Ermənilər “təzminat” tələb etsələr - Bakı bu addımı atacaq

SİYASƏT
18:55 / 21.10.2023
634

Ermənistan rəhbərliyi və xüsusilə də xarici ölkələrdəki erməni diasporu Azərbaycana qarşı uydurma “təzminat tələbləri” ilə çıxış etmək istəyirlər. Amma bu “tələb”lərin hüquqi, mənəvi və məntiqi əsasları olmadığı kimi, heç bir perspektivi də yoxdur.

Ermənistanın baş naziri Nikol Paşinyan indiyədək çıxışlarında və bəyanatlarında üç dəfə “qarabağlı ermənilərin məruz qaldıqları köç, məcburi yerdəyişmə və etnik təmizləmələrlə bağlı Azərbaycandan təzminat tələb etmək hüquqları var” söyləyib.

Təbii ki, rəsmi İrəvanın yetkililəri ilə Ermənistan hakimiyyətinin funksionerləri də bu narrativi dərhal təkrarlamağa başlayıblar.

Daha sonra isə söz oyununa xarici ölkələrdəki erməni diasporu qatılıb.

Artıq sadəcə Ermənistan rəsmiləri, siyasətçilər, ictimai xadimlər yox, diaspor təşkilatlarının rəhbərləri, ictimai fəallar və hətta bloqerlər də “ideyanı inkişaf etdirmək" qərarına gələrək “Bakı mütləq təzminat ödəməlidir” idefiksini gündəmdə əsas məsələlərdən biri kimi saxlayırlar.

Ermənilərin Azərbaycana qarşı yeni kampaniyası nədir, necədir, nə üçündür, səbəbləri, məğzi, perspektivləri nədir?

Sualları cavablamalı və qarşı tərəfin fəaliyyətinin bütün təfərrüatlarını nəzərə almaqla hansı addımlar atacağımızı bəlirləməliyik.

Vəziyyət zahirən mürəkkəb təsir bağışlasa da, mahiyyət baxımından çox bəsitdir.

Bəzi faktlara nəzər salaq.

Ermənistanın sabiq ombudsmanı Arman Tatoyan son bəyanatlarından birində “Azərbaycanın Qarabağ bölgəsini tərk etmiş ermənilərin öz mülkiyyətlərinə görə kompensasiya almaq hüquqlarının olduğunu” söyləyib.

Ermənistanın ilk ombudsmanı Larisa Alaverdyan, keçmiş ədliyyə naziri Gevorq Danielyan və digərləri "ermənilərin dəymiş zərərə görə mülki, mənəvi, sağlamlığa görə və s iddialar qaldırmalı olduqlarını" bəyan ediblər.

Yəni Ermənistanda Azərbaycana qarşı yeni iddialar irəli sürülməsi üçün artıq ictimai rəy formalaşdırılmasına, zəmin hazırlanmasına başlanılıb.

Ermənistan rəhbərliyi, erməni diaspor təşkilatlarının rəhbərləri və erməni siyasətçilər prosesi "Azərbaycana qarşı tam yeni əməliyyat" kimi təqdim etsələr də, yaşananlarda yeni heç nə yoxdur.

Prosesi təkrarlanır: ermənilər illər əvvəl analoji iddiaları Türkiyəyə qarşı səsləndirmiş, lakin fiaskoya və uğursuzluğa düçar olmuşdular.

1915-1918-ci illərdə Osmanlı Türkiyəsində ermənilərin guya "soyqırım"a məruz qalması ilə bağlı ermənilərin kampaniyaları strateji baxımdan 3 mərhələdən ibarətdir:

1-ci mərhələ. Türkiyəyə qarşı qondarma "soyqırım"la bağlı kütləvi informasiya vasitələrində, müxtəlif beynəlxalq təşkilatlarda iddialar səsləndirilir, genişmiqyaslı kampaniya aparılır.

