarizələrlə doludur. Bu müddətdə məğlubiyyətlə üzləşən ölkə qalib ölkəyə çevrilməyin şərtlərini yetişdirə bildi və bu, Azərbaycan xalqının lideri Ali Baş Komandan İlham Əliyevin tarixi əsəri adlandırıla bilər.

İlham Əliyev Vətən müharibəsindən illər əvvəl üçrəngli bayrağımızın Şuşada dalğalanacağını və o bayrağın Zəfər Paradında nümayiş etdiriləcəyini demişdi. Bu vəd deyildi, hədəfin elan edilməsi idi. Və çoxları buna inanmırdı, çünki çoxları Qarabağın itirildiyini qəbul etmiş, bu itki ilə barışmağa çağırışlar da edirdi. Amma Azərbaycan lideri bütün istiqamətlərdə Zəfərin gələcəyi günü yetişdirmək uğrunda mübarizə aparırdı. 2016-cı ildə baş verən “aprel müharibəsi” diplomatik müstəvidə işğalçı Ermənistanı məğlub edən Azərbaycanın hərbi müstəvidə də önə çıxması, bölgədə hərbi balansın dəyişməsi idi.

“Aprel müharibəsi”ndə ağır zərbə alan Ermənistan danışıqlar masasına gəlməyə və işğal altındakı torpaqların təklif olunan sülh planına uyğun boşaldılması ilə bağlı öhdəlik götürməyə məcbur oldu. Lakin xunta rejiminin rəhbəri Serj Sarkisyan öhdəliyini yerinə yetirmədi və ATƏT-in Minsk qrupu başda olmaqla, beynəlxalq ictimaiyyətin laqeyd münasibəti Ermənistanın işğal siyasətini davam etdirməsi üçün imkanlarını genişləndirdi. Aprel müharibəsinin ardınca Azərbaycan və Ermənistan prezidentlərinin keçirdiyi Vyana və Sankt-Peterburq görüşündən sonra proses dalana dirəndi. Bir il sonra – 2017-ci ilin oktyabr ayında Cenevrədə keçirilən görüş münaqişənin həllinə nail olmaqdan daha çox, Minsk qrupu həmsədrlərinin hesabat xarakterli addımından başqa bir şey deyildi.

Bütün yollar müharibəyə aparırdı: danışıqlar faktiki dayanmışdı, işğalçı ölkə təxribatlarına ara vermir, xüsusilə, mülki əhaliyə qarşı terror hücumları törədirdi;

2018-ci il Azadlıq meydanında keçirilən hərbi paradda Ali Baş Komandan İlham Əliyev “Gün gələcək və həmin gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək” deyəndə artıq Serj Sarkisyan devrilmiş, Ermənistanda hakimiyyət küçədən gələn Nikol Paşinyana keçmişdi. Ermənistan faktiki olaraq xaos yaşayırdı və baş verənlər ərazilərin azad olunması üçün hərbi zərbə vurmaq üçün unikla şərait kimi görünürdü. Lakin İlham Əliyev uzlaşma yolunu seçdi: səbəbini çox sonralar anlayacaqdıq...

2018-ci ilin 28 sentyabr tarixi: İlham Əliyev və Nikol Paşinyan MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən iclası zamanı ilk dəfə görüşdü. “Lift diplomatiyası” olaraq təqvimə düşən bu görüşdə cəbhədə “atəşkəs rejimi”nə əməl edilməsi ilə bağlı razılıq əldə olundu. Sonrakı aylarda təmas xəttində itkilərin sayı demək olar ki, sıfırlandı.

Sual açıq qalırdı: Azərbaycan Ermənistandakı xaos vəziyyətindən niyə istifadə etmədi?

Əliyev “qambit gedişi” (şahmatda tərəflərdən birinin oyunu inkişaf etdirmək, daha səmərəli mövqe əldə etmək məqsədilə maddi üstünlüyü qurban verməsi) edir, həlledici zərbəni müvəqqəti təxirə salırdı və bu, səbəbsiz deyildi:

Birincisi, getdikcə dalana dirənən danışıqların düz yola çıxması üçün “nəfəslik açır”: beynəlxalq oyunçuların “həll” məsələsində maraqlı olması danışıqlarla bağlı yeni ümidlər yaratmışdı və Əliyev güc yolunu seçmir, Ermənistanla anlaşır, ABŞ və Rusiyanın münaqişənin həllində yarışını təşkil edirdi;

