Azərbaycan tarixinin misilsiz hadisəsi: "Xankəndi şəhərindən bütün dünyaya sülh mesajı veriləcək"

SİYASƏT
22:02 / 07.11.2023
728

"8 noyabr Azərbaycanın tarixi qələbə qazanmasının üçüncü il dönümüdür. Lakin bu ilin 8 noyabrı tamamilə fərqli atmosferdə, fərqli şəraitdə qeyd olunacaq". 

Bu sözləri Hit.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
O bildirib ki, bu  Azərbaycan tarixində misilsiz bir hadisədir:

"Əlbəttə, lokal xarakterli antiterror tədbirlərindən sonra müzəffər Ali Baş Komandan İlham Əliyevin prezidentlik dövrünün 20-ci ilində Xankəndi şəhəri üzərində üçrəngli bayrağımızı qaldırması yeni bir şəraiti formalaşdırdı. Məhz Xankəndi şəhərində hərbi parad keçiriləcək. Bu, Azərbaycanın müstəqillik tarixində görünməmiş, misilsiz tarixi hadisədir. Bu parad vasitəsilə Azərbaycan həm də revanş istəyində olan qüvvələrə mesaj verəcək. 200 illik erməni mifologiyası dəfn olunacaq. Dənizdən dənizə Ermənistan qurmaq istəyənlər, Azərbaycan torpaqları hesabına Ermənistan ərazisini genişləndirmək istəyənlər bu 
paradı diqqətlə izləməli olacaqlar. Bu paraddan özlərinə nəticə çıxarmalı olacaqlar. 
Bu paradın güclü siyasi ideoloji təsiri olacaq. Məhz Xankəndi şəhərindən bütün dünyaya sülh mesajı veriləcək. Azərbaycanın təhlükəsizlik və sabitlik marağında olduğu bəyan olunacaq. Böyük səbrsizliklə Xankəndi şəhərində keçiriləcək paradı gözləyirik. Bu hadisə münasibətilə indidən bütün xalqımızı təbrik etmək istəyirəm".


Qeyd edək ki, sabah, noyabrın 8-də Zəfər Günü münasibətilə Xankəndi şəhərində parad keçiriləcək.

Paradda Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Dövlət Sərhəd Xidmətinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, xüsusi təyinatlı və digər silahlı birləşmələrin keçidi olacaq.

Qənimət hərbi texnikalar da nümayiş etdiriləcək.

Aynur Əli

0