Prezident və birinci xanım Ağdamda: Təməllər atıldı, açılışlar oldu - YENİLƏNİB/FOTO

SİYASƏT
16:47 / 24.12.2023
615

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində salınacaq dördüncü yaşayış kompleksinin təməlinin qoyulması mərasimində də iştirak ediblər.

HİT.az xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma yaşayış kompleksi barədə məlumat verildi.

Bildirildi ki, ümumi sahəsi 14 hektara yaxın olan yaşayış kompleksinin salınacağı ərazinin bir hissəsi çoxfunksiyalı zonanı əhatə edir. Bu kompleksdə tikiləcək yaşayış binalarında ümumi sahəsi 137 min kvadratmetr təşkil edən 1080, o cümlədən 36 birotaqlı, 363 ikiotaqlı, 484 üçotaqlı, 197 dördotaqlı mənzil olacaq.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yaşayış kompleksi barədə videoçarxa baxdılar.

Qeyd edildi ki, yaşayış kompleksindəki binaların inşasında istilik tutumlu təbii materiallardan istifadə olunacaq. Binalar daimi su, elektrik enerjisi və yüksəksürətli internet ilə təmin ediləcək. İstilik və isti su təchizatı mərkəzi qazanxana sistemi ilə həyata keçiriləcək.

Kompleksdə, həmçinin idman meydançaları, istirahət guşələri, uşaq oyun meydançaları, velosiped yolları və avtomobil dayanacaqları yaradılacaq.

Dövlətimizin başçısı Ağdam şəhərində dördüncü yaşayış kompleksinin təməlini qoydu.


***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində salınacaq beşinci yaşayış kompleksinin təməlinin qoyulması mərasimində iştirak ediblər.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma yaşayış kompleksi barədə məlumat verdi.

Bildirildi ki, ümumi sahəsi 12 hektar olan yaşayış kompleksinin ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq. Kompleks şəhərin təsdiq edilmiş ümumi Baş planına uyğun salınacaq. Bu kompleksdə tikiləcək yaşayış binalarında ümumilikdə 1115 mənzil olacaq. Mənzillərdən 25-nin birotaqlı, 314-nün ikiotaqlı, 552-sinin üçotaqlı, 224-nün isə dördotaqlı olacaq.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yaşayış kompleksi barədə videoçarxa baxdılar.

Qeyd edildi ki, kompleksdəki binaların inşasında modern memarlıq yanaşmalarından və milli naxış elementlərindən istifadə olunacaq. Burada idman meydançalarının, istirahət guşələrinin, velosiped dayanacaqlarının və digər zəruri infrastruktur obyektlərinin yaradılması nəzərdə tutulur.

Bütün binalar daimi su, elektrik enerjisi və yüksəksürətli internet ilə təmin ediləcək. İstilik və isti su təchizatı mərkəzi qazanxana sistemi ilə həyata keçiriləcək. Binaların inşasında istilik tutumlu təbii inşaat materiallarından istifadə ediləcək.

Dövlətimizin başçısı Ağdam şəhərində beşinci yaşayış kompleksinin təməlini qoydu.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfər ediblər.

Dövlətimizin başçısı “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Ağdam” qovşaq yarımstansiyasının açılışında iştirak edib.

“AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısına stansiyada görülən işlər barədə məlumat verdi.

Ağdam rayonunun Xocalı rayonu ilə sərhədində yerləşən Şelli kəndi ərazisində “AzərEnerji” tərəfindən 110/35/10 kV-luq “Ağdam” qovşaq yarımstansiyası inşa edilib. “Ağdam” qovşaq yarımstansiyasına “Ağdam-1” yarımstansiyasından 10 kilometr məsafədə ikidövrəli olmaqla 110 kilovoltluq ötürmə xətti və bu xəttin üstündəki ildırımötürücü trosun içində 24 damarlı fiberoptik kabel xətti çəkilib.

Qeyd olunub ki, bu yarımstansiyanın Ağdamın Xocalı ilə sərhədində tikilməsinin xüsusi əhəmiyyəti vardır. Yəni, “Ağdam” qovşaq yarımstansiyası rayonun bəzi kəndləri ilə yanaşı, əsasən Xocalı, Əsgəran, Xocavənd, Ağdərə və Xankəndini ölkə enerjisisteminə qoşmaqla bərabər, həmçinin ehtiyat qida mənbəyi kimi regionun enerji təchizatında etibarlılığı təmin edir. Bunun üçün yarımstansiyada ehtiyat yuvalar da quraşdırılmışdı. Regionda suverenliyimiz bərpa olunduğundan yaxın vaxtlarda “Ağdam” qovşaq yarımstansiyasından Xankəndiyə 110 kilovoltluq ötürmə xətti çəkilərək 110/35/10 kilovoltluq “Şuşa” və “Füzuli” yarımstansiyaları ilə əlaqələndiriləcək. Bununla da ikitərəfli elektrik təchizatına nail olunacaq. Eyni zamanda, Xocalı, Əsgəran və digər kənd və qəsəbələrin 35 kV-luq elektrik təchizatı da “Ağdam” qovşaq yarımstansiyasından təmin ediləcək.

