Makron ermənilərə yeni tələ qurdu

SİYASƏT
13:26 / 10.10.2023
673

Cənubi Qafqaz bölgəsindəki proseslərə kobud müdaxilə etməyə çalışan Fransa çox böyük sürətlə Ermənistanı silahlandırmağa hazırlaşır. Lakin bu proses Parisin gözləntilərinə tam əks nəticə verəcək

Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasına yönəlmiş prosesdə rəsmi Paris vasitəçilik cəhdləri səngimək bilmir. Lakin rəsmi Bakı Fransanın siyasi elitalarının və hakimiyyətinin bu niyyətini rədd edir, çünki prezident Emmanuel Makron ilə komandası bölgədəki hadisələrin gərginləşdirən, destruktiv məcraya yönəldən əsas qüvvələrdən birinə çevrilib.

44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində kapitulyasiya edən Ermənistanın silahlı qüvvələrinin qalıqlarını sürətlə silahlandırmaq niyyətində olan Fransanın bu qərarı isə bölgədə sülhlə stabilliyin bərqərar olmasına yox, yeni münaqişənin əsasının qoyulmasına yönəlmiş davranışdır.

Paris niyyətini gizlətmir. Fransanın XİN başçısı Katrin Kolonna İrəvanda rəsmi səfərdə olarkən baş nazir Nikol Paşinyanla görüşmüş və bəyan etmişdi ki, Fransa Ermənistanı silahlandırmaq, ən müasir hərbi texnika, silah-sursat və avadanlıqla təmin etmək niyyətindədir.

Makronun açıqlamalarından və Kolonnanın bəyanatından sonra situasiyanın hansı istiqamətə yönəldiyini anlayan rəsmi Bakı "Avropa Siyasi Cəmiyyəti"nin İspaniyanın Qranada şəhərində keçirilmiş sammitindən iştirak etdi.

Xatırladaq ki, Avropa İttifaqı Siyasi Şurasının sədri Şarl Mişelin təşəbbüsü və vasitəçiliyi ilə sözügedən sammitdə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşlə müzakirələr olmalı idi.

Fəqət Emmanuel Makronun bu görüşə qatılmaq və üstəlik də Almaniya kansleri Olaf Şoltsun da iştirakını təmin etmək niyyəti qərəzli strategiya idi. Səbəb bəsitdir: Fransa danışıqların üçtərəfli formatını beştərəfli formata çevirmək istəyirdi.

Təbii ki, Makronun belə "ekvilibristika"sı ilə razılaşa bilməzdik.

Amma hər şeyə rəğmən, Azərbaycan Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə Ermənistanla sülz sazişinin imzalanması ilə bağlı danışıqları davam etdirməyə hazırdır.

Əldə edilmiş ilkin razılaşmalara görə, danışıqların növbəti mərhələsi bu ayın sonunda Brüsseldə keçirilməlidir.

Emmanuel Makronun, fransalı nazirlərin və siyasətçilərin açıqlamaları, bəyanatları və ən əsası, qatı ermənipərəst mövqeləri Fransanın bölgəmiizdəki siyasətini dalana dirəyib.

Fransa diplomatiyası Cənubi Qafqazda çox ciddi uğursuzluğa düçar olub, yaranmış problemin həlli yollarını aramaq yerinə vəziyyəti daha da kəskinləşdirən Parisin bütün səyləri nəticəsiz qalıb.

Fransa prezidenti Emmanuel Makron Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması prosesində Rusiya Federasiyasını və ABŞ-ı geridə qoyaraq əsas vasitəçi, baş moderator olmaq niyyətində idi.

Bakı isə ikiüzlü və açıq ermənipərəst siyasət yürüdən Fransanın bu "xidmət"indən imtina etdi.

Emmanuel Makron özünü dünyanın müxtəlif məkanlarındakı münaqişələri nizamlayan və böhranların güclənməsinə imkan verməyən dövlət başçısı kimi reklam etsə də, o, Cənubi Qafqazda tam fiaskoya uğrayıb.

Azərbaycanla Ermənistan arasında gedən danışıqlarda Fransanın moderator olmaq planı isə ümumiyyətlə, hansısa perpsektivdən məhrumdur.

