"Ermənistan öz daxilində baş verən siyasi proseslər və İkinci Qarabağ müharibəsindən sonra Konstitusiyasına dəyişiklik etmək məcburiyyətində qalıb".
Bu sözləri politoloq Rüstəm Tağızadə Hit.az-a açıqlamasında deyib.
O qeyd edib ki, dövlətçiliyi kimi qondarma olan Ermənistan Konstitusiyasında Azərbaycanın tarixi torpağı olan Qarabağa ərazi iddiaları var:
"Həmçinin, orada Türkiyənin şərq ərazisi olan Vana da ərazi iddiası öz əksini tapıb. Bundan başqa, əvvəllər Ermənsitanda bəzi dairələr yarı prezidentlik idarə üsulu haqqında söz açıblar. Ona görə də, Konstitusiya dəyişikliyi üçün əsaslar var.
Məsələ ondan ibarətdir ki, Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycanın torpaqlarını işğal altında saxladı. Bu işğalın konsepsiya və siyasi ideologiya kimi Konstitusiyada öz əksini tapması Ermənistan üçün yaxşı heç nə vəd etmir".
Ekspert hesab edir ki, 2024-cü ildə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması gözlənilir:
"Ancaq Ermənistanın ana sənədində qondarma ideologiyanın olması Azərbaycan və Cənubi Qafqaz regionu üçün təhlükə yaradır. Bu isə Azərbaycanın milli təhlükəsizlik maraqlarına cavab vermir. Amma təbii ki, Nikol Paşinyan bunu sülh müqaviləsinin imzalanması üçün etmir.
O, hakimiyyətdə qalmaq və Ermənistanın öz təhlükəsizliyi üçün bu addımları atır. Çünki Paşinyan üçün Azərbaycanla sülh müqaviləsinin imzalanması daha yaxşı nəticələrə gətirib çıxaracaq. Ancaq mövcud hökumət bunu başa düşməli və sülh müqaviləsinin imzalanması üçün əməli addımlar atmalıdır".
Rüstəm Tağızadə diqqətə çatdırıb ki, Ermənistan Konsitusiya dəyişikliyi etməməsi Azərbaycan tərəfindən də etirazla qarşılanacaq:
"Artıq iki ölkə arasında diplomatik kanallar vasitəsilə fikir mübadiləsi aparılır. Buna görə Nikol Paşinyan Konsitusiya haqqında çox düşünməli və bizə qarşı ərazi iddiası olmayan yeni ana sənəd üçün referendum keçirilməlidir. Bu yol Azərbaycanın da milli maraqlarına cavab verən ən düzgün yol olacaq".
Pərviz