Şahramanyan Ermənistanda yeni qondarma qurum yaradır?

SİYASƏT
15:46 / 26.12.2023
553

Separtizm artıq Ermənistan ərazisinə yayılmağa başlayıb.

30 il ərzində Azərbaycanın tarixi torpaqlarında separatçılıqla məşğul olan Ermənistan indi özü bu bəla ilə üz-üzə qalmaq təhlükəsi yaşayır. Belə ki, Qarabağ separatçılarının sonuncu başçısı Samvel Şahramanyanın qondarma qurumun ləğvi ilə bağlı "fərman"ını geri götürməsi buna səbəb ola bilər.

Çünki qondarma qurumun bir də əsla Azərbaycan ərazilərində mövcud olmasının mümkün olmadığını hər kəs bilir. Şübhəsiz ki, Şahramanyan özü də, ona havadarlıq edənlər də bunu yaxşı dərk edirlər. Şahramanyan maliyyə məsələlərinə görə separatçı rejimini buraxmaq "qərar"ından geri addım atdı. Əslində isə onun hansısa "qərar"lar verməsi heç nəyi dəyişməyəcək. 

Nəzərə almaq lazımdır ki, nə real olaraq, nə də kağız üzərində belə bir qurum mövcud deyil. Hətta onun mövcud olduğu iddia olunan illərdə belə başda Ermənistan olmaqla, heç bir dövlət tərəfindən tanınmamışdı. Çünki terrorçuların uydurduqları hansısa qurum legitim hesab edilə bilməz. Əksinə, bütün dünya Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu reallığını hər zaman təsdiqlədi. Nəticə etibarilə də Azərbaycan öz legitim haqqından istifadə edərək beynəlxalq hüququ və tarixi ədaləti bərpa etdi.

İndiki vəziyyətdə isə maraqlı bir mənzərə ortaya çıxıb. Deməli, Şahramanyan bundan sonra qondarma qurumun "fəaliyyətlər"ini məhz Ermənistanda icra edəcək. Faktiki olaraq, Ermənistanda özünü "prezident" adlandıran, "fərman" imzlayan şəxs sayı 2 olacaq. Bu isə əlbəttə ki, Konstitusiyasının kobud şəkildə pozulması deməkdir. 

Elə buna görə də, Ermənistanın hakim “Vətəndaş müqaviləsi” fraksiyasının katibi Artur Hovhannisyan Samvel Şahramanyanına çox sərt təpki göstərib:
"Samvel Şahramanyan kimdir ki, İrəvanda fərman imzalasın?! İrəvanda və Ermənistanda yalnız və müstəsna olaraq Ermənistan Respublikasının qanuni rəhbərliyinin fərman və qərarları qüvvədədir”.

O, belə addımların qanundan kənar sayılacağını və bu addımı atanların sərt şəkildə cəzalanacağını deyib. Düzdür, Hovhannisyanın bu açıqlaması Şahramanyanın sözügedən addımından bir gün öncə verilib. Amma zaman fərq etmir. Reallıq budur ki, hansısa ölkənin ərazisində belə bir rejimin varlığı o ölkənin hakimiyyətinə birbaşa təhdiddir.

Görünür, tarix Ermənistanı cəzalandırır. Artıq Nikol Paşinyan özü separatçılarla qarşı-qarşıya qalıb. İndi Savmel Şahramanyan kimi separatçıların əməlləri birbaşa Ermənistan iqtidarına təhlükə hesab olunacaq. Çünki həmin separatçıların gələcəkdə Ermənistanın hansısa bölgəsini özlərinin "ölkəsi", "paytaxtı" elan etməyəcəyinə zəmanət yoxdur. Onların xəstə təfəkkürə malik insanlar olduğunu nəzərə alsaq, bunun reallaşma ehtimallarını istisna edə bilmərik...

Pərviz

0