AŞPA- nın Yenidən Azərbaycana qarşı atdığı bu addım Erməni Lobbisi qarşısında açizliyini bir daha açıq aydın numayiş etdirdi

SİYASƏT
18:47 / 29.01.2024
815

Bildiyimiz kimi, Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib, nümayəndə heyəti bununla bağlı bəyanat verib.

Bu qərar AŞPA-da Azərbaycan nümayəndə heyəti üzvlərinin etimadnamələrinin qəbul edilməməsi barədə avropalı deputatların çağırışlarından sonra verilib.

Assambleya rəsmi Bakının öz üzərinə götürdüyü “öhdəlikləri” yerinə yetirmədiyi qənaətinə gəlib və bu barədə qətnamə qəbul edib. AŞPA-nın belə mövqeyinin formalaşmasına səbəb olan amillərə keçmədən öncə belə bir sual meydana çıxır. AŞPA Azərbaycanla bağlı öz öhdəliklərini yerinə yetiribmi? O, öz tarixi missiyası və öhdəliyini yerinə yetirməyibsə üzv dövlətlərdən bunu necə tələb edə bilir? 30 ildir Azərbaycanlıların adi insani hüquqlarının vəhşicəsinə tapdalanmasını nədən görməzdən gəlmişlər? AŞPA-nın Qətnaməsində deyilir ki, rəsmi Bakı ölkədə pluralist demokratiya və qanunun aliliyi, eləcə də fundamental insan hüquq və azadlıqlarına hörmətlə bağlı öhdəlik götürsə də, bu müddət ərzində bu tələbləri həyata keçirməyib. 

Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti AŞPA- nın qərəzli yanaşmasına kifayət qədər məntiqi dəlillərlə əsaslandırılmış cavab vermiş və tutarlı cavabı öz bəyanatında bildirmişdir. Baxmayaraq ki, Assambleya məcburi qanunlar qəbul etmək səlahiyyətinə malik deyil. Bununla belə, o, ikili standartlara əsaslanan mövqeyini gizlədə bilməyərək açıq şəkildə qərarlar qəbul edir.

Səbəblər məlumdur. Azərbaycan dövlətinin milli maraqlara əsaslanan müstəqil siyasətinin həzm edilə bilməməsi, eyni zamanda erməni lobbisinin təsir dairəsinə düşmək. Eləcə də ölkəmizdə yaxınlaşan prezident seçkilərinə dair qərəzin öncədən planlı şəkildə ifadəsi.
Böyük öndərimiz Heydər Əliyevə görə “Böyük siyasəti xırda hisslərə, kiçik mənfəətlərə bağlamaq olmaz”. Düşünürük ki, AŞPA yetkililəri bu həqiqəti anlamamış deyildirlər. Milli dirçəliş ruhu yeni dövr siyasi fəlsəfəsinin son paradiqması olmasa da ümumbəşəri tərəqqi prosesinin əsası olduğu tarixi epoxa baxımından diqqətlayiq olmalıdır. Ümumbəşəri, əbədi ruhun təbiətindən irəli gələn əxlaqi qanunlar öz aktuallığını itirməməlidir. AŞPA-nın sərgilədiyi davranışlarda Hegelin hüquq fəlsəfəsində açıqladığı azadlıqdan və ədalətdən əsər-əlamət yoxdur. 

Ona görə ki, demokratiya və insan hüquqları carçısı olsalar da milli ayrı-seçkilikdən, islamafobiyadan və hegemonluq mərəzindən qurtula bilməmişlər. Halbuki, Azərbaycanda və bir sıra inkişaf etməkdə olan ölkələrdə Avropa dəyərlərinə - sivilizasiyanı təmsil edən, insan hüquqlarını rəhbər tutan demokratik dəyərlərə hörmət və inam bəslənilir. Lakin, hazırda Qərbin özündə obyektiv dərrakədən subyektiv dərrəkayə keçid baş verdiyini təsadüfi hesab etmirlər. Səbəb kimi qeyd edirlər ki, əsasları dözməyən obyektivist fəlsəfə çökmüşdür. Elm və siyasət taleyüklü problemlər barədə susaraq,  şeytani qüvvələrə xidmət etməyə başlamışdır. Müəyyən qrup maraqlarına xidmət etməyən təfəkkür xeyirsiz və səmərəsiz sayılır.  Biz isə inanırdıq ki, Avropa demokratiyanın, ədalətin və mədəniyyətin beşiyidir.  Bəşəriyyətin taleyi bu günü və gələcəyi ədalət anlayışı ilə bağlıdır. Əks halda azadlıq və demokratyanın heç bir dəyəri olmayacaqdır.   