2-ci mərhələ. Qondarma "erməni soyqırımı"nın dünyanın müxtəlif ölkələrində rəsmən tanınması istiqamətində kampaniyalar aparılır və bu "soyqırım" nəticəsində Türkiyədə həyatlarını, əmlaklarını itirmiş ermənilərə görə Ankaradan təzminatlar tələb olunur

3-cü mərhələ. . Təzminatlarla bağlı iddialar de-fakto səviyyədən de-yure müstəvisinə keçiriləndən, yəni ABŞ və Avropa ölkələrindəki məhkəmələr tərəfindən iddialar təmin edildikdən sonra Türkiyəyə qarşı ərazi iddiaları qaldırılır, yeni kampaniya bəhs etdiyimiz məcrada davam etdirilir.

Sadalanan bəndlərdən 1-ci başa çatıb, 2-ci isə hələ gündəmdədir. Erməni diaspor təşkilatlarının və bu strukturların faktiki olaraq satın aldıqları çoxsaylı konqresmenlər, senatorlar, deputatlar, siyasətçilər və s. Türkiyəyə qarşı təzminat tələblərini tam dəstəkləyir, bu iddiaların məhkəmələrdə təminatına can atırlar.

Lakin proses ermənilərin arzuladıqları məcrada getmir.

Belə ki, ermənilərin ən çoxsaylı və yerli siyasi elitalara təsir imkanlarının daha artıq olduğu ABŞ-da sözügedən "əməliyyat" uğursuzluqlarla müşayiət olunur.

4 il əvvəl ABŞ-dakı üç ən böyük erməni diaspor təşkilatının hazırladığı ssenariyə əsasən, ölkə vətəndaşları olan 5 etnik erməni 1915-ci ildə Osmanlı Türkiyəsindəki qondarma "erməni soyqırımı"nı bəhanə edərək ailələrinin ölkədən qaçmaq məcburiyyətində qaldığını bəyan edərək rəsmi Ankaradan təxminat tələ etmişdilər.

2010-cu idə Kaliforniya ştatının Ali Məhkəməsində Qaris Davoyan və Hrayr Turabyanın, daha sonra isə Aleks Bakalyan, Anais Harutyunyan və Rita Mehdessyanın iddiaları əsasında Türkiyəyə qarşı təzminat tələbləri ilə proseslər başlanmışdı.

Osmanlı Türkiyəsinin ərazisini tərk etmiş erməni ailələrin varisləri qismində sadalanan şəxslər Türkiyə hökumətindən, Türkiyənin Mərkəzi Bankından və "Ziraat" dövlət bankından "itirilmiş əmlak, habelə torpaq sahələri"nə görə təzminat tələb etmişdilər.

9 il davam edən və 2019-cu ildə başa çatan prosesin nəticəsində Ali Məhkəmə ermənilərin bütün iddialarına rədd cavabı verdi.

ABŞ-ın Federal Kassasiya Məhkəməsi isə xüsusi qərardadında bəyan etdi: "Tarixi hadisələrlə bağlı qərarlar yalnız ekspert təhlilləri və rəyləri əsasında verilə bilər".

O da vurğulandı ki, xarici ölkələrin məhkəmələri, o cümlədən ABŞ-ın istənilən səviyyədəki məhkəməsi "bu məzmunda və məcrada olan məsələlərlə bağlı qərar vermək hüququna malik deyillər".
Ətraflı

Tam eyni vəziyyət Azərbaycana qarşı irəli sürülməsi planlaşdırılan "təzminat iddiaları"nda da müşahidə ediləcək.

İlkin mərhələdə ölkəmizə qarşı guya qarabağlı ermənilərin "etnik təmizləmə siyasətinə məruz qalması" ilə bağlı iddialar səslənməli, sonrakı mərhələdə bu iddiaların Qərbin müxtəlif ölkələrindəki parlamentlər və beynəlxalq təşkilatlar səviyyəsində "tanınması" təmin edilməli, sonuncu mərhələdə isə Azərbaycana qarşı təzminatlar tələbləri və ərazi iddiaları gündəmə gətirilməlidir.

