Son zamanlarda Şimali Kipr Türk Respublikasının (ŞKTR) müstəqilliyinin dünya tərəfindən tanınması ilə bağlı addımlar intensivləşib.
Xüsusilə Türkiyə bu məsələdə ciddi səy göstərir. Qardaş ölkə Şimali Kipr Türk Respublikasının tanınması üçün beynəlxalq platformalarda və bir çox ölkələr ilə ikitərəfli münasibətlərdə bu məsələni tez-tez gündəmə gətirir. Hətta son zamanlarda türk mediasında Azərbaycan və Rusiyanın da sözügedən ölkəni tanıya biləcəyi önə sürülür.
Ümumiyyətlə, Şimali Kipr Türk Respublikasının müstəqilliyi nə zaman tanına bilər? Bu ölkə yeni dünya nizamında yer alacaqmı?
Mövzu ilə bağlı HİT.az-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, artıq Şimali Kipr Türk Respublikasının müstəqilliyinin tanınması üçü Azərbaycanın qarşısında heç bir əngəl yoxdur:
"Onsuz da Bakı ilə Lefkoşa arasında əlaqələr var və yüksək səviyyədə də inkişaf edir. Hətta Şimali Kipr Türk Respublikasının müstəqil bir dövlət kimi tanınma yolunda tərəflər arasında mühüm irəliləyişlər əldə edilib. Şübhəsiz ki, bunun gec-tez olacağı bəllidir. Düşünürəm ki, yaxın müddətdə Azərbaycanın Şimali Kipr Türk Respublikasının müstəqilliyini tanıması mümkün ola bilər. Hələlik dəqiq vaxt demək çətin olsa da, bu müddətin ən qısa zamanda olacağını söyləyə bilərik".
Politoloq qeyd edib ki, Şimali Kipr Türk Respublikası yeni dünya nizamında mühüm yerə sahib olacaq:
"Adanın strateji tərəfi bir tərəfə, azad iqtisadi zona kimi də mühüm önəmə sahibdir. Yəni ŞKTR potensial olaraq Sinqapur, Malayziya, Honq-Konq və Tayvan kimi ola bilər. Qeyd etdiyim dövlətlər körfəz bank sektoru və tranzit keçid kimi sahələr hesabına inkişaf ediblər. Yəni Şimali Kipr Türk Respublikası da belə ola bilər".
Pərviz