Bu nöqteyi- nəzərdən bəşəri dəyərlərə, sivilizasiyaya , dünya mədəniyyətinə xidmət etməyən  əql, elm və siyasət ifşa olunmalıdır. Həqiqi mənada, epoxanı o insanlar təmsil etməlidirlər ki, dünyanın problemlərini qrup maraqlarından üstün tutur və qüruba enməkdə olan sivilizasiyanın ədalət işığının sönməsinin qarşısını almaq üçün hər cür fədakarlıqlara hazırdırlar. Bəs cəlladları mələk obrazında görən və ədalət uğrunda mübarizədə deqradasiyaya uğrayan beynəlxalq siyasi elita bəşəriyyətə nə verə bilər? Əslində AŞPA kimi beynəlxalq təşkilatların  vəzifəsi sülhsevər və ədalətsizliyə uğramış ölkələrin və millətlərin səsini eşitmək və onların səsinə səs verməkdir. Təəssüflər olsun ki, dünyann obyektiv reallıqları subyektiv düşüncə pəncərələrindən həll olunduğu təqdirdə dünyaya ayaq açan və xeyiri ifadə etməyən şər bayraqlı xaos ocaqları tüğyan edəcəkdir. Bütövlükdə beynəlxalq ictimaiyyət belə məsələlərə biganə olmamalıdır. 

Ümumbəşəri mədəniyyətin, dünya cəmiyyətinin tərəqqisi ilə bağlı problemlərin həlli, azadlıq və müstəqillik, ədalət və bərəbərliklə  bağlı məsələlər diqqətdə saxlanılmalıdır. Dünyanın itirilməkdə olan mənəvi dəyərlərinin uğurla müdafiə olunmasında AŞPA kimi beynəlxalq təşkilatlar kifayət qədər əhəmiyyətli rol oynaya bilər. Əfsuslar olsun ki, biz tamamilə əks mənzərənin şahidi oluruq. Tarixin sınağından uğurla çıxmış Qərb liberalizminin  bu gün ciddi problemlərlə üzləşdiyi və ciddi  böhran keçirdiyini düşünməkdəyik. Bu böhranın da səbəbləri daha çox ruhi-mənəvi amillərlə bağlıdır. Alman tarixçi filosofu Osvald Şpenqler "Avropanın qürubu" əsərində Qərbi Avropa mədəniyyətinin süquta uğrayaraq böhranlı, dramatizmlərlə dolu sivilizasiya fazasına daxil olduğunu öncədən söyləyənlərdən biri olmuşdur. Lakin, çıxış yolları vardır. Azərbaycan kimi müasir dəyərlər yaratmağa qabil olan dövlətlərin təcrübəsinə hörmət və ədalətlə yanaşılmalı və uyğun şəkildə  multikultural mədəniyyət təşviq olunmalıdır. Avropa liberalizmi dünya ölkələrinin əyalət rolunda çıxış etməsinə deyil, onların ümumdünya inkişafında yer almasına dəstək göstərməli, azadlıq, demokratiya və sivilizasiyanı istismar edən, bu yüksək dəyərlərdən korporativ maraqlar naminə sui-istifadə edən millətciklərə qarşı bir sipər rolunu oynamalıdır. Ədalətsiz hökmranlığa can atmaq həqiqi mədəniyyəti mənasızlaşdırır. Avropa liberalizmi korrupsionist lobbilərin mənəviyyatının ifadəsinə çevriləcəyi halda bəşəriyyətin taleyinin dumanlı mənzərəsi bütün dünyanın narahatlığı üçün səbəbdir.           