Son 31 ildə ATƏT-in Minsk Qrupunda Rusiya və ABŞ-la birlikdə həmsədr dövlətlərdən olan Fransanın indiki siyasəti, xüsusilə də Azərbaycanla bağlı tutduğu mövqe primitiv, yanlış və absurddur.

Eynən Makronun Liviya, Nigeriya, Burkina-Faso, Venesuela, Sudan, Somali, Livan və ya Ukrayna ilə bağlı "vasitəçilik təşəbbüs"ləri kimi.

Azərbaycanın Ermənistanla Aİ vasitəçiliyi ilə danışıqlar aparmaq istəyisə Fransanın ümumiyyətlə, "oyundankənar vəziyyət"də qoyur.

Fransa isteblişmentinin davranışı, strategiyası və taktikası anlaşılandır: onlar ölkə daxilindəki ermənilərin səslərini, yəni rəğbətini itirməmək "praqmatik" addımlar atdıqlarını düşünürlər. Di gəl, belə praqmatizm əslində saxtakarlıq, yanlış yol və sonu görünməyən vədlər seriyasıdır.

Fransanın hakimiyyət dairələrində və siyasi müstəvisində mövcud fiqurların total əksəriyyəti məhz ölkədəki erməni diasporunun səsləri uğrunda möhtəkirlik etdiklərindən Emmanuel Makron bu meyntsrim cərəyanına qoşularaq lider olmağa can atır.

Eyni zamanda o, Azərbaycanın da "könlünü almağa" çalışır. Məsələn, Qranada sammitində "Azərbaycana qarşı sanksiyalar heç bir əhəmiyyət verməyəcək" deyən E.Makron qarabağlı ermənilərin bir hissəsinin Azərbaycanı tərk edərək Ermənistana yollanmalarını fransalı siyasətçilər və nazirlərdən fərqli olaraq "etnik təmizləmə" kimi sərsəm ifadə ilə dəyərləndirmədi.

Makronun belə vurnuxmaları ilə manevrləri rəsmi Bakını aldada bilməz.

Çünki ortada Fransanın Ermənistanı silahlandırmaq niyyəti var.

Son il Fransa ilə Ermənistan arasında hərbi-texniki sahədə əməkdaşlıq sürətlə aktivləşməkdədir. Ötənilin oktyabrında Fransa İrəvandakı səfirliyinə hərbi məsələlər üzrə attaşe təyin edərək ona Parislə İrəvan arasında hərbi tərəfdaşlığın miqyasını genişləndirmək tapşırığı verib.

Bu ilin mayında isə Fransa Ermənistana 50 zirehli transportyor (ZTR) yolladı. İyun ayında 170 fransalı parlamentar və bələdiyyə başçıları İrəvana daha ciddi, daha genişmiqyaslı hərbi yardımlar göstərilməsini tələb etdilər.

İyunun 18-də isə Ermənistanın müdafiə naziri Suren Papikyan Parisə yollanaraq fransalı həmkarı ilə görüşdü, danışıqlar apardı.

Fransanın Ermənistanı sürətlə silahlandırmaq niyyəti kağız üzərində, bəyanatlarda və vədlərdə qətiyyətli təsir bağışlasa da, reallıqda Parisin sözləri ilə əməlləri arasında uçurum var.

Paris ilkin mərhələdə İrəvana 50 il əvvəl istehsal edilməyə başlanmış VAB MK3 zirehli transportyorları yollasa da, sonradan “Sherpa” və “Bastion” kimi müasir ZTR-lərin verilməsinə qərar verib.

Bu isə ermənilərin silahlandırılmasının bilavasitə Fransanın siyasi məqsədlərinə xidmət etdiyini göstərir.

Rusiya Federasiyasından asılılıqdan qurtulmağa çalışan, əsas hami qismində artıq Moskvanı görməyən və Parisə üz tutan Nikol Paşinyan isə növbəti yanlış seçimini edib.

Onun seçimi ermənilərə ağır nəticələr vəd edir.

Ermənistan çox qısa müddətdən sonra Fransanın marioneti olduğunu, Emmanuel Makron administrasiyasının güdazına getdiyini başa düşəcək.

Onda isə gec olacaq.

Elçin Alıoğlu
Trend.az

0