“Ağdam” qovşaq yarımstansiyasında 110 kV-luq açıq paylayıcı qurğu yaradılıb və açarların, ayırıcıların və digər texniki avadanlıqların açılıb-qoşulması, o cümlədən aktivlərin, proseslərin, resursların idarə edilməsi, qüsurların təcili aradan qaldırılması və başqa əməliyyatların proqram təminatı vasitəsilə avtomatik həyata keçirilməsi təmin edilib. Yarımstansiyanın yeni tikilən İdarəetmə Mərkəzində isə 35 və 10 kV-luq rəqəmsal qapalı paylayıcı qurğular yerləşdirilib. Bununla yanaşı, Mərkəz əks-qəza avtomatikası, mikroprosessor tipli rele mühafizəsi, avtomatika və idarəetmə panelləri, sabit və dəyişən cərəyan qurğuları ilə təmin edilib. Yarımstansiyada müasir tələblərə cavab verən mikro SCADA sistemi yaradılıb və “AzərEnerji”nin mərkəzi SCADA sistemi ilə sinxronlaşdırılıb.

Dövlətimizin başçısı “Ağdam” qovşaq yarımstansiyasını işə saldı.

Qeyd edək ki, buna qədər 2022-ci il fevralın 13-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə “AzərEnerji”nin yeni tikilən 110/35/10 kV-luq “Ağdam-1” yarımstansiyası və onun yaxınlığında tikilən “Qarabağ” Regional Rəqəmsal İdarəetmə Mərkəzi istismara verilib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində “İmarət” Kompleksində aparılan təmir-bərpa işləri ilə tanış olublar.

Dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verildi.

Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq abidələrindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi Azərbaycan ərazisində yayılmış digər xan saraylarından fərqlənərək dəbdəbəli ev xüsusiyyəti daşıyıb. İşğal altında olmuş ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi, Pənahəli xanın imarəti də işğalçılar tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb.

Burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar - İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarı olub. Qarabağ xanlarının nəslindən olan digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. Lakin Ağdam şəhəri işğal olunduqdan sonra qəbiristanlıq da erməni vandalizminə məruz qalıb. İbrahimxəlil xanın türbəsi və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsi ermənilər tərəfindən dağıdılıb.

Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq Pənahəli xanın sarayının yerləşdiyi “İmarət” Kompleksinin bərpa edilməsi üçün işlərə başlanılıb. Kompleksin bərpası ilə bağlı xarici mütəxəssislər tərəfindən hazırlanmış konsepsiya 2022-ci il oktyabrın 4-də dövlətimizin başçısına təqdim olunub və işlərə başlanılıb. Konsepsiyaya əsasən, kompleks Pənahəli xanın sarayı, türbələr və Qarabağ atları parkından ibarət olacaq, xanın sarayı bərpa edilərək interaktiv muzey kimi fəaliyyət göstərəcək.

Xarici mütəxəssislərin Ağdama səfərləri çərçivəsində sahənin inspeksiyası və çəkilişləri aparılıb, arxiv materialları araşdırılıb, beynəlxalq təcrübəyə əsaslanaraq bərpa və dizayn layihələri hazırlanıb. Kompleks ümumilikdə 3,3 hektar ərazini əhatə edəcək.

“İmarət” Kompleksindəki tarixi qəbiristanlıqda mövcud beş türbə qalığı tədqiqat sahəsinə daxil edilib. Türbələrin içi və ətrafı erməni işğalçılarının bu abidələrin daxilində qurduğu donuzçuluq təsərrüfatının tullantılarından və digər qalıqlardan təmizlənib.

Tədqiqat nəticəsində burada çox sayda müsəlman qəbirləri, daş abidələrin fraqmentləri - başdaşıları, sinədaşıları, antik dövr sütun bazası, antropomorf büt aşkarlanıb. Ərazidə xüsusilə kəllə və alt çənə sümükləri, çox sayda insan skeletinin fraqmentləri tapılıb. Onların arasında xan nəslinə aid olan qədim sərdabə tipli qəbirlər də yer alıb. Burada sovet dövründə dəfn edilənlərin qəbirlərinin böyük bir hissəsi vandalizmə məruz qalıb. Ərazidə aşkarlanan sümüklərdən DNT nümunələri götürülüb, qəbirlərin identifikasiyası üzərində araşdırmalar davam etdirilir.

Erməni işğalçılar tərəfindən məzarların sinədaşı və başdaşıları sındırılıb, bir çoxu müxtəlif məqsədlə istifadə üçün qəbiristanlıq ərazisindən çıxarılıb.

