Azərbaycanla Ermənistan arasındakı danışıqlarda ən uyğun format hansıdır? - ŞƏRH

SİYASƏT
13:40 / 27.12.2023
632

"Hesab edirəm ki, Azərbaycanla Ermənistan arasındakı danışıqlar ya vasitəçilərin iştirakı ilə, ya da onlayn formatda aparılacaq".

Bu sözləri politoloq Aydın Quliyev HİT.az-a açıqlamasında bildirib. 

O deyib ki, hələlik bu barədə danışmaq çətindir:

"Öncə danışıqların hansı formatda daha üstün şəkildə gedəcəyi müəyyənləşməlidir. Danışıqlarda Rusiya, Avropa İttifaqı və ABŞ-nin vasitəçilik etmək istədiyi bəllidir. Danışıqlar prosesi bərpa olunduqdan sonda bu formaların hansının daha uyğun olduğu görünəcək. Azərbaycan üçün sülh danışıqlarının hansı formatda gedəcəyinin ciddi bir əhəmiyyəti yoxdur. 

Çünki rəsmi Bakının aydın mövqeyi var, geosiyasi xətti bəllidir və xarici siyasətdə də müstəqil hərəkət edir. Belə şəraitdə, bizim üçün danışıqların Moskva, Brüssel və ya Vaşinqtonda keçirilməsinin elə də önəmi yoxdur".

340765

Amma politoloq burada müəyyən xırda detalların olduğunu da diqqətə çatdırıb:

"Xüsusilə Brüssel formatında Fransa və Almaniya kimi ölkələrin rəhbərlərinin danışıqlarda iştirakı Azərbaycan üçün qəbuledilməzdir. Amma ümumən bütün formatlar ölkəmiz üçün məqbuldur. 

Ermənistan isə danışıqların Moskvada keçirilməsində maraqlı deyil. Rəsmi İrəvan danışıqların Brüsseldə və ya Vaşinqtonda aparılmasını istəyir. Qərb formatlarında əldə olunmuş razılaşmaların həyata keçməsinə Rusiya imkan vermir, Moskvada əldə olunmuş nəticələrin icrasına isə Qərb mane olur".

Aydın Quliyev vurğulayıb ki, belə şəraitdə Azərbaycan unikal çıxış yolu təklif edib:

"Bu da ikitərəfli sülh danışıqlarının başlanılmasıdır. Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanda da bu təklifi səsləndirdi. İndiki şəraitdə Gürcüstanda ikitərəfli danışıqların bərpa olunması çox ideal bir variantdır. Düşünürəm ki, ən uyğun variant tərəflər arasında ikitərəfli danışıqların aparılmasıdır. Belə olan halda Azərbaycanla Ermənistan arasında Gürcüstanda və yaxud da sərhəddə sülh müqaviləsi imzalana bilər". 

Pərviz

0