Zəngəzur dəhlizi reallığa çevrilir: "Gedişat göstərir ki..."

SİYASƏT
16:12 / 05.10.2023
802

Son günlərdə Zəngəzur dəhlizinin açılması məsələsi daha da aktuallaşıb.

Bölgədə yeni yaranan reallıqlar fonunda Zəngəzur dəhlizinin açılması gündəmin əsas mövzusuna çevrilib. Bununla bağlı son zamanlarda Rusiya tərəfindən də tez-tez açıqlamaların verilməsinə şahidlik edirik. 

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova da bu barədə açıqlama verib:

“Rusiya Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi yolu ilə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində irəliləmək üçün böyük potensial görür. Təbii ki, hər şey ölkələrin siyasi iradəsindən və konkret razılaşmaların əldə edilməsinin hazır olmasından asılıdır”.

Beləliklə, Zəngəzur dəhlizinin artıq reallığa doğru çevriləcəyinin işartılarını daha sürətlə görürük.

Politoloq Rizvan Hüseynov HİT.az-a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra həm Moskvaya qarşı sanksiyalar tətbiq olundu, həm də Avropa ilə iqtisadi bağları zəiflədi:

335195

"Həmçinin, Rusiya ilə Avropa arasında olan enerji və digər alış-verişlər dayandırıldı. Ona görə də, Kreml Zəngəzur dəhlizinin açılmasına meyillənib. Amma buna əngəl törədən Ermənistanın mövqeyidir. Rəsmi İrəvanın arxasında isə bəzi ölkələr dayanır. Biz bilirik ki, Fransa, İran və nisbətən ABŞ Zəngəzur dəhlizinin açılmasını istəmir. Azərbaycan, Türkiyə, İsrail, İngiltərə, Pakistan kimi bir sıra ölkələr bu dəhlizin açılmasını istəyir. Təbii ki, Rusiyanın da mövqeyi burada aydındır".

Politoloqun sözlərinə görə, Zəngəzur dəhlizinin konkret olaraq nə vaxt açılacağını indidən demək çətindir:

"Amma gələn il sonuna qədər Ermənistan ərazisindən dəhlizin dəmiryolu və avtomobil yolu tikilməlidir. Hərçənd ki, indiyə kimi bunun əngəlləndiyini və gecikdirildiyini görürük. Gedişat onu göstərir ki, Zəngəzur dəhlizi açılacaq. Düşünürəm ki, istər Ermənistan, istərsə də İran ərazisi vasitəsilə Zəngəzur dəhlizi 2025-ci ilə qədər açılmalıdır".

Pərviz

0