"Ötən gün Xankəndi şəhərində Prezident İlham Əliyev tərəfindən Azərbaycanın Dövlət Bayrağının qaldırılması böyük tarixi hadisə idi".
Bunu HİT.az-a açıqlama verən politoloq Aydın Quliyev deyib.
O vurğulayıb ki, bu, Azərbaycan tarixində yeni dövr açacaq bir hadisədir:
"Həmçinin, Xankəndidə Azərbaycan Bayrağının dalğalandırılması 44 günlük Vətən müharibəsinin, 24 saatlıq antiterror tədbirlərinin və Laçın yolunda nəzarət-buraxılış postunun qurulması hadisələrinin məntiqi davamıdır. Sözsüz ki, nə Vətən müharibəsi, nə antiterror tədbirləri, nə də Laçın yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsi qurulmasaydı Xankəndidə Dövlət Bayrağının ucaldılması mümkün olmazdı.
Bu, bir daha sübut etdi ki, Azərbaycan dövləti və onun Prezidenti ölkənin qarşısında dayanan bütün taktiki-strateji hədəflərə növbə ilə nail olmağı bacarır. Öncə 44 günlük Vətən müharibəsi ilə torpaqlarımız işğaldan azad olundu və ərazi bütövlüyümüzə doğru böyük bir addım atıldı. Sonra 23 apreldə Laçın yolunda nəzarət-buraxılış postunun qurulması ilə Xankəndidəki separatçıların xarici aləmlə ziyankar və təcavüzkar əlaqələrinə son qoyuldu.
Sentyabrın 19-20-sində isə Xankəndidəki separatçı rejimə sonuncu dağıdıcı zərbənin endirilməsi və xunta rejiminin özünü buraxması ilə Azərbaycanın suverenliyi tam şəkildə bərpa olundu. Bu hadisələr Xankəndidə Azərbaycan Bayrağının dalğalanmasının yolunu açdı".
Politoloq vurğulayıb ki, Xankəndinin Azərbaycan torpağı olduğu bir daha əyani şəkildə sübut olundu:
"Bunu Azərbaycanın diplomatiyasının, Silahlı Qüvvələrinin döyüş və müharibə taktikasının böyük qələbəsi saymaq mümkündür. Nəzərə almaq lazımdır ki, Xankəndi şəhəri qan tökülmədən, siyasətin və diplomatiyanın gücü ilə geri qaytarıldı. Eyni zamanda, xunta rejimindən tamamilə təmizləndi. Ona görə də, illər boyu xunta rejiminin zəhərli yuvasına çevrilmiş Xankəndidə Azərbaycan Bayrağının ucaldılması, digər ərazilərimizdə bayrağımızın qaldırılması ilə məzmunca bir qədər fərqlidir.
Çünki Xankəndi şəhərinə Azərbaycanın Dövlət Bayrağı diplomatiyanın və siyasətin gücü ilə sancıldı. Bu, çox böyük hadisədir və Azərbaycanda separatizmin yuvasının son dayaqlarına qədər məhv edildiyini göstərir. Bununla da Xankəndidə müstəqil Azərbaycan dövlətçiliyinin yeni tarixi mərhələsi başladı".
Pərviz