Düşənbə görüşü nə qədər Moskvanın planı kimi görünsə də, Qərb layihəsi ilə siyasi Olimpə yüksələn Paşinyan hakimiyyətinin möhkəmlənməsinə hesablanmış “atəşkəsin davam etdirilməsi” və üçüncü tərəfi oyundan kənarlaşdıran “tərəflər arasında operativ əlaqənin qurulması” razılaşması rusların marağında deyildi. Bu baxımdan, Bakı İrəvanla birbaşa razılaşma ilə ABŞ-a ötürmə verir, münaqişənin həllini inhisarda saxlayan Rusiyaya alternativin olduğunu nümayiş etdirirdi.

Bu, iki tərəfin də - ABŞ və Rusiyanın həll variantları təklif etməsini aktivləşdirəcək və Azərbaycanın imkanlarını genişləndirəcəkdi. Sonrakı proseslər – ABŞ və Rusiyanın görüşlərin təşkili üçün yarışa girməsi, bir sıra razılaşmaların olması da Bakının atdığı topun qapıdan keçdiyini göstərirdi.

İkincisi, Bakının “daha səmərəli mövqe əldə etmək məqsədilə maddi üstünlüyü qurban verməsi” cəbhədə ordumuzun mövqelərinin möhkəmləndirilməsinə, gözlənilən real danışıqların olmayacağı təqdirdə, başlaya biləcək müharibədə maddi üstünlüyünün təmin edilməsinə hesablanmışdı.

Azərbaycan ordunun cəbhədə mövqelərini həqiqətən də gücləndirirdi. Erməni ekspertlər müharibədən sonra yazırdılar: “Əliyev böyük oynadı, Paşinyana vaxt verdi və ordusunu döyüşə hazırladı”.

Prezident İlham Əliyevin müharibədən sonra Rusiyanın “Nasionalnaya oborona” jurnalına müsahibəsində bunu təsdiqləyir: “Dondurulmuş münaqişə vəziyyətində olsa da, müharibə şəraitindəki ölkədə həyatın bütün halları üçün döyüş əməliyyatlarının aparılması planı, təbii ki, çoxdan işlənib hazırlanırdı. Əlbəttə, yeni reallıqlar, Azərbaycanın yeni imkanları, o cümlədən texnoloji imkanları nəzərə alınmaqla bu plana vaxtaşırı dəyişikliklər edilirdi və hər dəfə həmin dəyişikliklər mənim tərəfimdən təsdiq olunurdu”.

Sonralar – müharibəyə sayılı günlər qalmış İlham Əliyev Paşinyanın Düşənbədə ondan hakimiyyətini möhkəmləndirmək üçün vaxt istədiyini açıqlayacaqdı və bu da Azərbaycan liderinin strateji manevrlərindən biri idi.

Düşənbə görüşündən sonra Nikol Paşinyan hakimiyyətini möhkəmləndirmək, İlham Əliyev mümkün hərbi əməliyyatın üzərindən bir daha keçmək, ordunun mövqelərini gücləndirmək üçün vaxt qazandı. Əliyev Paşinyana həm də ona görə vaxt vermişdi ki:

- həmin dövrdə geosiyasi və regional şərtlər hərbi həll variantı üçün unikal deyildi;
- münaqişənin danışıqlar masasında həlli ümidləri yaranmışdı, xüsusilə beynəlxalq oyunçuların istəkləri fonunda;

Dekabr ayında – Ermənistanda seçkilərdən öncə ABŞ prezidentinin müşaviri Con Boltonun regiona səfəri və İrəvanda dedikləri sözlər də münaqişənin həlli ilə bağlı “yol xəritəsinin” mövcudluğu haqqında təsəvvürləri formalaşdırırdı.

“İnanırıq ki, Nikol Paşinyanın komandası seçkidə (parlament seçkiləri – red.) qalib gələcəksə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ciddi irəliləyişlər olacaq”, – Bolton belə deyirdi.

2019-cu ilin yanvarında Azərbaycan və Ermənistan XİN rəhbərləri Parisdə üç saatlıq müzakirə apardı, “xalqları sülhə hazırlamaq” üzərində razılıq əldə olundu. 23 yanvar tarixində isə Prezident İlham Əliyevlə Nikol Paşinyanın Davosda görüşü keçirildi.

