Köçəryan və Sarkisyan da Azərbaycanda həbs oluna bilər? - RƏY

SİYASƏT
14:30 / 05.10.2023
638

"Sözsüz ki, Robert Köçəryan da, Serj Sarkisyan da müharibə caniləridir".

Bu sözləri HİT.az-a açıqlama verən politoloq Aydın Quliyev deyib.

O bildirib ki, həmin canilər Azərbaycan xalqına və dövlətinə qarşı heç vaxt bağışlanmayacaq cinayətlər törədiblər:

"Onların əli birbaşa Azərbaycan xalqının qanına batıb. Necə ki, bu gün Qarabağdakı qondarma rejimin saxta "prezident"lərinin hər üçü əli qandallı Bakıya gətirildilər. Eynilə də Köçəryan və Sarkisyan da nə vaxtsa əlləri qandallı şəkildə Azərbaycana təhvil veriləcək. Bunun üçün çox ciddi əsaslar var. Bunun nə vaxt baş verəcəyi ilə bağlı indidən fikir söyləmək çətindir. Amma Köçəryan və Sarkisyan cinayət məsuliyyəti daşıyırlar və cəzalandırılmalıdırlar. Üstündən neçə illər keçməsinə baxmayaraq, o cinayətkarlar mütləq şəkildə cəzalarını çəkəcəklər".

Ekspert hesab edir ki, Köçəryan və Sarkisyanın ölkəmizə təhvil verilməsi hər şeydən əvvəl Rusiya və Azərbaycan münasibətlərinin səviyyəsindən asılı olacaq:

335184

"Təbii ki, bu gün Ermənistanda Nikol Paşinyan hakimiyyətinin mövcudluğu şəraitində Köçəryan və Sarkisyan o qədər təhlükəsiz deyillər. Çünki onlar, bu gün Paşinyanın siyasi rəqibləri sayılırlar. Üstəlik, bütün addımlarında Paşinyanın hakimiyyəti üçün problem yaratmağa çalışırlar. Bu səbəbdən Paşinyan həm Köçəryan, həm də Sarkisyandan mümkün qədər tez yaxa qurtarmağa çalışacaq. 

Ancaq hər iki cinayətkarın Azərbaycanda həbs edilməsi Rusiya ilə münasibətlərimizin necə olacağından asılıdır. Əgər bu münasibətlər çox yüksək səviyyədə dərinləşməkdə davam edəcək, Azərbaycanla Rusiya arasında həll olunmaz probemlər qalmayacaq, və tam anlaşma mövcud olacaqsa, habelə Cənubi Qafqazda sülh və təhlükəsizlik məsələsində tərəflərin siyasəti üst-üstə düşəcəksə, Köçəryanla Sarkisyanın ölkəmizə təhvil verilməsi perspektivləri çox güclüdür. Amma Azərbaycan-Rusiya münasibətləri gözlədiyimiz kimi olmasa, vəziyyət bir qədər dəyişə bilər".

Politoloq qeyd edib ki, Köçəryan və Sarkisyan Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən də cəzalandırıla bilər:

"Bütün hallarda, həm Köçəryan, həm də Sarkisyan müharibə cinayətkarlarıdır. Onların Azərbaycana təhvil verilməsindən asılı olmayaraq, Köçəryan və Sarkisyanla bağlı beynəlxalq tribunal da qurula bilər. Yəqin ki, Azərbaycan hakimiyyəti hər iki şəxsin törətdikləri cinayətləri sübut edən ciddi faktları Beynəlxalq Cinayət Məhkəməsinə təqdim edəcək və ya edib. Buna uyğun olaraq, çıxarılacaq qərar Köçəryan və Sarkisyanın taleyini həll edə bilər".

Pərviz

0