Paşinyan Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyir: Sülh müqaviləsi imzalayacaq?

SİYASƏT
17:49 / 30.10.2023
519

Ermənistanın baş naziri Nikol Paşinyan yenə də Türkiyə ilə sərhədlərin açılması məsələsi barədə danışıb. 

Paşinyan bildirib ki, rəsmi İrəvan ümid edir ki, Ermənistanla Türkiyə arasında sərhədin açılmasına dair razılaşmalar yaxın vaxtlarda həyata keçiriləcək. Türkiyənin şərtlərindən biri də budur ki, Azərbaycanla-Ermənistan arasında sülh müqaviləsi imzalansa, o zaman sərhədləri açılacaq.

Paşinyan bir tərəfdən sülh müqaviləsindən qaçır, digər tərəfdən də deyir ki, Türkiyə ilə sərhədlər açılsın.

Bəs bu tərəfi bilinməyən açıqlamaların nəticəsi necə olacaq?

Politoloq Samir Hümbətov Hit.az-a açıqlamasında bildirib ki, Paşinyan sülh müqaviləsi imzalayacağı üçün belə açıqlamalar verir:


"Türkiyə ilə Ermənistan arasında indiki sərhədlərin bağlı qalmasının birinci səbəbi Azərbaycanla müharibə vəziyyəti idi. Eyni zamanda, Azərbaycanla sülh müqaviləsinin imzalanması Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına təsir edəcək amillərdir. Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan bildirdi ki, əgər Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalayacaqsa, o zaman münasibətlərin normallaşması  üçün maneə qalmayacaq.
 
O baxımdan düşünürəm ki, Türkiyə-Azərbaycan münasibətləri kontekstində Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün yeganə şərt Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamasıdır. Paşinyan da bunu yaxşı bilir. Bundan qaça bilməyəcəyini də yaxşı bilir. Əgər onu edəcəksə, deməli, müqavilə imzalana bilər. Yəqin ki, Paşinyan da buna gedəcək, bu addımı atacaq. Yəqin, proseslərdən dolayı o da düşünür ki, sülh müqaviləsi imzalayacaq, bunun da parlelində Türkiyə ilə münasibətləri normallaşdıracaq".

Aynur Əli

0