"Rusiya və Fransa arasında Cənubi Qafqaz uğrunda mübarizənin kəskinləşməsinin səbəbi regiounun əhəmiyyətli olmağından xəbər verir".
Bu sözləri HİT.az-a açıqlama verən politoloq Rüstəm Tağızadə deyib.
O bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın qalib tərəf olması beynəlxalq münasibətlər sistemində güc balansını dəyişdi:
"Azərbaycanın uğurları həm Qərbdə, həm də Rusiyada narazılıqlarla qarşılandı. Fransa son aylar ərzində Ermənistana zirehli texnika satır. "Acmat" şirkətinin "Bastion" zirehli texnikası əhəmiyyətli silah olmasa da Fransanın məqsədi Ermənstanı silahlandırıb Cənubi Qafqazda yenidən münaqişə ocağı yaratmaqdan ibarətdir".
Ekspert qeyd edib ki, Fransa Rusiyanı Ermənistandan çıxara bilməz:
"Ermənistan dövlətinin iqtisadiyyatı əhəmiyyətli dərəcədə Rusiyadan asılıdır. Hətta son zamanlar Rusiya öz almazını Ermənistan vasitəsilə Avropa bazarlarına çıxardır. Geosiyasi aspektdən yanaşsaq Rusiyanın 102-ci hərbi bazası Ermənistan ərazisində yerləşir. Bu da Ermənistanın Rusiyadan asılılığının göstəricisidir.
Fransanın Afrikada siyasi-hərbi uğursuzluqlarını bütün dünya gördü. Afrikada olan uğursuzluqlarını Ermənistanla kompensasiya etmək istəyən Fransa Rusiya kimi güclü rəqiblə mübarizə aparmaq iqtidarında deyil. Onu da qeyd etmək lazımdır ki, Rusiya üçün Cənubi Qafqaz regiounu olduqca önəmlidir".
Rüstəm Tağızadənin sözlərinə görə, Fransanın Rusiyanı Ermənistandan çıxarması üçün ilk növbədə 102-ci hərbi baza Gümrüdən çıxmalıdır:
"Yaxın gələcək üçün bu hələ real görünmür. Ermənistanda siyasi hakimiyyət Qərbyönümlü olsa da iqtisadi və hərbi cəhətdən Rusiyadan asılılıq çoxdur. Buna baxmayaraq, Fransanın Ermənistana hərbi-siyasi yardımları davam edəcək. Rusiya isə hələlik gözləmə mövqeyindədir".
Pərviz