Seçkilərdən sonra hansı islahatların aparılması gözlənilir? - RƏY 

SİYASƏT
14:14 / 09.01.2024
700

"7 fevralda keçiriləcək prezident seçkilərindən sonra ölkədə fundamental islahatların aparılması ilə bağlı cəmiyyətin gözləntisi var".

Bu sözləri Hit.az-a açıqlama verən politoloq Aydın Quliyev deyib.

O bildirib ki, bu gözləntilər əsaslıdır:

"Hesab edirəm ki, ölkənin yeni Konstitusiyasının qəbul olunması fundamental bir islahat olardı. Fikrimcə, bunun baş verməsi cəmiyyətin də gözləntilərinə uyğun olacaq. Çünki ölkənin yeni Konstitusiyaya ehtiyacı var. Bəlkə də bu, seçkilərdən sonra reallaşa bilər.

Azərbaycan artıq ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Azərbaycan qalib ölkədir və yeni zəfər Konstitusiyasına ehtiyacı var. Bu da öz növbəsində fundamental islahatlar üçün yeni bir mərhələ açacaq və onun hüquqi çərçivəsini müəyyənləşdirəcək".

341438

Ekspert qeyd edib ki, artıq Azərbaycanda bütün separtizm ocaqları söndürülüb:

"Belə bir şəraitdə unitar dövlətin daxilində muxtar respublikanın olmasına ehtiyac yoxdur. Ona görə də Naxçıvanın Muxtar Respublika olması ləğv oluna bilər. Fikrimcə, muxtariyyəti saxlanılması şərtilə Naxçıvan adından Respublika sözünün götürülməsinə ehtiyac var. 

Bundan başqa, bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsi yaxşı olardı. Həmçinin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini əks etdirən yeni parlament sisteminə keçilməsinə ehtiyac var. Parlamentin üzlərinin sayının artırılması ilə bağlı da məsələyə baxmaq olar. Düşünürəm ki, ölkə idarəçiliyində parlamentin fəallığının da artırılması lazımdır".

Aydın Quliyev əlavə edib ki, iqtisadi, sosial, mədəniyyət və digər sahələrdə aparılan islahatlar məqbul sayıla bilər:

"Amma seçkilərdən sonra fundamental və struktur islahatlarının yeni mərhələsinin açılacağını gözləmək olar. Məncə, bunun da ən real yolu yeni Konstitusiyasının qəbul olunmasıdır". 

Pərviz

0