Gözlə bizi Zəngəzur: Qayıdacağıq

SİYASƏT
18:38 / 18.10.2023
632

Son illərdə Azərbaycan tarixinə çox sayda zəfər günləri əlavə olunub.

Çünki Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altındakı şanlı Azərbaycan Ordusu tarix yazmağa davam edir. Artıq Qarabağ tamamilə azaddır. "Dəmir yumruq" hesabına tarixi ədaləti bərpa edərək, öz dədə-baba yurdumuza qayıtmağa nail olduq. Bu, bizim ən təbii haqqımız idi və heç kim onu bizim əlimizdən ala bilməzdi. Azərbaycan öz legitim hüququndan istifadə edərək ərazi bütövlüyünü bərpa etdi.

Üstəlik, Qarabağdakı məskunlaşma prosesi də sürətlə davam etdirilir. Cənnətə bənzər torpaqlarımızda 27 il sonra həyat yenidən bərpa olub. Torpaqların əsl sahibləri öz yurdlarına qayıdıblar. Azərbaycan hakimiyyəti çox qısa müddət ərzində demək olar ki, xəritədən silinmiş əraziləri yenidən bərpa edərək, qaçqın düşmüş vətəndaşlarımızın öz yurdlarına qayıtmasını təmin edib.

"Böyük Qayıdış" planının çox uğurla davam etdirilməsinə şahidlik edirik. Nə xoşdur ki, 30 ilə yaxın müddət sonra yenidən Qarabağda vətəndaşlarımız dünyaya gələcək, övladlarımız orada bağçaya və məktəbə gedəcək. Nəticə etibarilə, Qarabağda yeni bir nəsil yetişəcək. Zəngilanlı, Cəbrayıllı, Füzulili, Qubadlılı, Ağdamlı, Şuşalı, Laçınlı, Kəlbəcərli, Xankəndili, Xocalılı, Xocavəndli və Ağdərəli oğullarımız, qızlarımız doğma torpaqlarında böyüyəcəklər. Bu, çox möhtəşəm duyğulardır. İnsan düşündükcə fərəhlənir və gözləri sevinc gözyaşları ilə dolur...

Amma qayıdışımız Qarabağla yekunlaşmayacaq. Zəngəzur həsrətimizin də sona çatmasına çox az qalıb. Yaxın gələcəkdə Zəngəzura da qayıdışın olacağına ürəkdən inanırıq. Necə ki, Qarabağa qayıtdıq, Zəngəzura da qayıdacağıq. 

Prezident İlham Əliyev də bunun mesajını Füzulidən verdi:
“Zəngəzura da, əlbəttə ki, qayıdacağıq, amma sülh yolu ilə. Mən demişəm, məni bəziləri ittiham etməyə çalışırlar, mən dedim ki, biz oraya tanklarla yox, minik maşınları ilə qayıdacağıq”.

Bəli, tanklarla deyil, sülh yolu qayıdacağıq. Biz öz haqqımız olan yerləri istəyirik və heç kimin torpağında gözümüz yoxdur. Azərbaycanın əsla heç bir ölkəyə qarşı ərazi iddiasında olmayıb. Lakin zamanında zorla yurdlarından çıxarılmış, qovulmuş vətəndaşlarımızın qayıtmasını təmin etmək üçün çalışırıq. İllər sonra Zəngəzur əhalisi də yenidən öz torpaqlarına qayıtma sevincini yaşacayacaq. İndi bəlkə də, kimlərsə inanmır. Amma eybi yoxdur. Şuşaya, Laçına, Kəlbəcərə, Xankəndinə və Xocalıya da inanmayanlar var idi. Nəticədə bu gün adıçəkilən bütün şəhərlərdə şanlı Azərbaycan Bayrağı dalğalanır. 

Çünki Prezident İlham Əliyev hər zaman verdiyi sözləri yerinə yetirib. Dövlətimizin başçısı Zəngəzura qayıdacağımızı əminliklə deyirsə, həmin zamanın gəlməyini gözləmək lazımdır. Ona görə ki, İlham Əliyev nə deyibsə, onu artıqlaması ilə edib. Son proseslər göz önündədir. 

Bu səbəbdən Zəngəzura qayıdacağımız da tam realdır. Sadəcə bir az zamana ehtiyac var. Yaxın gələcəkdə doğma Zəngəzurumuza da "Böyük Qayıdış" başlayacaq. Azərbaycanlılar tanklarla deyil, mülki avtomobillərlə dədə-baba yurduna geri dönəcəklər. Çox az qalıb... Gözlə bizi, Zəngəzur!

Pərviz

0