Gürcüstan Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmasında maraqlı deyil? - RƏY

SİYASƏT
14:44 / 14.11.2023
460

"Ermənistan Avropa İttifaqının aparıcı ölkələrindən biri olan Fransanın bu və ya digər şəkildə dəstəyi ilə Azərbaycanla imzalanması gözlənilən sülh müqaviləsini gecikdirməyə davam edir".

Bu sözləri politoloq Rusif Məmmədsoy HİT.az-a açıqlamasında bildirib.

O deyib ki, burada əsas diqqətçəkən məqam Gürcüstanla bağlıdır:
"Gündəmi zəbt edən əsas məsələlərdən biri də Gürcüstanın Fransanın tədarükü etdiyi silahları Ermənistana çatdırılmasına vasitəçilik  etmə missiyasını üstlənməsidir. Əlbəttə ki, enerji təhlükəsizliyi məsələsində bilavasitə Azərbaycandan asılı olan Gürcüstanın bu addımları bizi narahat etməyə bilməz. Bu nöqteyi-nəzərdən sözügedən ölkənin addımlarını bir neçə aspektdən dəyərləndirmək lazımdır. 

Rəsmi Tiflis indiyə qədər öz ərazisindən Ermənistana havadan və qurudan silah göndərilməsini qadağan etmişdi. Ancaq indi isə fərqli qərar qəbul olunur. Əslində Gürcüstan da başa düşür ki, Fransanın Ermənistana göndərdiyi hərbi texnikalar bölgədəki güc balansını heç bir halda dəyişməyəcək. Ancaq yenə də bu addım atılırsa, deməli, burada başqa məqsədlər var".

Ekspert qeyd edib ki, bu gün Tiflis neytral masa olaraq hər kəs üçün məqbuldur:
"Buna baxmayaraq, Gürcüstan son addımları ilə ondan imtina etmiş olur. Hesab edirəm ki, rəsmi Tiflis yaxın zamanda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında maraqlı deyil.

Nəzərə almaq lazımdır ki, Azərbaycana Avropaya çıxış üçün ərazi cəhətdən ən yaxın ölkə məhz Ermənistandır. Ancaq aramızda olan müharibə vəziyyətinə görə qaz xətləri Ermənistandan deyil, Gürcüstandan keçir. Rəsmi Tiflis də bunu çox yaxşı başa düşdüyü üçün yaxın perspektivdə də sözügedən logistik xətlərin öz ərazisindən keçməsində maraqlıdır".

Rusif Məmmədsoy diqqətə çatdırıb ki, indiki vəziyyətdə Ermənistanın silahlandırılması heç bir halda bölgədə yeni reallıqlara gətirib çıxarmayacaq:
"Həmçinin, güc balansı Ermənistanın xeyrinə dəyişməyəcək. Yəni bütün bunların İrəvan hakimiyyəti üçün heç bir faydası olmayacaq. Hazırda Ermənistanın yeganə çıxış yolu Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan keçir".

Pərviz

0