Bu gün Azərbaycanın ərazi bütövlüyünün tamamilə bərpa olunmasının haqlı qürurunu yaşayırıq.
Axı necə yaşamayaq? Biz təxminən 30 ilə yaxın müddət ərzində torpaq həsrəti çəkmişik. Vətəndaşlarımız öz dədə-baba yurdları, evləri, kəndləri və şəhərləri üçün darıxırdılar. Əfsuslar olsun ki, nə qədər vətəndaşımız Qarabağ həsrəti ilə dünyasını dəyişdi. Lakin indi onların da ruhlarının şad olduğuna əminəm. Çünki bu gün bütün Qarabağ azaddır.
27 sentyabr 2020-ci il tarixi hər şeyin yenidən başlamasına səbəb oldu. Şanlı Azərbaycan Ordusu düşmənin hücumuna cavab olaraq bütün cəbhə boyunca əks-hücuma keçdi. Üstəlik, qəhrəman əsgərlərimiz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında hər gün tarix yazdılar. Hər gün yeni kəndlərin, daha sonra isə şəhərlərin işğaldan azad olunma xəbəri ilə bütün xalqımız sevinc və xoşbəxtlik hissləri yaşayırdı.
Milyonlarla insan cənab Prezidentin "Twitter" paylaşımlarını və çıxışlarını böyük səbirsizliklə gözləyirdi. Çünki dövlətimizin başçısı hər dəfə bizi yeni uğurlarla dünyanın ən xoşbəxt xalqı etməyi bacarırdı. 44 gün davam edən müharibə 10 noyabrda Ermənistanın kapitulyasiya aktına imza atması ilə başa çatdı. Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa, Laçın, Kəlbəcər və Ağdamı işğaldan azad etdi. Bütün dünya Prezident İlham Əliyev hərbi və siyasi taktikasına qibtə ilə baxırdı.
Hətta dünyanın bir çox inkişaf etmiş ölkələri Azərbaycan Ordusunun döyüş taktikasından istifadə etməyə başladı, eləcə də bunu dərsliklərə saldılar. Bütün bunlar möhtəşəm zəfərimizin dünyada yaratdığı əks-sədadan sadəcə bir neçə nümunədir.
Beynəlxalq hüquq da Azərbaycan tərəfində idi. Ermənistan qoşunlarının Qarabağdan çıxarılmasına dair BMT-nin 4 qətnaməsi olsa da, 27 il boyunca elə kağız üzərində də qalmışdı. Həmin qətnamələrin icra mexanizmi olmadığını bütün dünya gördü. Nəticədə, Azərbaycan Ordusu öz gücü hesabına beynəlxalq ədaləti və BMT qətnamələrini icra etdi. Bununla da ədalət bərqərar oldu. Ali Baş Komandan İlham Əliyev tarixi yenidən və necə lazım idi elə də yazdı.
Müharibədən ötən 3 il ərzində Azərbaycan prosesləri sülh yolu ilə həll etmək üçün hər şeyi etdi. Dünyanın müxtəlif ölkələrində Ermənistanla fərqli vasitəçilərlə görüşlər keçirdik. Sözügedən görüşlərdə Ermənistan sülhə dair öhdəliklər götürsə də, sözlər versə də bunları yerinə yetirmədi. Necə ki, 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatın müddəalarını yerinə yetirmirdi. Üstəlik, davamlı şəkildə baş verən təxribatlar nəticəsində şəhidlər verməyimiz səbrimizi daşırmaq üzrə idi.
Nəticə etibarilə, cari ilin 19 sentyabrında səbrimiz tükəndi və Ali Baş Komandanın əmri ilə Azərbaycan Ordusu lokal antiterror əməliyyatına başladı. Əməliyyatımız o qədər sarsıdıcı və uğurlu oldu ki, sadəcə 23 saat 43 dəqiqəyə düşmən ağ bayraq qaldıraraq təslim oldu. Üstəlik, ermənilərdən fərqli olaraq bizim əsgərlərimiz bir nəfər belə mülki şəxsi hədəf almadı. Əməliyyatın başlanğıcından sonuna qədər sadəcə hərbi obyektlərə zərbələr endirildi.
Əslində Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və Əsgərana isə 5 il ərzində qayıdacağımıza şübhə etmirdik. Lakin həmin tarixi torpaqlarımıza da qayıdışımız gözlədiyimizdən daha erkən oldu. Antiterror əməliyyatından dərhal sonra Xankəndidəki xunta rejimi özünü buraxdığını elan etdi. Beləliklə, ermənilərin 30 illik nağılı başa çatdı. Sonrası isə tarixə qızıl hərflərə yazılan hadisələrə şahidlik etdik.
Müzəffər Ali Baş Komandan İlham Əliyev şəxsən Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə şanlı Azərbaycan Bayrağını ucaltdı. Bununla da ən gözəl xəyalımız gerçək oldu. Cənab Prezidentin qətiyyətli siyasəti bir daha özünü göstərdi. Bu gün Qarabağ tamamilə azaddır. Hazırda Qarabağın hər yerində şanlı bayrağımız dalğalanır.
Bunun üçün Ali Baş Komandan və Prezident İlham Əliyevə nə qədər təşəkkür etsək azdır. Çünki o, bir xalqa xəyallarını yaşamaq fürsətini bəxş etdi. O, bir xalqa nə olursa-olsun ümidini itirməməyi və zəfərə inanmağı öyrətdi. Məhz bunun məntiqi nəticəsidir ki, İlham Əliyevin dövründə yetişən Azərbaycan gəncləri Qarabağı görməməsinə rəğmən torpaqlarını işğaldan azad etmək üçün canlarını fəda etdilər.
Bu cəsur ordunu quran, vətənpərvər igidlər yetişdirən və üçrəngli bayrağımızı Qarabağdan dalğanlandıran İlham Əliyevə minnətdarıq. Reallıq budur ki, İlham Əliyevdən başqa heç kim bu tarixi nəticəyə nail ola bilməzdi və Qarabağı işğaldan azad etməyi bacarmazdı. Amma İlham Əliyev sözün əsl mənasında siyasət ustadı və dahi olduğunu bir daha sübut etdi. Dövlətimizin başçısının liderlikdə master-klass keçdiyini desək, qətiyyən yanılmarıq.
Bütün bunlara görə hər zaman İlham Əliyevin prezidentimiz olmasıyla fəxr etmişik. Allaha şükürlər olsun ki, bizə onun kimi Lider nəsib edib. Var olsun, müzəffər Ali Baş Komandan! Sizinlə qürur duyuruq, cənab Prezident!
Pərviz