Zəngəzur dəhlizinin açılması ilə bağlı çalışmalar davam etdirilir.
Lakin Ermənistanla yanaşı, bu dəhlizə qarşı çıxan başqa bir dövlət daha var. Əlbəttə ki, söhbət İrandan gedir. Rəsmi Tehran hər məsələdə olduğu kimi yenə də ermənipərəst mövqedən çıxış edərək Zəngəzur dəhlizinin açılmasına əngəl törətməyə cəhd göstərir. Hətta İran rəsmiləri bütün platformalarda Zəngəzur dəhlizinin açılamasına qarşı olduqlarını bəyan edirlər. Bu isə öz növbəsində haqlı suallar yaradır.
Axı İran nə üçün Zəngəzur dəhlizinə qarşıdır? Rəsmi Tehran hansı məqsədlə bu dəhlizin açılamasını əngəlləməyə çalışır?
Mövzu ilə bağlı HİT.az-a açıqlama verən politoloq Rusif Məmmədsoy bildirib ki, İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyində hər hansısa dəyişiklik müşahidə edə bilmirik:
"Xüsusilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvana səfərindən sonra bəzi açıqlamaları ilə diqqət çəkmişdi. Ərdoğan vurğuladı ki, əgər Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olsa, bu yolu İrandan da çəkə bilərik. İrandan isə durmadan bölgədə kənar aktorların iştirakına imkan verməyəcəkləri barədə açıqlamalar verilir.
Əslində bu, ənənəvi İran siyasətidir. Rəsmi Tehranın Zəngəzur dəhlizinə qarşı çıxması İranın türk düşmənliyi siyasətinin davamı kimi dəyərləndirilməlidir. Yəni İranın əsl məqsədi ermənipərəstlik deyil".
Ekspert qeyd edib ki, İran burada türk zolağının yaranmamasını istəmir:
"Əslində, Zəngəzur dəhlizi siyasi, iqtisadi və xüsusilə strateji əhəmiyyətə sahib meqa layihədir. Yəni burada sadəcə Azərbaycan və digər bölgə ölkələri deyil, qlobal anlamda maraqlı olan tərəflər var. Xüsusilə Çin və Böyük Britaniya kimi ölkələri buna misal göstərmək olar.
ABŞ isə Çin məsələsinə görə bu məsələdə bir qədər fərqli mövqe sərgiləyir. Ancaq istənilən halda, İran bu günün reallıqlarını nəzərə alaraq, Zəngəzur dəhlizindən imtina etməməlidir. Çünki bu, onun üçün də iqtisadi dvidentlər qazandıra bilər".
Pərviz