Kompleksin ərazisində arxeoloji tədqiqatların aparılması məqsədilə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu bu ilin aprelində Ağdam şəhərinə mütəxəssislərdən ibarət elmi ekspedisiya göndərib. Tədqiqatlar zamanı tapıntıların foto və videoçəkilişləri həm fotoaparat, həm də kvadrokopterlə aparılıb. Tədqiqatlar nəticəsində müəyyən edilib ki, “İmarət” Kompleksinə aid olan tarixi qəbiristanlığın ərazisi 6 min kvadratmetrdir. Cari ilin sonunadək Kompleksin ərazisindəki tarixi qəbiristanlıqda arxeoloji tədqiqat işlərinin birinci mərhələsi yekunlaşacaq. Burada tədqiqat işlərinin ikinci mərhələsinə başlanılacaq.

Kompleksin tam bərpası üçün vəsaitin Qarabağ Dirçəliş Fondu tərəfindən ayrılması nəzərdə tutulur.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhər Mərkəzi parkının təməlinin qoyulması mərasimində iştirak ediblər.

Dövlətimizin başçısına və birinci xanıma parkda görüləcək işlər barədə məlumat verildi.

İşğaldan azad olunmuş ərazilərdə infrastrukturun yenidən qurulması ilə yanaşı, həmin yerlərdə ekoloji tarazlığın bərpası, yeni yaşıllıq sahələrinin və parkların salınması istiqamətində də ciddi addımlar atılır.

Ağdam şəhərinin yeni Baş planına əsasən salınacaq park 5 hektar ərazini əhatə edəcək. Parkın layihəsi Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri nəzərə alınmaqla hazırlanıb.

Mərkəzi parkın ümumi ərazisi dörd zonaya ayrılacaq. Şəhər meydanı, Botanika bağı, Çəmənlik və Meşəlik zonalarında mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılacaq. Burada, həmçinin su oyun zonaları, çay evləri, istirahət və iaşə obyektləri, mədəni və öyrədici meydançalar, təhsil və sağlamlıq sahələri və aktiv oyun zonaları fəaliyyət göstərəcək. Müxtəlif ağac növlərinin və dekorativ kolların əkiləcəyi Ağdam şəhər Mərkəzi parkında istirahət etmək, idmanla məşğul olmaq istəyənlər üçün hər cür şərait yaradılacaq.

Parkın salınması ərazidə ekoloji tarazlığın bərpasına ciddi töhfə verməklə yanaşı, həm Ağdam sakinlərinin, həm də şəhərin qonaqlarının, turistlərin istirahəti üçün ən gözəl məkanlardan birinə çevriləcək.

Prezident İlham Əliyev Ağdam şəhər Mərkəzi parkının təməlini qoydu.

Sonra dövlətimizin başçısı və birinci xanım Mərkəzi parkın ərazisində ağac əkdilər.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam şəhərinin daxili yollarında aparılan işlərlə tanış olub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmiş Ağdam şəhərinin Baş planına əsasən şəhərin daxili yollarının ümumi uzunluğu 189,7 kilometr təşkil edir. Şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.

Ağdam şəhərinin daxili yollarının 6 tip en kəsiyinə uyğun tikilməsi nəzərdə tutulub. Hər bir tip en kəsiyinin əhəmiyyətinə uyğun olaraq, hərəkət zolaqlarının sayı 2-8 ədəd, yaşıllıq zolağının eni 1,5-3 metr, velosiped zolağının eni 1,5 metr, piyada zolağının eni isə 4-6 metr təşkil edir. Bu yolların birinci mərhələdə uzunluğu 58,7 kilometr təşkil edən hissəsi müsbət ekspertiza rəyi alıb.

Qeyd edildi ki, magistral şəhər yollarının uzunluğu 17,5 kilometrdir. Eni 55-60 metr təşkil edəcək bu yol 6-8 hərəkət zolağından ibarət olacaq. Ümumşəhər əhəmiyyətli yolların uzunluğu 50, yerli əhəmiyyətli yolların ümumi uzunluğu isə 122,2 kilometr təşkil edəcək. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq Ağdam şəhərinin daxili yollarının tikintisi 2026-cı ildə başa çatdırılacaq.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam rayonunun Qiyaslı kəndinin təməlini qoyub.

Dövlətimizin başçısına kənddə görüləcək işlər barədə məlumat verildi.

Bildirildi ki, kənd tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Kəndin ümumi ərazisi 400 hektara yaxındır. Qiyaslı kəndində 4972 nəfərin məskunlaşması planlaşdırılıb. Kənddə ümumilikdə 1323 fərdi evin tikilməsi nəzərdə tutulub.

Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 145 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 2546 nəfərin köçürülməsi üçün 656 fərdi ev tikiləcək.

