Azərbaycanlılarla ermənilərin birgə yaşayışı mümkündür.
Başladılan reinteqrasiya prosesi də məhz buna xidmət edir. Nəzərə almaq lazımdır ki, artıq Qarabağ problemi həll olunub və oradakı erməniləri əllərində əsir vəziyyətində saxlayan xunta rejimi tarixə qovuşub. Bundan sonra isə bölgədə sülh və əmin-amanlıq üçün birgə yaşayış təmin olunmalıdır. Necə ki, zamanında illər boyunca azərbaycanlılarla ermənilər Qarabağda heç bir problemsiz şəkildə birlikdə yaşayıblar.
Prezident İlham Əliyev də Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdıqdan sonra çıxış edərkən bu barədə danışıb:
"Vaxt var idi nəinki Xankəndidə, Qarabağda, Bakıda, Gəncədə, İrəvanda, Göyçədə, Zəngəzurda, Dərələyəzdə, Basarkeçərdə azərbaycanlılar və ermənilər dostluq şəraitində yaşamışlar. Mən o illəri xatırlayıram və xüsusilə Heydər Əliyev sovet Azərbaycanında rəhbərliyə gələndən sonra Qarabağda o vaxta qədər olmuş bəzi millətçi qüvvələr tamamilə kənara çəkilmişdi. 1969-cu ildən 1982-ci ilə qədər bir dənə də xoşagəlməz hala rast gəlinməmişdi".
Politoloq Rusif Məmmədsoy HİT.az-a açıqlamasında bildirib ki, nəhayət ki, 30 ildən çoxdur davam edən bu münaqişəyə son nöqtəni qoyduq:
"10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatdan sonra Xankəndinə qayıtmağımızın da 5 il ərzində reallaşacağına bir çoxlarımızda şübhə yox idi. Hətta 5 il gözləməyə də ehtiyac qalmadı, 3 il belə tamam olmadan Azərbaycan Ordusu Xankəndinə qədər gedib çatdı. Beləliklə, Qarabağ bütünlüklə Azərbaycanın yurisdiksiyasına daxil oldu və nəhayət ki, 86,6 kvadrat kilometr ərazimizdə suverenliyimizi bərpa etdik. Əlbəttə ki, bu, tarixi hadisədir və hər birimiz ürəkdən sevinirik.
Bunun üçün şəhidlərimizə, qazilərimizə və xalqımıza minnətdarıq. Təbii ki, cənab Prezident İlham Əliyevin yürütdüyü siyasətə və diplomatik zəkasına minnətdarıq. Çünki bu, çözülməz bir düyün idi. Amma bunu xalqımızın birliyi, ordumuzun şücaəti və Prezident İlham Əliyevin diplomatik zəkası həll edə bildi. Bu, tariximizdə qızıl hərflərlə yazılacaq bir uğurdur".
Ekspert qeyd edib ki, Azərbaycan Ordusunun lokal antiterror əməliyyatından sonra Qarabağdakı ermənilər heç bir təzyiqə məruz qalmadan, öz xoşları ilə bölgəni tərk etdilər:
"Orada qalanlar isə azsaylı ermənilərdir. Ancaq gedən ermənilərin bəzilərinin qayıtma ehtimalı da var. Bu nöqteyi-nəzərdən cənab Prezidentin vermiş olduğu açıqlamalar əvvəlki açıqlamalarından fərqlənmir. Dövlət başçısı hər zaman vurğulayır ki, Qarabağda yaşayacaq ermənilər Azərbaycan vətəndaşlarıdır və birgə yaşayış mümkündür. Əlbəttə ki, Azərbaycan vətəndaşlığını qəbul edənlər burada yaşaya bilərlər. Bunu qəbul etməyənlərin isə burada yaşamaq hüququ olmayacaq.
Biz zamanında ermənilərlə birgə yaşamışıq. Bəli, bunun nəticəsi çox ağır olub. Amma onları belə lazımsız hərakatlarla birləşdirən Daşnaksütyun partiyası və keçmiş "Qarabağ klanı" üzvləri olublar. Onlar, ermənilərdən istifadə etdilər. Bu gün insanlarımızda bəzi narahatlıqlar var ki, bu gün ermənilərlə birgə yaşasaq yenə eyni əməllərlə üz-üzə qala bilərik. Ancaq erməni probleminin birdəfəlik qapandığına əminəm".
Politoloq əlavə edib ki, birgə yaşayış və digər məsələlər həll olduqdan sonra Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsi imzalanacaq:
"Kommunikasiya xətlərinin açılması və bölgədən keçən logistika yollarının daha da şaxələndirilməsi bizim, habelə qlobal güclərin diqqət mərkəzinizdə olacaq. Belə olduğu təqdirdə, ermənilər təxribatlara cəhd etmək istəsələr belə sadəcə biz yox, beynəlxalq güclər də onlara mane olacaq. Ona görə də Qarabağ məsələsi birdəfəlik bitdi. Azərbaycan sadəcə öz ərazi bütövlüyünü bərpa etmədi, həm də Cənubi Qafqaza sülh gətirdi.
Biz Xankəndidə öz suverenliyimizi bərpa etdikdən sonra rahatlıqla deyə bilərik ki, artıq Cənubi Qafqazdakı ən böyük problemi bitirdik. Artıq Cənubi Qafqaz iqtisadi sıçrayış dövrünü yaşayacaq. Ümid edirik ki, Ermənistan da artıq düzgün yola gələcək və buraxdığı səhvlərdən nəticə çıxararaq, Azərbaycanla yekun sülh sazişini imzalayacaq".
Pərviz