Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi Moskvada imzalanacaq? - RƏY 

SİYASƏT
11:34 / 19.01.2024
561

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanla Ermənistan arasındakı sülh danışıqları barədə açıqlama verib. 

Onun sözlərinə görə, tərəflər arasındakı sülh müqaviləsi Moskvada imzalana bilər:
"Azərbaycan Rusiya platformasında Ermənistanla sülh sazişi imzalamağa hazırdır və bu, faktdır. İrəvanın buna nə dərəcədə hazır olduğu hələ məlum deyil".

Ümumiyyətlə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi Rusiyada imzalana bilər? 

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən politoloq Rusif Məmmədsoy bildirib ki, Azərbaycan üçün yekun sülh müqaviləsinin harada imzalanacağının ciddi bir əhəmiyyəti yoxdur:

"Bu, bizim üçün xüsusi önəm kəsb etmir. Əslində, Azərbaycanla sülh müqaviləsi imzalamaq Ermənistan üçün olduqca vacibdir. Sülh müqaviləsi olmadıqdan sonra proseslərin müsbət istiqamətində inkişafını söyləmək bir qədər çətindir". 

342045

Ekspert qeyd edib ki, rəsmi İrəvan sülhdə maraqlı deyil:

"Ermənistanın Baş naziri Nikol Paşinyan və onun komandası hələ 32 erməni kəndinin Azərbaycanın nəzarətində olduğunu iddia edir. Hətta bununla bağlı absurd açıqlamalar verirlər. Təbii ki, bunlar həqiqəti əks etdirmir. 

Əslində Ermənistana sual vermək lazımdır ki, söhbət hansı kəndlərdən gedir? Hansı sənədə, hansı xəritəyə görə o kəndlərin özlərinə aid olduğunu iddia edirlər? Məsələnin mahiyyəti məhz budur. Rəsmi İrəvan bütün bunları müzakirə etmək istəmir. 

Çünki Ermənistan sülh müqaviləsinin imzalanmasında səmimi deyil. Onu buna təhrik edənlər də Qərbdəki bəzi dairələrdir. Onlar da Rusiya prorseslərdən kənarda olmasını istəyirlər. Amma Azərbaycan üçün fərqi yoxdur. Bizim həm Rusiya, həm də Qərblə münasibətlərimiz var". 

Rusif Məmmədsoy vurğulayıb ki, Azərbaycan yekun sülh müqaviləsinin imzalanmasını və kommunikasiyaların açılmasını istəyir:

"Azərbaycan Ermənistanı müharibədə məğlub edib və ona kapitulyasiyaya imza atdırıb. Bu gün də şərtləri Azərbaycan diqtə edir. Çünki biz qalib tərəfik, beynəlxalq hüquq da bizim yanımızdadır. Əslində Azərbaycan bundan sonra da beynəlxalq hüququ əsas götürərək hərəkət edə bilər. 

Məsələn, BMT-nin 51-ci maddəsini əsas götürərək sərhədimizdə təhlükələr vəd edən detalları aradan qaldıra bilərik. Ancaq Azərbaycan bölgəyə sülhün gəlməsini və normal münasibətlərin bərpa olunmasını istəyir. Lakin çox təəssüf ki, Ermənistan hələ də Azərbaycanın sülh çağırışlarına adekvat cavab vermir".

Pərviz

0