"Bir çoxları təkrarlayırdılar ki, münaqişənin hərbi həlli yoxdur. Biz göstərdik ki, var və bu yaxınlarda bir daha göstərdik, bu mövzu bağlandı!".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə çıxışı zamanı deyib.
Dövlətimizin başçısı vurğulayıb ki, Qarabağ münaqişəsi birdəfəlik bağlanıb:
"Qarabağ münaqişəsi mövzusu bağlandı birdəfəlik! Separatçıların kitabı bağlandı birdəfəlik! Bu, böyük xoşbəxtlikdir".
Beləliklə, Prezident Qarabağ münaqişəsinin bitdiyini bir daha beynəlxalq aləmin diqqətinə çatdırıb. Artıq reallıq budur ki, Qarabağda sülh və rifah dövrü başlayacaq.
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov HİT.az-a açıqlamasında bildirib ki, həqiqətən də Azərbaycan dövləti və xalqı müstəqillik dövrünün ən qızıl çağlarını yaşayır:
"Çünki müstəqilliyə qovuşduqdan sonra bizim üçün qara yara formasını alan işğal prosesi Azərbaycan xalqının qan yaddaşına yazılmışdı. Təbii ki, burada söhbət təkcə işğaldan getmirdi. Erməni vəhşiliyindən, vandalizmindən, Azərbaycan xalqına qarşı çoxsaylı soyqırımlardan, eləcə də insanlıq əleyhinə müharibə cinayətlərindən söhbət gedirdi. Bütün bunların izləri xalqımızın qan yaddaşına yazılıb.
Bunun müəyyən qədər xəfifləməsi üçün isə Azərbaycanın qalib gəlməsi reallaşmalı idi. Biz bunu Prezident İlham Əliyevin rəhbərliyi altında reallaşdırdıq. Azərbaycan düşmənə həm döyüş meydanında, həm də siyasi və diplomatik müstəvidə ağır zərbələr vuraraq qəti qələbə qazandı".
Həmsöhbətimiz xatırladıb ki, dünyadakı bir sıra qüvvələr keçmiş Qarabağ münaqişəsini dondurmağa və onun həllinin mümkünsüzlüyünü bəyan etməyə çalışırdılar:
"Hətta müxtəlif yollarla Azərbaycanı proseslərdən kənarda saxlamaq istəyirdilər. Onlar, Azərbaycanın həmin o münaqişəni həll etməsini istəmirdilər. Münaqişənin hərbi həllinin olmadığını və danışıqlar prosesinin davam etməsini fərqli yollarla əsaslandırmağa cəhd edirdilər. Biz onlara hansısa bəhanə verməmək üçün 27 il gözlədik. Lakin Azərbaycan bir neçə dəfə bunun bitəcəyinin mesajlarını verdi. Əfsuslar olsun ki, nə düşmən, nə də onun havadarları nəticə çıxarmadılar.
Sonda rəsmi Bakı özü münaqişənin həlli istiqamətində iradə və güc ortaya qoydu. Nəticədə, 44 günlük Vətən müharibəsində Qarabağı işğaldan azad etdik. Ən sonda isə lokal xarakterli antiterror tədbirləri həyata keçirərək ərazilərimizdə mövcud olan cinayətkar ünsürləri zərərsizləşdirdik".
Ekspert vurğulayıb ki, biz düşmənə qarşı apardığımız şəffaf müharibə və antiterror əməliyyatları ilə həm münaqişənin hərbi yolunun, həm də bunu ustalıqla keçirmək imkanlarının olduğunu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdıq:
"Əslində, bütün bu məqamlarla bağlı Azərbaycan beynəlxalq ictimaiyyət qarşısında nümunə ortaya qoydu və etalon nümayiş etdirdi. Həmin ərazilərin inkişafı və dirçəlməsi qarşısında əsas ciddi maneə olan işğal dövrü artıq qapandı. Azərbaycan bundan sonra həmin ərazilərdəki minaları təmizləyəcək və quruculuq-bərpa işlərini həyata keçirəcək. Azərbaycan təkcə öz ərazilərinə deyil, ümumilikdə Cənubi Qafqaza rifah və sülh gətirmək istəyir.
Prezident İlham Əliyevin atdığı bütün addımların məntiqi nəticəsinə diqqət etdikdə görürük ki, dövlət başçımız Cənubi Qafqazdakı xalqlar, xüsusilə də Azərbaycan və Ermənistan xalqları arasında gələcəyə düşmənçiliyi, nifaqı, kini, niftəti deyil, sülhü, əmin-amanlığı, təhlükəsizliyi və əməkdaşlığı miras qoymağa çalışır. Bu, bizim siyasətimiz və mövqeyimizdir. Ermənistan ya bununla barışmalı, ya da buna qarşı olacağı təqdirdə, Azərbaycandan növbəti zərbələri alacağını anlamalıdır.
Azərbaycan bundan sonra da daim inkişaf etməli və güclü olmalıdır ki, gələcəkdə heç bir qüvvə bizə qarşı baş qaldıra bilməsin. Hesab edirəm ki, Azərbaycanın hər sahədə inkişaf etməsi Prezident İlham Əliyevin rəhbərliyi altında davam etdiriləcək. Ölkəmiz hərbi, siyasi və iqtisadi cəhətdən inkişafını təmin edəcək ki, gələcəkdə hansısa qüvvələr Azərbaycana qarşı növbəti düşmənçiliyə belə cürət etməsinlər".
Pərviz