Ermənistanın iqtisadi cəhətdən çətin durumda olduğunu təsdiqləyən daha bir açıqlama verilib.
Belə ki, Ermənistanın maliyyə naziri Vahe Ovannisyan ölkəsinin dövlət borcunun büdcə kəsiri səbəbindən artırdığını söyləyib. O, Ermənistanın xərclərini ödəmək üçün müxtəlif mənbələrdən borc götürdüyünü də etiraf edib.
Ümumiyyətlə, Ermənistanın iqtisadi cəhətdən çox bərbad bir vəziyyətdə olduğu çox açıqdır. Onlar, bu maliyyə problemlərindən xilas olmaq üçün ilk növbədə Azərbaycanla sülh müqaviləsi imzalamalıdırlar. Yalnız Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq Ermənistanın düşdüyü iqtisadi vəziyyətdən xilas edəcək. Son zamanlarda erməni cəmiyyətinin də bu reallığı dərk etməyə başladığı özünü biruzə verir.
Politoloq Turab Rzayev HİT.az-a açıqlamasında bildirib ki, bu deyilənlər həqiqətdir:
"Ermənistan heç vaxt Azərbaycan və Türkiyə ilə düşmən münasibətdə qalaraq inkişaf edə bilməz. Təkcə iqtisadi inkişafdan, xarici ticarətin artmasından və əhalinin rifahından söhbət getmir. Hətta Azərbaycan və Türkiyə ilə uzun müddət düşmən münasibətində qalması Ermənistanın dövlət kimi məhvinə gətirib çıxara bilər. Bunu başa düşmələri isə çox müsbət bir haldır.
Nikol Paşinyan da Tiflisdəki sonuncu çıxışında bildirdi ki, Azərbaycanın və Türkiyənin Ermənistana deyil, İrəvanın həmin ölkələrə ehtiyacı var. İndi də Ermənistanın maliyyə nazirinin belə açıqlama verməsi onların artıq həqiqətə yaxınlaşdıqlarını göstərir".
Ekspert qeyd edib edib ki, Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalamağı arzulayır:
"Ağrı dağının dərsliklərdən yığışdırılması kimi addımlarla açıq şəkildə Türkiyəyə qarşı da düşmənçilikdən əl çəkmək istədikləri aydın olur. Artıq Ermənistan blokadada qalmaq istəmir və regional layihələrə qoşulmaq istəyir.
Hətta Paşinyan tərəfindən yeni ilə qədər sülh müqaviləsinin imzalana biləcəyi belə bəyan olunub. Düşünürəm ki, qarşı tərəf həm səmimi olsa və bu istiqamətdə ciddi addım atsa, həm də daxildəki şovinist qüvvələr və onları xaricdən dəstəkləyənlərdən çəkinməsə həqiqətən də bu il sülh müqaviləsinin imzalamasına çox yaxın ola bilərik".
Pərviz