AŞPA-nın Azərbaycana qarşı qərəzli mövqeyinə səbəb nədir? - RƏY

SİYASƏT
11:16 / 24.01.2024
605

"AŞPA-nın hazırda Azərbaycana qarşı yürütdüyü düşmənçilik siyasəti ümumavropa strukturlarının ölkəmizlə bağlı apardığı siyasətin tərkib hissəsidir".

Bu sözləri politoloq Aydın Quliyev Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bu gün Avropa strukturları və təşkilatlarının Azərbaycanla bağlı siyasətlərinin vahid mərkəzdən idarə olunduğuna şübhə yoxdur:

"Biz buraya Avropa Parlamentinin ölkəmiz əleyhinə qəbul etdiyi müxtəlif düşmən qətnamələrini, Avropa Şurasına Parlament Assambleyasının məlum müzakirələrini və ölkəmizdə qərəzli monitorinq cəhdlərini qeyd edə bilərik. 

Həmçinin, digər Avropa strukturlarında da Azərbaycana münasibətdə sərgilənən qərəzli siyasətlə bağlı bu fikirləri söyləmək mümkündür. Yəni bütün Avropa təşkilatlarının ölkəmizə münasibəti qərəzli və düşmənçilik motivlərindən qidalanır. Buna görə də onların siyasətləri bir-birinə bənzəyir".

Həmsöhbətimiz diqqətə çatdırıb ki, AŞPA-nın Azərbaycana qarşı belə yanaşmasında müəyyən səbəblər var:

342346

"Bu, onların Azərbaycana qarşı yeni təzyiq niyyətindən xəbər verir. Görünən odur ki, ölkəmizin Vətən müharibəsində və ondan sonrakı dövrdə əldə etdiyi nailiyyətlər kimlərisə razı salmır.

Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi, işğalçı qoşunları ölkədən çıxarması və separtizm ocağını birdəfəlik söndürməsi Avropada qısqanclıq yaradır. Üstəlik, Avropa strukturları Azərbaycanın suverenliyinin tam bərpasını həzm edə bilmir və öz mənafeləri üçün müəyyən təhlükələr görür".

Aydın Quliyev vurğulayıb ki, bəzi dairələr öz suverenliyini və müstəqilliyini tam bərpa etmiş güclü Azərbaycana Ermənistan kimi alətlərin köməyi ilə təsir göstərməyin mümkün olmadığını başa düşürlər:

"Ona görə də artıq Avropa strukturları aqressivləşirlər. Onlar, Azərbaycanın müstəqil siyasət yeritməsi və bunun lazımi nəticə verməsindən məmnun deyillər. Azərbaycanın güclənməsi isə Qərbdəki müəyyən qüvvələrin planlarına uyğun deyil. AŞPA-da müzakirəyə çıxarılan məsələlər Azərbaycana qarşı düşmən niyyətinin daha bir təzahürüdür. Yəni ölkəmizə təzyiq göstərmək üçün edilən uğursuz cəhdlərdən biridir". 

Pərviz

0