Proseslər pozitiv istiqamətdə inkişaf edirdi, lakin hakimiyyətini möhkəmləndirmək üçün Düşənbədə Əliyevdən vaxt istəyən Paşinyan buna nail olan kimi təxribatlara başladı.

2019-cu ilin 26 fevralında - Xocalı soyqırımının 27-ci ildönümü günü soyqırımın müəllifi olan Ermənistanın müdafiə naziri Davod Tonoyan “yeni müharibə yeni ərazilər” iddiası ilə gerçək niyyətlərini ortaya qoydu. Martın əvvəlində Nikol Paşinyan danışıqlar masasında “format dəyişikliyi” iddiasını irəli sürdü: Qarabağdakı separatçı-terrorçuları münaqişənin “tərəfi” olaraq qəbul etdirmək istəyirdi. Martın 12-də Ermənistan Təhlükəsizlik Şurasının iclası tarixdə ilk dəfə olaraq, Azərbaycanın işğal edilmiş ərazilərində – Xankəndidə separatçıların iştirakı ilə keçirildi və iclasda “Qarabağın tərəf olması” tezisi yenidən gündəmə gətirdi.

Martın 29-da Azərbaycan Prezidenti ilə erməni baş nazir Vyanada bir araya gəldi. Əslində Tonoyanın hərbi ritorikaya müraciət etməsi və Azərbaycan əsgərinin şəhid edilməsi bu görüşün də digərləri kimi nəticəsiz olmasına hesablanmışdı. Vyana görüşündə Ermənistanın separatçıları danışıqlara “tərəf” kimi daxil etmək iddiası alt-üst edildi, lakin bu, həmsədrlərin yox, Azərbaycan liderinin siyasi iradəsinin nəticəsi idi. Minsk qrupu sadəcə nəticəsiz bəyanatlar vermək vərdişini davam etdirərkən, Nikol Paşinyan Vyanadan qayıdandan sonra da sülh danışıqlarını baltalamağa başladı.

İyul ayından başlayaraq, işğalçı ölkə təxribat hücumlarını təmas xəttindən dövlət sərhədinə - Qazax istiqamətinə keçirdi. Avqustun 5-də Paşinyan işğal altındakı torpaqlarda “Miatsum” (Azərbaycan torpaqları hesabına “birləşmiş” erməni dövlətinin yaradılması ideyası – red.) iddiasını gündəmə gətirdi və iddia etdi ki, “Qarabağ Ermənistandır və nöqtə”.

Prezident İlham Əliyev işğalçı ölkənin rəhbərinin cavabını tarixi “Qarabağ Azərbaycanındır və Nida” bəyanatı ilə verdi, lakin həmin vaxt yox, məhz iki aydan sonra...

“Niyə” sualının cavabı yenə diqqəti Əliyevin srateji gedişlərinə çəkir.

Həmin vaxt iki mühüm hadisə gözlənilirdi: biri BMT Baş Assambleyasının 74-cü sessiyası, digəri Avrasiya İqtisadi İttifaqının İrəvanda keçiriləcək zirvə toplantısı.

Bu, iki qütbün – Şərqlə Qərbin Ermənistana münasibətini ortaya qoyacaqdı və Azərbaycan lideri siyasi şahmat taxtasında gedişlərini buna görə müəyyənləşdirəcəkdi. Ermənistanın baş nazirinin “Amerika arzuları” çin olmadı, Avrasiya İqtisadi İttifaqının (Aİİ) iclası, daha doğrusu, Putinin İrəvana gəlişi də Ermənistan üçün heç nə qazandırmadı.

Azərbaycan lideri məhz siyasi prosesləri analiz edərək, cavab üçün vaxtı və məkanı dəqiq seçdi: “Valday” Beynəlxalq Diskussiya Klubunun Soçidə keçirilən iclası, Ermənistanın özünə müttəfiq seçdiyi və arxalandığı Rusiya.

“Qarabağ Azərbaycandır və NİDA”. İlham Əliyevin cavabı proseslərin inkişafını da müəyyənləşdirirdi.

2020-ci ilin ilk ayından etibarən Ermənistan separatçı rejimi danışıqlarda “tərəf” kimi iştirak etmək iddiasını daha da genişləndirdi və sülh prosesini pozmaq üçün təxribatlarını davam etdirdi.

15 fevralda İlham Əliyev və Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransında canlı debata çıxdı: bu, münaqişə tarixində ilk idi və Azərbaycan lideri tarixi faktlarla erməni baş naziri dünyanın gözü önündə alt-üst etdi, bununla həm də beynəlxalq ictimaiyyətə haqlının kim, haqsızın kim olduğunu, işğala məruz qalanla işğalçı arasındakı fərqi nümayiş etdirdi.

