Türkiyə-İsrail münasibətlərinin normallaşmasında Azərbaycanın rolu

11:53 / 27.09.2023
713

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Baş naziri Benyamin Netanyahunun tezliklə Ankaraya səfər edəcəyini açıqlayıb.

Ərdoğan Türkiyə və İsrail olaraq bir çox sahədə əməkdaşlıq etdiyini vurğulayıb:
"Yeni əməkdaşlıq sahələrinin olması da faktdır. Xüsusilə, Avropa Rusiya-Ukrayna müharibəsindən sonra konyukturanın təsiri ilə dayanıqlı enerji mənbələri axtarışındadır. İsrail öz resurslarını Avropaya nəql etməyə çalışır. Ən rasional yol bu resursları Türkiyə üzərindən Avropaya çatdırmaqdır".

Görünür, Azərbaycana yaxın iki ölkə olan Türkiyə və İsrail arasındakı münasibətlərin normallaşması üçün addımlar atılır. Netanyahunun da Ankaraya səfəri bu cəhətdən mühüm əhəmiyyət kəsb edir. Əlbəttə ki, burada rəsmi Bakının da rolunu xüsusi qeyd etmək lazımdır. Azərbaycanın vasitəsilə Türkiyə ilə İsrail münasibətləri tam normallaşacağı və inkişaf edəcəyi aydındır.

Bununla bağlı HİT.az-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahunun Türkiyəyə səfər etməsi müsbət hadisədir:

334551

"Xüsusi ilə də iki ölkə arasında münasibətlərin normallaşması baıxımından bu, prosesi irəliyə apara bilər. Xatırladım ki, 2010-cu il "Mavi Mərmərə" olaylarından sonra iki ölkə arasında siyasi münasibətlər kəsilmiş və gərginlik pik həddə çatmışdı. Bununla belə Türkiyə İsrail iqtisadi münasibətləri davam edirdi. 

Lakin Türkiyə İsrail münasibətləri bu gün normallaşsa da qalan problemlər var. Təbii ki, indiki halda Türkiyənin Fələstin siyasətinin dəyişib-dəyişməyəcəyi sualı aktuallığını qoruyur. Hesab edirəm ki, Ankaranın bu məsələdə mövqeyi dəyişməz qalacaq. Xüsusilə də Ankaranın Qüdsün İsrailin paytaxtı olması məsələsi ilə barışacağını gözləmirəm".

Ekspertin sözlərinə görə, İsrail müsəlman ölkələri ilə münasibətlərini normallaşdırmaq istəyirsə, Qüdsü paytaxt elan etmək məsələsindən uzaq durmalıdır:

"Şübhəsiz ki, “Mavi Mərmərə” hadisəsi sonrası İsrail-Türkiyə münasibətlərinin pisləşməsi hər kəsdən çox Azərbaycana sərf etmədi. Rəsmi Bakı hadisə sonrası faktiki olaraq dilemma arasında qaldı. Lakin Azərbaycan Türkiyə-İsrail gərginliyində tərəfsizliyini qorudu. Hətta Türkiyə tərəfi məsələyə görə rəsmi Bakıdan dəstək gözləsə də, Azərbaycan məsələnin həssaslığını dərk edərək iki ölkə arasında tərəf tutmadı. 

Hesab edirəm ki, o vaxt üçün atdığımız bu addım doğru idi. Çünki gələcəkdə yalnız Azərbaycan tərəfi İsrail ilə Türkiyə arasında əlaqələri bərpa edə və ya buna cəhd edə bilərdi. Elə də oldu".

Politoloq vurğulayıb ki, Azərbaycan 44 günlük Vətən müharibəsi zamanı həm Türkiyəyə məxsus “Bayraktar”, həm də İsrailə məxsus “Harop” tipli PUA-lardan istifadə edərək faktiki olaraq müharibə zamanı iki əks mövqeli ölkənin Qarabağ məsələsində ortaq məxrəcə gəldiyini göstərdi:

"Həm Türkiyə, həm də İsrail müharibə zamanı Azərbaycana tam dəstək ifadə etdi. Rəsmi Bakı bir daha sübut etdi ki, İsrail və Türkiyə nəinki ortaq hərəkət edə bilər, hətta yenidən əlaqələri bərpa edə və əməkdaşlıq qura bilərlər. Bu mənada hazırda iki ölkə arasında əlaqələrin qurulması rəsmi Bakıya sərf edir. Başqa cür desə, Təl-əvivlə Ankara münasibətlərin normallaşmasında Bakının diplomatik səyləri önəmlidir".

Pərviz

0