Cənubi Qafqaz geosiyasi mübarizənin mərkəzlərindən birinə çevrilib, xüsusilə Azərbaycanın Qarabağda suverenliyini tam bərpa etməsindən sonra bölgənin perspektivlərinin müəyyən edilməsi artıq açıq müstəviyə keçir və bu mənzərədə həm region, həm də regiondan kənar qüvvələrin aktivliyi müşahidə edilir. Bunu regionun siyasi təsnifatına nəzər yetirdikdə daha aydın görmək mümkündür.
Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan və Ermənistanın regional əməkdaşlıq platformasının yaradılması imkanları var. Bunun üçün rəsmi Bakının 44 günlük müharibədən sonra təklif etdiyi 3+3 formatı ən unikal platforma hesab edilir. Üç ölkə - Azərbaycan, Türkiyə və Rusiya ilk gündən bu platformanı dəstəkləsə də, İran və Gürcüstan müəyyən qədər məsafəli davranırdı. İran üçün problem Azərbaycanla münasibətlərdə yaşanan gərginlik, Gürcüstan üçünsə Rusiya ilə münaqişəli məsələlərin olması idi. Artıq Bakı-Tehran xəttində problemlər aradan qalxıb və İran 3+3 formatının əsas iştirakçılarından biri olmaq istəyir, hətta bu formatda təmsil olunan ölkələrin XİN rəhbərlərinin görüşü tezliklə Tehranda baş tutacaq. Gürcüstan da platformada iştiraka isti yanaşır.
Bu mənzərə bölgənin gələcəyi üçün müsbət perspektivlər vəd edir, xüsusilə regionun problemlərinin regionda həll edilməsi yanaşması baxımından. Və bunun fonunda Ermənistanın da 3+3 formatının İranda keçiriləcək iclasında iştirak etmək istəyi xoş qarşılana bilər: artıq 6 ölkədən heç biri 3+3 formatının inkişafına maneə yaratmır; regionun problemlərinin region ölkələri çərçivəsində həlli imkanları genişlənir;
Amma və lakin Ermənistanın 3+3 formatına dair mövqeyinin qəfil dəyişməsi şübhələrə yol açır.
Birincisi, İrəvan doğrudan da “regionunun problemlərinin regionda həll edilməsi” yanaşmasını qəbul edirsə, o zaman, Paşinyan nə üçün Qərbi, xüsusilə Fransanın timsalında Avropa İttifaqını bölgəyə gətirməyə, regionda baş verənlərə müdaxilə etməsinə çalışır?!
İkincisi, Paşinyanın Avropa Parlamentində Azərbaycana qarşı çıxışı, ümumilikdə regiondakı reallıqların əksinə mövqe sərgiləməsi İrəvanın 3+3 formatına yanaşmasını sual altına salır;
Bunun Ermənistanın və İrəvanın arxalanmaq istədiyi Qərbin nöqteyi-nəzərində iki məntiqi açıqlaması ola bilər.
1. Ermənistan eyni vaxtda birdən çox qapıya üz tutur, 3+4 budaqda eyni vaxtda “oturmağa” çalışır;
2. Qərb – ABŞ və Avropa Ermənistan üzərindən regional əməkdaşlığa – 3+3 formatına müdaxilə etməyə cəhd göstərir: bu planda İrəvan belə demək mümkünsə, “Troya atı” rolunu oynayır;
Qərbin bölgəyə müdaxilə planları fonunda bu gözlənilən gedişdir. Çünki hələ 44 günlük müharibədən sonra gündəmə gələn 3+3 formatını Gürcüstan üzərindən pozmaq cəhdləri olsa da, baş tutmadı. İndi Ermənistan regionda yeni plasdarm olaraq istifadə edilir. Hərçənd, bu planların baş tutmaq ehtimalı azdır.
Artıq regionda 3+3 formatının inkişafının zərurətə çevrildiyi aydın görünür. Ermənistanın və Ermənistan üzərindən proseslərə müdaxilə etmək istəyən oyunçuların uğur qazanmaq imkanı sıfıra bərabərdir. İrəvan üçün də iki seçim var: ya regional platformada mövcud şərtlərə uyğun iştirak etmək, ya da regiondan tamamilə kənarda qalmaq;
Yeganə yolun birinci seçim olduğu qaçılmaz olacaq, çünki coğrafiya taledir və Ermənistanı başqa coğrafiyaya köçürməyin mümkün olmadığı reallığı İrəvanı regionun şərtlərini qəbul etməyə məcbur edəcək. Bu prosesdə itirən tərəf ABŞ və Avropa olacaq. Çünki ABŞ və Avropa hazırda regional siyasətlərində anti-Azərbaycan mövqeyi sərgiləyir, halbuki, bununla nəyisə dəyişdirmək imkanı yoxdur, əksinə, bu yanaşma Bakı ilə münasibətlərin kəskinləşməsini vəd edir və bu, xüsusilə Avropanın enerji təhlükəsizliyinin gələcəyi üçün risklidir. Eyni zamanda, Bakıya qarşı qərəzli, riyakar siyasət Qərbin Cənubi Qafqazda mövcudluq perspektivini sual altına salır. Bu siyasət dəyişməyəcəyi təqdirdə, ABŞ və Avropa İttifaqı Cənubi Qafqazda hansısa formada iştirakçılıq imkanını itirəcək. Fransa onlar üçün ən real nümunə olmalıdır.
Asif Nərimanlı