Qarabağ separatçılarının sonuncu başçısı Samvel Şahramanyan verdiyi sözə əməl etməyib.
Belə ki, o, qondarma rejimin özünü buraxması ilə bağlı "fərman"ı geri götürüb. Onun təzyiqlərə tab gətirə bilməyərək bu addımı atmağa məcbur olduğu görünür.
Bəs bundan sonra nə olacaq?
İlk növbədə, Şahramanyan və ya Ermənistanın istəməsindən asılı olmayaraq sözügedən qondarma rejim artıq tarixin zibilliyinə göndərilib. Bu cəhdlərin heç biri də onu bərpa etməyə imkan verməyəcək. Çünki artıq bölgədəki reallıqlar tamamilə dəyişib. Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə bərpa edib və ərazilərində separatçıların kökünü kəsib. Bundan sonra Şahramanyanın hansısa kağız-kuğuza imza atması heç nəyi dəyişməyəcək.
Amma bu, Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarına əngəl törədəcək. Çünki Ermənistanda Şahramanyan kimi separatçıların mövcudluğu və ölkəmizə qarşı ərazi iddialarını gündəmə gətirmələri qəbuledilməzdir. Həmçinin, Savmel Şahramanyanın bu addımının reinteqrasiya prosesinə də mənfi təsir göstərəcəyi də proqnozlaşdırılır.
Üstəlik, onun "qərar"ını ləğv etməsinə Nikol Paşinyan hakimiyyətinin mane olmaması da prosesləri qəlizləşdirir. Hətta bəzi erməni mənbələri Şahramanyana sözügedən addımı atmaq üçün Paşinyanın da təzyiq göstərdiyini yazır. Deməli, Ermənistan növbəti dəfə verdiyi sözlərin əksinə hərəkət edir. Rəsmi İrəvan ilin sonuna qədər sülh müqaviləsinin imzalanmaq ehtimalından danışsa da, hərəkətdə başqa addımlar atır. Beləliklə, Paşinyan hər zaman olduğu kimi vədinə sadiq olmadığını əyani olaraq nümayiş etdirir.
Lakin Şahramanyanın bu addımı əslində Paşinyanın əleyhinədir. Çünki, onun "fərman"ını geri götürməsindəki əsas məqsədi Ermənistan büdcəsindən özünü buraxmış qondarma rejim üçün ayrılan vəsaitləri itirməməkdir. Şahramanyan indi də öz xəyallarını Ermənistanın daxilində icra edə bilmək üçün belə bir qərar verdi. Ona görə ki, yanvar ayından etibarən separatçılara ödəniləcək məbləğlər tamamilə dayandırılacaqdı. Onu da nəzərə alaq ki, onlara mitinq üçün icazə verilmir və ofisləri əllərindən alınırdı.
Şahramanyan da Ermənistanda daha rahat fəaliyyət göstərmək, ayrılan pullardan məhrum olmamaq, hətta öz yalanlarını gündəmə gətirərək Qərbdən belə maliyyə dəstəyi almağı hesablayır. Şahramanyan özü bir də heç vaxt Xankəndiyə qayıda və Azərbaycan ərazisində separatçı rejim qura bilməyəcəyini çox gözəl anlayır. Yəni separatçıların sonuncu başçısının yeganə məqsədi maliyyə əldə etməkdən ibarətdir...
Pərviz