“Sərhəddə görüş” təklifinə “iclas” cavabı - Ermənistanın hiyləsi nədir?

SİYASƏT
22:30 / 22.11.2023
564

İrəvan Bakının danışıqların ikitərəfli əsasda başlanması və görüşün “qarşılıqlı məqbul məkanda və ya dövlət sərhədində baş tutması” təklifinə cavab verib. Cavabda qeyd olunur ki, “iki ölkə arasında sülhün bərqərar olması üçün real imkan var və bu, hər iki tərəfdən siyasi iradə olarsa, reallaşa bilər”. Və “bu iradənin nümayişi” kimi Azərbaycana təklif edirlər ki, dövlət sərhədində hər iki ölkənin delimitasiya-demarkasiya komissiyalarının iclası keçirilsin.

Bakı və İrəvan başqa-başqa məsələlərdən danışır.

- Azərbaycan təklif edir ki, sülh danışıqları dövlət sərhədində, yaxud hər iki tərəfin qəbul edəcəyi məkanda vasitəçisiz baş tutsun;
- Ermənistan təklif edir ki, sərhəddə demarkasiya komissiyalarının iclası keçirilsin;

Əslində İrəvanın Bakıya ünvanladığı bəyanat cavab yox, təklifdən ibarətdir. Bu isə Bakının “ikitərəfli format” istəyini yaxına buraxmaq istəmədiklərini göstərir. Ermənistan XİN-in bəyanatının mətni də danışıqların Qərb platformasında keçirilməsindən yana olduqlarını təsdiq edir. Demarkasiya komissiyalarının iclasının sərhəddə keçirilməsi təklifi isə Vaşinqtonun qarşısında “sülhdən qaçan” tərəf kimi görünmək istəməmələridir.

İkitərəfli formatda görüşü ABŞ təklif edib. Azərbaycan bu formatı əvvəldən dəstəkləyir, hətta məkan kimi bölgədə vasitəçilik uğrunda mübarizə aparan Qərb və Rusiya masasını yox, Tbilisini təklif edib. Bu formatla bağlı son çağırışdan sonra rəsmi Bakı sülh danışıqlarının dövlət sərhədində keçirilməsi ideyasını irəli sürdü.

Bu ideya Azərbaycan-Ermənistan danışıqlarında bir ilkdir. Bakı bununla həm də Qərb masasından imtina etməsinin Rusiya ilə bağlı olmadığını nümayiş etdirir. Ermənistan isə “demarkasiya komissiyalarının iclası”nı irəli sürməklə həm Bakının təklifinə cavab verdiyini göstərir, həm ABŞ-ın çağırışını dəstəklədiyini. Hərçənd, dövlət sərhədində sülh danışıqları təklifinə demarkasiya komissiyalarının iclası təklif ilə cavab vermək İrəvanın prosesi manipulyasiya etmək cəhdindən başqa bir şey deyil.

Asif Nərimanlı

0