Azərbaycanın Qranada görüşündən imtinası: "Format qərəzlidir"

SİYASƏT
16:32 / 04.10.2023
691

Xəbər verildiyi kimi, Azərbaycan İspaniyanın Qranada şəhərində oktyabrın 5-nə planlaşdırılan beştərəfli görüşdən imtina edib.

Azərbaycan görüşdə Türkiyənin iştirakını təklif etsə də, buna imkan verilməyib. Əvəzində, məsələdə Fransa və Almaniya xüsusi canfəşanlıq nümayiş etdirib.

Azərbaycana təklif olunan beşli formatda (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) anti-Azərbaycan ab-havası formalaşıb.

Fransa rəsmilərinin (müdafiə naziri, xarici işlər naziri və s.) ermənipərəst bəyanatları, XİN başçısının Ermənistana səfəri və hərbi əməkdaşlıq, silah-sursat veriləcəyi haqda açıqlamalar, Aİ Şurasının Prezidenti Şarl Mişelin dünənki Azərbaycanı ittiham edən aşıqlaması fonunda Azərbaycan bu formatda danışıqlarda iştiraka lüzum görməyib.

Politoloq İlyas Hüseynov açıqlamasında bildirib ki, qərəzli mövqe göstərildiyi üçün Azərbaycanın bu görüşdən imtina etməsi doğru addımdır:

"Fransanın qərəzli münasibəti, anti-Azərbaycan əhval-ruhiyyəsinin hökm sürməsi nəticəsində cənab prezident bu görüşdə iştirakdan imtina etdi. Həmçinin, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın çıxışına da əngəllər törədildi. Mənə elə gəlir ki, Avropa Birliyi yenidən Azərbaycanla Ermənistan arasında dialoq formalaşdırmağa çalışarsa, Fransanın iştirakı olmadan Azərbaycan bu görüşlərdə iştirak edə bilər. Lakin hazırkı format qərəzlidir. Birtərəfli münasibətin göstərildiyi məlumdur. Rəsmi Bakının bu görüşdən  imtina etməsi doğru və yerində qərardır. Milli maraqlarımıza qarşı hər hansı addım atılacağı halda bu kimi reaksiyaları görəcəklər. Qəti addımlarımız bundan sonrakı mərhələlərdə də görünəcəkdir".

Aynur Əli

0