"Fransanın hadisələrə müdaxilə etmək istəməsi nəyisə dəyişdirmir"

SİYASƏT
18:37 / 05.10.2023
533

Bildiyiniz kimi, bir neçə gün öncə Fransa xarici işlər nazir Katerin Kolonna Ermənistana səfər edib. O, mətbuat konfransında Azərbaycana qarşı qərəzli fikirlər səsləndirib. Bildirib ki, guya, Qarabağda yaşayan ermənilər məcburi şəkildə ərazidən çıxarılır. O, həmçinin, Fransanın Ermənistanın yanında olduğunu deyib. Azərbaycan XİN-in səfirə, Fransaya cavabı isə çox gecikməyib. Belə ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə özünün "X" səhifəsində Fransa xarici işlər nazirinin iddialarına cavab verib.

"3 oktyabr tarixində Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanın Ermənistana səfəri çərçivəsində mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları qətiyyətlə pisləyir və rədd edirik",-deyə cavabda deyilib.

Fransanın Azərbaycana qarşı qərəzli münasibəti İkinci Qarabağ müharibəsindən sonra daha aydın görülməyə başlayıb.

Politoloq Elşən Manafov Hit.az-a açıqlamasında bildirib ki, Fransanın hadisələrə müdaxilə etmək istəməsi nəyisə dəyişdirmir:

"Fransa hər zaman Azərbaycana qarşı qərəzli mövqe ilə çıxış edib, ermənipərəst mövqe sərgiləyib. Xüsusilə Makronun prezident olduğu dönəmdə bu siyasət daha çox görülməyə başlayıb.

Lakin Fransanın bu mövqeyi bölgədə hər hansı vəziyyəti dəyişdirmək gücündə deyil. Ümumiyyətlə, bu gün Cənubi Qafqazda Qərb də öz sözünü deməyə çalışsa da, əsas təsir imkanları Rusiyanın əlindədir və hər hansı geosiyasi reallıqları dəyişdirmək onunla razılaşdırılmalıdır. Bu səbəbdən Fransanın hadisələrə müdaxilə etmək istəməsi nəyisə dəyişdirmir".

Aynur Əli

0