Vurğulandı ki, kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün də hər cür şərait yaradılacaq. Burada əhali mədəniyyət və əyləncə mərkəzləri, dini, xidmət, kommersiya müəssisələri, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə işlə təmin olunacaqlar.

Qiyaslı kəndində 540 şagird yerlik məktəb, 180 yerlik isə iki uşaq bağçası və digər sosial obyektlər inşa olunacaq.

Kənddə enerji daşıyıcılarına qənaət etmək məqsədilə alternativ enerjidən istifadə olunacaq.

Prezident İlham Əliyev Qiyaslı kəndinin təməlini qoydu.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bərdə-Ağdam avtomobil yolunun açılışında iştirak edib.

Dövlətimizin başçısına görülən işlər barədə məlumat verildi.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra edilən yol infrastrukturu layihələrindən biri olan Bərdə-Ağdam avtomobil yolunun təməli 2021-ci il mayın 28-də Prezident İlham Əliyev tərəfindən qoyulub.

Bildirildi ki, başlanğıcını Bərdə şəhərindən götürən avtomobil yolunun uzunluğu 44,5 kilometrdir. Avtomobil yolu dörd hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilib.

Bərdə-Ağdam avtomobil yolunun 25-ci və 40-cı kilometrlik hissələrində 91,3 metr və 18,2 metr uzunluğunda avtomobil körpülərinin, yolun 14-cü və 42-ci kilometrlik hissələrində isə 66 metr və 43 metr uzunluğunda yol qovşaqlarının və 4-cü, 14-cü və 16-cı kilometrlik hissələrində yerüstü piyada keçidlərinin tikintisi uğurla icra olunub. Nəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolboyu üfüqi nişanlanma xətlərinin çəkilişi, yol nişanlarının və məsafə göstəricilərinin, həmçinin müasir məlumatverici lövhələrin quraşdırılması işləri icra olunmaqla yol beynəlxalq standartlar çərçivəsində istifadəyə verilib.

Qeyd edək ki, Bərdə-Ağdam avtomobil yolunun ilk 14 kilometrlik hissəsi Bərdə şəhəri və rayonun bir neçə yaşayış məntəqəsinin daxilindən keçir. Ümumilikdə isə yol Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, sözügedən həmin rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edir.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonunda Xaçınçay su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak ediblər.

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.

Bildirildi ki, Xaçınçay su anbarının 7 kilometr uzunluğunda kanalla birlikdə təmiri və bərpası aparılıb.

Ağdam rayonu ərazisində yerləşən Xaçınçay su anbarı 1964-cü ildə istismara verilib. Anbarın ümumi su tutumu 23 milyon kubmetr, bəndin hündürlüyü 44 metr, uzunluğu 940 metr, su səthinin güzgü sahəsi isə 176 hektar təşkil edir. Su anbarının yerləşdiyi ərazi 28 il işğal altında olduğundan bu mənbədən ümumilikdə suvarılan 7 min hektar torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranmışdı.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva su anbarında görülən işləri əks etdirən videoçarxa baxdılar.

Dövlətimizin başçısı Xaçınçay su anbarını işə saldı.

Qeyd edildi ki, texniki sxemlə Xaçınçay su anbarına daxil olan sular tənzimlənərək, ümumi suburaxma qabiliyyəti saniyədə 3,2 kubmetr olan əsas magistral kanala ötürülür. Kanalın başlanğıc 6,64 kilometr hissəsi də bəndlə bərabər təmir və bərpa olunub. Su anbarında yeni inzibati bina və gözətçi binası, təmir emalatxanası və nasosxana tikilib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam rayonunun Salahlı Kəngərli kəndinin təməlini qoyub.

Dövlətimizin başçısına kənddə görüləcək işlər barədə məlumat verildi.

Bildirildi ki, kənd tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Kəndin ümumi ərazisi 178 hektara yaxındır. Salahlı Kəngərli kəndində 1376 nəfərin məskunlaşması nəzərdə tutulub. Layihə üzrə kənddə ümumilikdə 418 fərdi ev tikiləcək.

Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 99 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 850 nəfərin köçürülməsi üçün 150 fərdi evin tikilməsi planlaşdırılır.

Diqqətə çatdırıldı ki, kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün də hər cür şərait yaradılacaq. Burada əhali müxtəlif təyinatlı obyektlərdə və kənd təsərrüfatı sahələrində işlə təmin olunacaqlar.

Salahlı Kəngərli kəndində 480 şagird yerlik məktəb, 80 yerlik isə uşaq bağçası və digər sosial obyektlər inşa olunacaq.

Kənddə enerji daşıyıcılarına qənaət etmək məqsədilə alternativ enerjidən istifadə olunması nəzərdə tutulur.

Prezident İlham Əliyev Salahlı Kəngərli kəndinin təməlini qoydu.

0