Aydın Hüseynov: “Azərbaycan AvroAsiya məkanında tranzit ölkə kimi rolunu artırır”

SİYASƏT
13:34 / 21.12.2023
503

Son illər ölkəmizdə mükəmməl nəqliyyat infrastrukturu yaradılıb. Yeni hava limanlarının inşası, Bakı Beynəlxalq Dəniz Ticarət Limanın gücünün artırılması və dəmir yolu infrastrukturunun şaxələndirilməsi, beynəlxalq avtomagistralların tikintisi və yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlər, Azərbaycanın nəqliyyat-logistika mərkəzinə çevrildiyini sübut edir".

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini üzvü Aydın Hüseynov Hit.az şərhində bildirib.

Millət vəkilinin sözlərinə görə, Aralıq dənizi, Qara dəniz və Xəzər dənizi hövzəsi ölkələrinin iqtisadi əlaqələrinin inkişa­fında mühüm əhəmiiyyət kəsb edən Avropa-Qafqaz-Asiya nəqliyyat sis­teminin Azərbaycan Respublikasının ərazisində kəsişməsi, Transxəzər və Transqafqaz nəqliyyat komplekslərinin respublikamızın nəqliyyat kompleksləri ilə əlaqələndirilməsi, ölkəmizdə nəqliyyat layihələrinin həyata keçirilməsinə geniş imkanlar yaradıb. 2022-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində, ümumilikdə, 51 milyon 421 min ton yük daşınıb ki, onun da 16 milyon 841 min tonu və ya 32,7 faizi dəmir yolunun, 6 milyon 612,6 min tonu və ya 12,9 faizi dəniz nəqliyyatının, 27 milyon 967 min tonu və ya 54,4 faizi avtomobil nəqliyyatının payına düşür.  2022-ci ildə Azərbaycan üzərindən tranzit daşımalarının həcmi isə 13 milyon 634,6 min ton təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 4 milyon 809 min ton çoxdur. Cari ilin əvvəlindən ölkəmizin ərazisi ilə daşınan beynəlxalq yüklərin həcmində isə təxminən 40 faiz artım qeydə alınıb.

A.Hüseynov bildirib ki, hazırkı geosiyasi proseslər Azərbaycanın beynəlxalq nəqliyyat daşımalarında strateji rolunu getdikcə artırır:

"Bu, Türkiyə, Rusiya və İrana daşımalarda Azərbaycan daşıyıcıların üstünlük qazanmasında da özünü büruzə verir. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə istifadəyə verilən beynəlxalq aeroportlar ölkəmizin hava nəqliyyatı ilə yükdaşımalardakı rolunu əhəmiyyətli dərəcədə artırır. Vətən müharibəsi nəticəsində ərazilərini işğaldan azad etdikdən sonra Azərbaycan bölgədə yeni reallqılar yaratmaqdadır. Xüsusilə də Mərkəzi Asiya ölkələrinin də təmsil olunduğu Türk Dövlətləri Təşkilatının bu bölgəyə inteqrasiyası güclənməkdədir. Yeni İpək Yolunun Orta Dəhlizinə çevrilən Azərbaycan Şərq-Qərb nəqliyyat magistralının əsas nöqtələrindən biri olan Mərkəzi Asiya ilə əlaqələri də gücləndirir. Xüsusilə də Zəngəzur dəhlizinin yaradılması Çin-Mərkəzi Asiya və Avropanın sıx inteqrasiyası artmış olacaq ki, bu prosesdə əsas xətt Azərbaycanın ərazisini əhatə etmiş olacaq. Eləcə də yeni hava limanları Qarabağ və Şərqi Zəngəzurun Azərbaycan iqtisadiyyatına inteqrasiyasını təmin etməklə yanaşı, işğaldan azad olunmuş ərazilərimizdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılmasına və bütövlükdə regionun ixrac potensialının genişləndirilməsinə imkan yaradacaq".

Sevinc

0