Rusiya Prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Azərbaycan-Ermənistan münasibətlərindən danışıb.
O deyib ki, Rusiya Ermənistan və Azərbaycanla təmaslarını davam etdirsə də, hələlik nizamlanma üzrə heç bir irəliləyiş yoxdur.
Maraqlıdır, irəliləyişin olmamasının əsas səbəbi nədir? Azərbaycanla Ermənistan arasında sülhə mane olan kimlərdir?
Mövzu ilə bağlı HİT.az-a açıqlama verən politoloq Turab Rzayev bildirib ki, burada bir neçə səbəb var:
"Səbəblərdən biri odur ki, Azərbaycanla Ermənistanın sülhlə bağlı şərtləri üst-üstə düşmür. Həm delimitasiya və demarkasiya məsələsi, həm sülhün haçan və harada imzalanacağı, həm də başqa mövzularla bağlı müəyyən fikir ayrılıqları var. Həmçinin, ölkələrin bu prosesə nə qədər səmimi yanaşdığı nüansını da qeyd etmək lazımdır. Ermənistan bir tərəfdən ilin sonuna kimi sülh müqaviləsi imzalamaqdan danışır, digər tərəfdən isə sürətli şəkildə silahlanır".
Politoloq diqqətə çatdırıb ki, bu prosesdə əsas yük və məsuliyyət vasitəçi ölkələrin üzərinə düşür:
"Bu məsələdə nə Rusiya, nə də Avropa ölkələri səmimidir. Rəsmi Moskva maksimum şəkildə prosesləri uzatmağa və sülh müqaviləsinin tezliklə imzalanmamasına çalışır. Hətta Kreml istəyir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması Ukrayna müharibəsindən sonraya qalsın.
Əslində Kreml sülh müqaviləsinin Rusiyanın vasitəçiliyi ilə olmasını istəyir. Amma Rusiya rəsmilərinin açıqlamalarından da görünür ki, bu prosesi gecikdirməyi hədəfləyirlər".
Ekspert qeyd edib ki, Qərb də vasitəçilik missiyasından istifadə edərək bölgədəki təsir gücünü artırmaq istəyir:
"Sonuncu Qranada sammitindən əvvəl həm Fransa, həm də Avropa İttifaqı tərəfindən verilən açıqlamalar onu göstərir ki, Qərb də bu məsələdə ədalətli mövqe tutmur. Onlar qərəzli davranaraq, daha çox Ermənistanın mövqeyindən çıxış edirlər.
Digər ölkələrin isə o qədər də təsir imkanları mövcud deyil. Məsələn, Gürcüstan vasitəçi kimi çıxış etmək istəyir, amma nə Azərbaycanda, nə də Ermənistanda təsir imkanları yoxdur. Ancaq sülh müqaviləsi imzalamaq üçün ən ideal platforma Tiflisdir".
Turab Rzayev onu da əlavə edib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalana bilər:
"Bunun üçün rəsmi İrəvan sülh prosesi ilə bağlı səmimi çıxış etməlidir. Yəni Ermənistan silahlanmağa və yeni terrorçu birliklər yaratmağa çalışmamalıdır. Hesab edirəm ki, Azərbaycanla Ermənistan ortaq mövqeyə gəlsə, vasitəçilər də həqiqətən neytral olsa, tərəflər arasında sülh müqaviləsi imzalana bilər".
Pərviz