Qafqaz regionu və  Azərbaycana nəzər yetirsək bu ölkənin dünyaya qaranlıq deyil od və işıq gətirdiyini gək istəməyənlər də görə bilərlər. Ötən il Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilmiş beynəlxalq konfransda Prezident İlham Əliyevin söylədiyi nitq Qafqazda yeni reallıqların mahiyyətinə və Azərbaycanın yaratdığı imkanların regiona təsirinə dair mühüm əhəmiyyətə malikdir. Qafqazda uzunmüddətli və dayanıqlı sülhün olması qacılmazdlır və başqa niyyətə Azərbaycan imkan verməyəcək. Prezident İlham Əliyev konfransda bunlara aydınlıq gətirərkən demişdir: “Biz Qarabağı yenidən qururuq, iqtisadiyyatımızı gücləndirmək üçün resurslarımızı səfərbər edirik, çünki onsuz gözəçarpan vəsaitləri ayırmaq asan olmaz. Eyni zamanda, biz Qafqazda sülh gündəliyini təşviq edirik. Hesab edirəm ki, bütün istiqamətlərdə təşəbbüs bizim əlimizdədir. Həmin təşəbbüs sülhə xidmət edir və etməlidir”. 

Bu fikir regiondakı mənzərəni və reallığı tam ifadə etməklə, həm də Cənubi Qafqazda əməkdaşlığın elementlərinə və təsisatlarına əsaslanan qarşılıqlı etimad mühitinin yaradılmasına olan zərurəti qarşıya qoyur. Hazırda Azərbaycan üçün ən vacib məsələlərindən biri işğaldan azad edilmiş torpaqlara qayıdış məsləsidir. Qayıdış sadəcə bu günün deyil, yaxın bir neçə ilin ən önəmli məsələsi olaraq gündəmimizdə qalacaq, dövlətimizi və xalqımızı məşğul edəcəkdir. Məsələnin ictimai-syasi, iqtisadi, hərbi, mədəni və ən önəmlisi də strateji önəmi nəzərə alındığında isə Qayıdış prosesinin birinci dərəcəli dövlət məsələsi, milli məsələ kimi öncəlikli gündəm maddəsi olaraq daim ictimaiyyətin diqqət mərkəzində olmsı lazımdır. Bu regional inkişaf  həm də dünyanın tərəqqipərvər cəmiyyətinin uğuru kimi dəyərləndirilə bilər. 

Yeri gəlmişkən bildirmək istəyirəm ki, Bütün Azərbaycan xalqı Azərbaycanın milli maraqlarını ləyaqətlə təmsil edən və öz xalqından güc alan Prezident İlham Əliyevin yanındadır. Heç bir haqsız təzyiqlər vətənimizi haqlı yoldan döndərə bilməyəcəkdir. İnanırıq ki, AŞPA kimi təşkilatlar da öz fəaliyyətlərindəki neqativləri pozitiv istiqamətə çevirə biləcəkdir. Dünya pasifistlər haqlı olaraq düşünürlər ki, sülh insanlar arasındakı ədalətli, dinc və harmonik münasibətləri də özündə ehtiva edir. Bu nöqteyi nəzərdən də görünür ki, bəşəriyyət üçün sülhün  alternativi yoxdur. Sülhdən daha yaxşı ola bilən alternativ yoxdur. Bu döyüşməyi yaxşı bacaran Azərbaycan xalqının humanist xarakteri və mövqeyidir. Son olaraq AŞPA-nın ayılması üçün Böyük Alman mütəfəkkiri İohan Qotfrid Herderin fikrini xatırlatmaq istərdim: “Tarix onun üçün yazılıb ki, bütün bu qarışıqlıqlardan sonra insan, nəhayət, öyrənib bilsin ki, onun xoşbəxtliyi özbaşınalıq üzərində deyil, varlığının mayasını təşkil edən keyfiyyətlər- ağıl və ədalət üzərində qurulmuşdur”.
   
Həqiqət  Aslan  qızı  Hacıyeva        
Dillər Universietinin dosenti, filologiya üzrə fəlsəfə doktoru, Çəmbərək rayon Qərbi Azərbaycan İcmasının  Xarici Əlaqələr Şurasının sədri, Cənbərək  rayon  Qərbi Azərbaycan qadınlar  şurasının  üzvü

0