Kreml Paşinyanı cəzalandıracaq? - "Hakimiyyət dəyişikliyi yaşana bilər"

SİYASƏT
13:52 / 17.11.2023
558

Son zamanlarda Ermənistanla Rusiya arasındakı gərginlik artmağa davam edir.

Bu gərginlik xüsusilə rəsmi şəxslərin bəyanatlarında özünü biruzə verir. Elə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın açıqlamalarına baxmaq kifayət edir. O, demək olar ki, hər brifinqdə Nikol Paşinyan hakimiyyətini sərt sözlərlə tənqid edir. 

Lakin buna baxmayaraq, rəsmi İrəvan da öz siyasətindən geri addım atmır. Üstəlik, Ermənistanın anti-Rusiya siyasətini  getdikcə kəskinləşdiyi müşahidə olunur. Həmçinin, Paşinyan hakimiyyətinin Fransa və ABŞ-la da yaxınlaşması Kremlin qəzəbinə səbəb olur. Bütün bunların fonunda, Rusiyanın Ermənistanı cəzalandıracağı ehtimalları getdikcə artır.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov HİT.az-a açıqlamasında xatırladıb ki, Ermənistan KTMT-nin hərbi təlimlərində iştirakdan imtina etdi:

338013

"Buna baxmayaraq, daha sonra Ermənistanla ABŞ arasında 9 günlük birgə hərbi təlim keçirildi. Ardınca, rəsmi İrəvan tərəfindən Ukraynaya humanitar yardımlar edildi. Bununla yanaşı, Avropa İttifaqının mülki missiyası adı altında Rusiyaya qarşı olan Fransa, Almaniya və digər dövlətlərin qüvvələri Ermənistana yerləşdirildi. Son olaraq isə Roma Statutu təsdiqləndi. Bütün bunlar və digər addımlar İrəvanın Moskvanın boyunduruğundan çıxmaq siyasətinin bariz nümunəsidir. Lakin Kremlin də bunu bağışlamayacağı görünür".

Ekspert hesab edir ki, rəsmi Moskva əlini Ermənistanın üzərindən çəkməklə cəzalandırdı:

"Nəticə etibarilə, Azərbaycan Ermənistanı diz çökdürdü və 30 illik işğala son qoyuldu. Təbii ki, bu da rəsmi İrəvan üçün ciddi bir cəza hesab oluna bilər. Amma düşünürəm ki, burada Ermənistan dövlətinin və Nikol Paşinyanın cəzalandırılması prosesini fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, Ermənistandakı bütün anti-Rusiya meyillərinin arxasında bilavasitə Paşinyan hakimiyyəti dayanır. 

Ona görə də mütləq şəkildə Kreml tərəfindən Paşinyan hakimiyyətinin də  cəzalandırımasını gözləyirəm. Ermənistanda inqilab və ya hansısa formada hakimiyyət dəyişikliyi yaşana bilər. Fikrimcə, Rusiya tərəfindən bu addımlar atılacaq".

Pərviz

0