Ermənistanın 30 ildir ki işğal altında saxladığı Azərbaycanın tarixi torpaqları olan Qarabağa vurduğu zərərin sayı-hesabı yoxdur. Bu zərərin təzminat dərəcəsi isə 100 milyardlarla dollarla ölçülür. Lakin son günlər daha bir məsələ gündəmə gəlib. Belə ki, Türkiyə mediası, xarici media yazır ki, təzminatın əvəzi olaraq, Zəngəzur dəhlizinin açılması məsələsi Ermənistana şərt olaraq irəli sürülə bilər.
Bəs, bu, mümkündürmü? Ermənistan sözügedən təkliflə razılaşarmı?
Hit.az-a açıqlamasında hüquqşünas Əsabəli Mustafayev bildirib ki, bunun müzakirəsi Ermənistanda hakimiyyətin dəyişikliyi ilə nəticələnə bilər:
"Azərbaycanın öz bölgəsi olan Naxçıvanla birbaşa əlaqəsi yoxdur. Bu məsələni Avropa Məhkəməsində qaldıra bilər ki, Naxçıvanı blokadadan çıxartmaq üçün Zəngəzur dəhlizi açılsın. Amma inanmıram, Ermənistan bu təklifə getsin. Bu təklifin müzakirəsi belə Ermənistanda hakimiyyətin dəyişikliyinə gətirə bilər. Onsuz da Paşinyana qarşı istefa şüarları səsləndirilir, aksiyalar keçirilir. Ancaq Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Avropa Məhkəməsində məsələ qaldıra bilər".
Aynur Əli