Masada məğlub olan Ermənistan təxribatlarını gennişləndirirdi. Mayın 22-də işğal altındakı ərazilərdə separatçı rejimin yeni “rəhbəri”nin qondarma “andiçmə” mərasimi Şuşada keçirildi. Mərasimin baş qonağı Ermənistanın baş naziri Nikol Paşinyan idi.

İyulun 12-də Ermənistan Tovuz istiqamətində - dövlət sərhədində təxrubat hücumuna keçdi: işğalçı ölkə “yeni müharibə, yeni ərazilər” prinsipini praktiki müstəviyə keçirməyə cəhd etdi. Azərbaycan Ordusu düşmənin layiqli cavabını verdi. Artıq ox yaydan çıxmışdı və bütün yollar müharibəyə aparırdı.

2020-ci ilin sentyabr ayı: Azərbaycan lideri iki strateji gediş etdi.

Birincisi, Düşənbə görüşünün bütün detallarını itimaiyyətə açıqladı. Bu, Ermənistanın daxili siyasətində partlayışın yaradılması məqsədi “minaların döşənməsi” gedişi idi:

- Bununla Nikolun Azərbaycanla razılaşmaqda ittiham etdiyi rəqibləri ona qarşı eyni ittihamı irəli sürmək imkanı qazandı;
- Müxalifət “Paşinyan İrəvanda hakimiyyətini quranda, Əliyev Qarabağda güclənirdi” ittihamlarını irəli sürməyə, onu Bakı ilə gizli razılaşmada günahlandırmağa başladı;
- Ermənistan daxilində siyasi qarşıdurmanın güclənəcəyi, atmosferin daha da pisləşəcəyi şübhəsiz idi və bu, mümkün müharibədə Azərbaycanın istəyinə uyğun idi;

Müharibə üstünlüyü ələ almağın yollarından biri düşmənin içində inamsızlıq, qarışıqlıq yaratmaqdır. Bakıdan İrəvana atılan “güllə” hədəfə dəymişdi.

İkincisi, beynəlxalq ictimaiyyətə sonuncu xəbərdarlığı etdi: Azərbaycan Prezidenti 2020-ci ilin 24 sentyabrında BMT Baş Assambleyasında sonuncu çıxışı zamanı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilmədiyindən, Ermənistanın təxribatlarından, mülki əhalini hədəfə almasından, silahlanmasından bəhs etdi və baş verə biləcək hərbi toqquşmanın məsuliyyətinin Ermənistanın üzərinə düşdüyünü bildirdi;

Azərbaycan bütün dünyaya mümkün müharibənin səbəbkarını və səbəblərini göstərmişdi.

Bu xəbərdarlıqdan üç gün sonra Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı terror hücumlarına genişmiqyaslı şəkildə start verdi. Və illərdir müqəddəs günü yaxınlaşmaq istiqamətində fəaliyyət göstərən Ali Baş Komandan İlham Əliyev Orduya əks-hücum əmri verdi.

27 sentyabr: Azərbaycanın son 250 illik tarixində məğlubiyyət sindromunun qırıldığı, 30 il sonra torpaqlarımızdakı işğala son qoyulduğu müqəddəs gün.

Azərbaycan Ordusu düşmənin 4 ilə işğal etdiyi torpaqları cəmi 44 günə azad etdi. Cəmi 44 günə Ermənistan darmadağın edildi, 300-dən artıq yaşayış məntəqəsi azad olundu, Şuşaya üçrəngli bayrağımız sancıldı və işğalçı ölkə kapitulyasiyaya məcbur oldu: işğal altındakı ərazilərin digər qismi – Laçın, Kəlbəcər, Ağdam bir güllə atılmadan, bir şəhid verilmədən azad olundu.

Bu, Azərbaycanın tarixi Qələbəsi, milli oyanışı, məğlubiyyət sindromundan xilası və Ermənistanın işğal dövründə uydurduğu miflərinin darmadağın edilməsi idi.