Ancaq ermənilər yanılırlar: onlar genişmiqyaslı kampaniyaya başlasalar da, start mövqeləri əsassız, kamaniyanın bünövrəsi yanlış, zəmini isə saxtadır.

Azərbaycanı könüllü tərk edərək Ermənistana yollanmış qarabağlı ermənilərin Bakıya qarşı təzminat tələb etmələri üçün onların beynəlxalq hüquqa uyğun olaraq, üç seçim variatı var: təzminat, reparasiya, restitusiya və ya kontribusiya.

Təzminat tələbi ilə çıxış etmək üçün qarabağlı ermənilər ya qaçqın, ya da məcburi köçkün statuslarını təsdiqləməlidirlər ki, bu da yenə beynəlxalq hüquq baxımından mümkün deyil.

Çünki Qarabağ münaqişəsi başlanandan az sonra kütləvi olaraq Ermənistan pasportları almış qarabağlı ermənilər de-yure Ermənistan vətəndaşları, de-fakto isə Azərbaycan sakinləri idilər.

30 il davam etmiş işğal illərində Azərbaycanın mərkəzi hakimiyyətinə tabe olmayan və separatçı xunta tərəfindən idarə olunun bu ermənilər maaşları, təqaüdləri, ödənişləri və s. Ermənistandan alırdılar. Xuntanın fəaliyyəti Ermənistanın dövlət büdcəsindən maliyyələşdirilirdi.

Xatırladaq ki, BMT sənədlərində "qaçqın" statusu belə müəyyənləşdirilir: "Tamamilə əsaslı səbəblər üzündən irqi, dini, vətəndaşlıq, müəyyən sosial qrupa mənsubluq və ya siyasi baxışlara görə təqib qurbanı olmaq təhlükəsi ilə üzləşmiş, vətəndaşlıq mənsubiyyəti olduğu ölkədən kənarda olan və ya sadalanan səbəblərə görə ölkəsinin müdafiəsindən istifadə etmək istəməyən istənilən şəxs qaçqın hesab olunur".

"Qaçqın" ifadəsi ilk dəfə beynəlxalq hüquqda 1951-ci ildə qəbul edilmiş "Qaçqınnların statusu haqqında" konvensiyada, daha sonra isə BMT sənədlərində təsbitlənib.

Məhz bu səbəbdən indi Azərbaycandan Ermənistana getmiş və getməyə davam edən qarabağlı ermənilər nə qaçqın, nə də məcburi köçkün sayıla bilməzlər.

Onlar Ermənistan pasportlarına malik olduqları üçün beynəlxalq hüquq baxımından Ermənistan vətəndaşları sayılırlar və bu şəxslərin Ermənistana üz tutmaları, sadəcə, dövlətin mühafizəsi ilə şimayəsində yerdəyişmə etmələri sayılır.

"Qaçqın" sayıla bilmədikləri üçün qarabağlı ermənilərin yeganə çıxış yolları beynəlxalq hüquqa uyğun olaraq "məcburi köçkün" sayılmalarıdır. Amma onlar Azərbaycanı tərk edərək Ermənistana yollandıqları üçün məcburi köçün də sayıla bilməzlər, çünki başqa ölkənin (Azərbaycan) ərazisindən gediblər.

Yəni öz ölkəsində sadaladığımız səbəblərdən təqiblərə məruz qalan, başqa heç bir ölkənin vətəndaşlığına və ya yaşama izninə malik olmayan şəxslər qaçqın hesab edilir.

Məsələn, Fransada yaşayan Mərakeş vətəndaşı təqiblərə məruz qaldığını deyərək ev-eşiyni qoyaraq Mərakeşə qayıdarsa, məruz qaldığı bütün mənəvi, maliyyə və s. itkilərə rəğmən, qaçqın hesab edilmir.

Bəhs etdiyimiz məqamlara görə hazırda BMT, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD), habelə Ermənistanı dəstəkləyən dövlətlərlə qurumlar qarabağlı erməniləri nə qaçqın, nə də məcburi köçkün kimi səciyyələndirə bilməzlər.

