Sülhməramlılar ordumuz haqda hansı məlumatı separatçılara ötürüb? - DETALLAR

SİYASƏT
09:34 / 30.10.2023
663

Qarabağda ləğv edilən qondarma rejimin sonuncu “başçısı” Samvel Şahramanyanın Ermənistanda verdiyi müsahibə bir sıra məqamları da ortaya çıxardı.

Şahramanyanın açıqlamalarında əsas diqqətçəkən məqamlardan biri 19 sentyabrda antiterror tədbirlərinin başlanmasından öncə Rusiya sülhməramlılarının separatçıları bu haqda məlumatlandırmasıdır.

Şahramanyan bildirib ki, sentyabrın 19-da səhər o, Rusiya sülhməramlılarının komandanı ilə görüşüb.

“Şuşadan aşağıda yerləşən Azərbaycan ordusunun mövqelərindən Rusiya bazasına yaxınlaşaraq, onlara tezliklə artilleriya atəşinin başlayacağı və şəxsi heyəti gizlətmək haqda məlumat verilib. Bu, hərbi əməliyyatın başlaya biləcəyinə dair ilk məlumat idi. Biz bu faktı Rusiya sülhməramlılarına təqdim etdik. Onların bundan xəbəri var idi və dəqiqləşdirmələrdən sonra bu fakt təsdiqləndi. Mənə məlum oldu ki, müəyyən müddətdən sonra başlayacaqlar. Mən ofisə çatandan yarım saat sonra başlandı”, - separatçı deyib.

Bu açıqlamada iki məqam xüsusilə diqqət çəkir.

Birincisi, separatçılar Azərbaycan hərbçilərinin Rusiya sülhməramlılarına dediklərindən necə xəbər tutub?

Şahramanyanın sözlərindən belə nəticə çıxır ki, onlara antiterror tədbirləri ilə bağlı ilk məlumatı Rusiya sülhməramlı kontingentinin rəhbərliyindən yox, Şuşa istiqamətindəki Rusiya bazasından əldə ediblər və bundan sonra sülhməramlıların komandanı ilə danışığa gediblər. Görünür, sülhməramlı kontingentin daxilində separatçılara informasiya ötürənlər var imiş.

İkincisi, Rusiya sülhməramlılarının rəhbərliyinin Azərbaycan Ordusunun hərəkətləri haqda separatçıları məlumatlandırmasıdır.

Şahramanyan əldə etdiyi məlumatı sülhməramlıların komandanına bildirib, o da təsdiq edib. Beləliklə, separatçılar müqavimət göstərmək imkanı qazanıblar.

Doğrudur, Rusiya sülhməramlıları antiterror tədbirləri zamanı müşahidəçi olaraq qaldılar və hadisələrə müdaxilə etmədilər. Bunu Şahramanyan da təsdiq edir, lakin ordumuzun hərəkətə keçməsindən öncə separatçılara məlumatın ötürülməsi bəlkə də daha çox itki verməyimizə və planlarda müəyyən dəyişikliklərə səbəb olub.

Asif Nərimanlı

0