I Qarabağ müharibəsində Azərbaycandakı siyasi xaosdan, nizamsız ordunun olmasından istifadə edərək, torpaqlarımızı işğal edən Ermənistanda çoxsaylı miflər yaranmışdı:

- “Yenilməz erməni ordusu”;
- “Qəhrəman erməni əsgəri”;
- “Görkəmli erməni sərkərdələri” və s;

Azərbaycan Ordusu cəmi 44 gün ərzində Ermənistanın 4-5 ilə işğal etdiyi torpaqları azad etdi və 30 il ərzində uydurulmuş erməni mifləri “qum qalaları” kimi bir anda yoxa çıxdı.

“Yenilməz erməni ordusu” Azərbaycan əsgərinin qarşısında diz çökdü.

Canlı qüvvə itkisi: 6 min və daha çox erməni hərbçisi məhv edildi, 10 mindən çox hərbçi yaralandı, minlərlə hərbçi itkin düşüb.

Ermənistanın “yenilməz ordusu”nun hərbi texnikası bu gün Bakıda yaradılmış Qənimətlər Parkındadır.

“Qəhrəman erməni əsgəri” Azərbaycan əsgərinin qarşısında qaçırdı: 10 mindən artıq erməni əsgəri müharibə dövründə fərarilik etdi, bu gün də Ermənistanda fərariliklə bağlı cinayət işləri davam edir. Azərbaycan Ordusunun bir əsgərinin belə fərarilik etməməsi hansı ordunun qəhrəman olduğunun sübutudur.

“Görkəmli erməni sərkərdələri” isə əsgərlərini də ataraq, arxalarına baxmadan qaçdılar: I Qarabağ müharibəsində Xocalı soyqırımını törədən, əliyalın insanlara divan tutan Koçaryan, Sarkisyan, Ohanyan kimi uyfurma “sərkərdələr” müharibənin gedişində Qarabağa gəlmişdilər, lakin Azərbaycan Ordusunun irəliləməsi xəbərindən sonra qorxularından İrəvana qaçdılar. Şuşa əməliyyatında Ohanyanın gizlincə Ermənistana necə qaçdığı hələ də müzakirə olunur. Vətən müharibəsi bir daha sübut etdi ki, “görkəmli erməni sərkərdələri” yalnız qadına, uşağa, əliyalın, silahsız insanlara qarşı vəhşiliklə “qəhrəmanlaşıblar”. Azərbaycan Ordusunun ayaq səsləri bu uydurma qəhrəmanların qaçmasına bəs etdi. Sübut olundu ki, Prezident İlham Əliyevin dediyi kimi, “Fərarilər, satqınlar, cəlladlar, qorxaqlar - onlar ancaq əliyalın əhali ilə müharibə apara bilərlər”.

Vətən müharibəsi eyni zamanda, Ermənistanın uydurduğu “azərbaycanlılar vuruşmayacaqlar” mifini darmadağın etdi. 30 il ərzində uydurulan bu mif özlərini sakitləşdirməyə hesablanmışdı. Onlar hesab edirdilər ki, Azərbaycan vəziyyətlə barışacaq, indiyə qədər müharibə etməyibsə, bundan sonra da etməyəcək. Lakin 27 sentyabr tarixi bu mifin dağılması günü idi və tamamilə məhv olmasına cəmi 44 gün bəs etdi.

Azərbaycan döyüşdü, ləyaqətlə müharibə apardı, qalib gəldi və öz torpaqlarına qayıtdı. Və bu qayıdış “ermənilər qədim tarixə və mədəniyyətə malikdir”, “Ermənistan Qafqazda mədəniyyət ocağıdır” mifini də alt-üst etdi. Bəlli oldu ki, Ermənistan işğalda saxladığı torpaqlarımızda daşı daş üstə qoymayıb, əksinə bütün infrastrukturu məhv edib, şəhərləri viran qoyub. Şəhərlərimizin düzəngaha çevrilməsi sübut edir ki, ermənilər nə qədim tarixə, nə də mədəniyyətə malikdirlər. Prezidentin bəyan etdiyi kimi, işğaldan azad edilən torpaqlarımızın viranəyə çevrilməsi “erməni mədəniyyətinin” bariz nümunəsidir.

27 sentyabr tarixin axınının dəyişdiyi təqvimdir. Azərbaycan torpaqlarını azad etdi, regiondakı siyasi reallıqları yenidən yaratdı, həm də apardığı müharibə standartları ilə dünyanın hərbi nəzəriyyələrini yenidən yazdı. Azərbaycan XXI əsrin müharibəsini qazandı, tarixi Zəfərlə tarixi ədaləti bərpa etdi.

Asif Nərimanlı

0