BMT və USAİD-in müvafiq qurumları bunu bildikləri üçün Azərbaycandan Ermənistana getmiş qarabağlı erməniləri "müdafiəyə ehtiyacı olan digər şəxslər" elan ediblər: yardımlar da məhz bu ifadədən istifadə etməklə edilir.

Beləliklə, ermənilərin Azərbaycana qarşı "təzminat tələbi" hüquq müstəvisində tamamilə əsassız, absurd və mənasız sayılan məqamdır.

Reparasiya tələbləri də mənasızdır. Səbəblər çox sadədir.

Beynəlxalq hüquqa görə, reparasiya beynəlxalq hüququn bir subyektinin həmin hüququn digər subyektinə vurduğu ziyana görə daşıdığı maddi məsuliyyət formasıdır.

Qarabağlı ermənilər beynəlxalq hüququn subyekti olmayıblar və deyillər: bundan başqa, zərər vuran tərəf məhz qarabağlı ermənilərdir ki, Azərbaycan ərazilərinin 20 faizinin erməni işğalında olduğu 30 il ərzində onlar ərazilərimizi urbisidə, vətəndaşlarımızı isə etnosidə və soyqırıma məruz qoyublar.

Restitusiya beynəlxalq şüquqda qannunazidd əməl törədilənədək zərərçəkənin maddi və əmlak vəziyyətinin sonradan beynəlxalq hüquq çərçivəsində bərpası, dəymiş maddi ziyanın ödənməsidir. Bu praktika bir qayda olaraq əmlakın zorla dövlət nəzarətinə keçirilməsinə görə tətbiq olunur ki, bəhs etdiyimiz formatın qarabağlı ermənilərə şamil edilməsi, sadəcə, marazmdır və mümkün deyil. Çünki Azərbaycan həmin şəxslərin heç birinin (!) əmlakını zorla dövlət mülkiyyəti elan etməyib.

Ermənilərin səsləndirdikləri "kontribusiya variantı da mümkündür" ifadəsi isə ümumiyyətlə, hüquqi paroksizmdir. Kontribusiya qalib dövlətin məğlub dövlətə tətbiq etdiyi ödəniş formasıdır.

44 günlük İkinci Qarabağ Müharibəsində qalib Azərbaycan, kapitulyasiyaya uğrayan tərəf Ermənistandır. Qarabağlı ermənilərsə ümumiyyətlə, hüquqi baxımdan hərbi əməliyyatlarda tərəf olmayıblar: onlar sadəcə, Ermənistandan idarə olunan və maliyyələşdirilərək silahlandırılmış separatçı rejimin faktiki girov vəziyyətində saxlayaraq döyüşə yolladıqları canlı qüvvə olublar, vəssəlam.

Bütün bunlara rəğmən Ermənistanla erməni diaspor təşkilatları təzminat tələblərinə başlasalar, rəsmi Bakı yetərincə sadə, amma effektiv əks-tədbirə əl atacaq.

Ermənistanda yaşamış və 1988-ci ildən başlayaraq yurd-yuvalarını zorla, ölüm təhdidləri ilə, qətllər və işgəncələrdən sonra tərk etmək məcburiyyətində qalmış 700 min nəfərə yaxın azərbaycanlı qaçqın, habelə Qarabağ münaqişəsi başlayandan sonra Qarabağdakı ev-eşiklərindən didərgin salınan 300 minə yaxın azərbaycanlı məcburi köçkünlərin tələbləri beynəlxalq səviyyədə səslənəcək. Həmin tələblər onlara vurulmuş maddi və mənəvi ziyanlarla bağlı olacaq.

İlkin, səthi və təqribi hesablamalara görə, Azərbaycan bu tələbləri səsləndirərsə, Ermənistan minimum 450 milyard dollarlıq təzminat tələbi ilə üzləşə bilər.

İndi seçim Ermənistanın və ermənilərindir: yenə həyasızlıq etsələr, rəsmi Bakı tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq çox sərt, ağır cavab alacaqlar..

Elçin Alıoğlu

0